Milli teleseriallara ictimai reaksiyalar başladı

Azərbaycanda serial ənənəsi yeni yarandığı üçün hələ tam olaraq formalaşmayıb. Bu ilin may ayının 1-dən etibarən telekanallarda yayımlanan əcnəbi seriallar dayandırıldıqdan sonra tamaşaçılara milli teleseriallar təqdim edilməyə başladı. Yerli telekanalların, demək olar ki, hamısı serial çəkilişləri ilə məşğul olur.

Məlumdur ki, istehsal edilən serialların hamısı dövlət vəsaiti hesabına çəkilir. Yəni bu prosesdə sponsorların maliyyə yardımından istifadə edilmir. Bu gün televiziya ekranlarında yeni mövzularda çəkilən, cəmiyyətin müxtəlif problemlərindən bəhs edən seriallar görünür. Burada diqqət çəkən məqamlardan biri odur ki, bu seriallarda bütün nəsillərə mənsub olan aktyorlar rol alır. Bir müddət əvvələ qədər aktyor və aktrisalarımız əcnəbi seriallarda rol alan həmkarlarına baxıb köks ötürürdü. Hətta o aktyorların serial çəkilişlərindən əldə etdiyi yüksək qonorarla özlərinin teatrdan, dublyajdan, bəzən isə kinodan əldə etdikləri cüzi gəliri müqayisə edənlər də vardı. Bəllidir ki, il ərzində dövlət sifarişilə 6-7 film çəkilir, bu filmlərdə də çox zaman eyni aktyorlar rol alır. Aktyor və aktrisaların böyük hissəsi isə işsiz qalır, sənətə olan həvəsləri sönürdü. Adları aktyor-aktrisa olsa da özləri işsiz-gücsüz insanlara çevrilmişdi. Amma dövlət başçısı İlham Əliyevin serial çəkilişlərinə vəsait ayrılması ilə bağlı imzaladığı sərəncam həm televiziyaların yaradıcılıq siyasətinə serial yeniliyi gətirdi, həm də aktyor və aktrisaların əli qoynunda işsiz-gücsüz dayanmasına son qoydu. Çəkilən serialların sırasına baxdıqda görürük ki, burada həm hər kəsin tanıyıb bəyəndiyi görkəmli səhnə, kino xadimləri, həm də gənc nəsil aktyorlar çəkilir. Mütəxəssislərin bildirdiyinə görə, serial çəkilişlərinə müstəqilliyimizin ilk illərində başlanmalı idi. Onlar hesab edir ki, vaxtında respublikada seriallar çəkilsəydi, indi bizim bu sahədə həm təcrübəmiz olacaqdı, həm peşəkar serial rejissorları, prodüsserləri meydana çıxacaqdı, həm də aktyorlarımız uzun illər filmlərə çəkiləcəyi günü gözləməyəcəkdi. Yerli telekanalların çəkdiyi serialların maraq doğurduğunu deyən kinoşünaslar bildirir ki, milli seriallarımız özünün hələ uşaqlıq çağını yaşayır, odur ki, burada nəzərə çarpan hər hansı bir qüsur tənqid hədəfinə çevrilməməlidir. Əksinə, tamaşaçılar və peşəkarlar serial çəkən rejissorlara daha məzmunlu, maraqlı serial mövzuları, ideyaları verməlidir. Son həftələrin araşdırmaları göstərir ki, milli seriallarımızı izləyən seyrçilər onların səviyyəsindən narazı deyil. Müəyyən şeyləri çıxmaq şərtilə tamaşaçılar seriallarımızı maraqla qarşılayır. Şəhər sakinlərilə söhbətimizdə onlar bildirdi ki, Azərbaycanda belə səviyyəli serialların çəkilməsi onlar üçün gözlənilməz olub.

Milli serialların çəkilməsi aktyor və rejissorların, kinodramaturqların həyatında yeni bir cığır açacaq. Bu, Azərbaycanda böyük bir aktyor heyətinin işə cəlb edilməsi, öz istedadları hesabına maddi gəlir əldə etməsi deməkdir. Serial nə qədər çox çəkilərsə aktyorlar da bir o qədər çox qonorar qazanar, bununla da tədricən maddi sıxıntıdan xilas olar. Bizdə bir neçə dəfə seriala bənzər nə isə çəkilib. Amma orada nə sənət, nə aktyor ifaçılığı, nə digər cəhətdən heç bir çəkicilik olmadığı üçün onlar nümayiş olunmayıb. Azərbaycanın bəzi tanınmış aktyor və aktrisaları aldadılaraq o seriallara (?) çəkilib. Bu serialların ideya müəllifi və sponsorları bəzi özəl şirkətlər olub. Həmin şirkətlər də tanınmış aktyor və aktrisaları aldadaraq onlara vəd etdikləri qonorarı ödəməyib. Uzun müddət özəl prodakşnların çəkdiyi filmlərdən yan qaçan aktyorlarımız açıqlamalarında deyirdi ki, dövlət bu işə müdaxilə etməsə, hər yoldan ötən aktyoru işlədib ya qonorarını verməyəcək, ya da pulunu kəsəcək. Bir çoxları ümumiyyətlə seriallara çəkilməkdən imtina etdiyini bildirib. Amma televiziyaların çəkdiyi və çəkilişlərini davam etdirdiyi seriallar aktyorların fikrini dəyişməsinə səbəb olub. Çünki onlar bilir ki, serialda çəkildiklərinə görə normal qonorar alacaqlar. Serial çəkilişləri aktyorların üzünə yeni bir qapı açdı. Bu onların sosial rifahının yaxşılaşmasına səbəb olacaq. Məlumatlara görə, Türkiyə, Rusiya kimi serial ənənəsi mövcud olan ölkələrdə aktyorlar daha çox qonorar qazanır. Azərbaycanda isə hələ bu ənənə formalaşmadığı üçün yerli aktyor və aktrisalar elə də yüksək qonorar almır. Məsələn, Rusiyada aktyor serialda ikinci-üçüncü planda obraz yaradırsa, ona bir rola görə 8-10 min manat (AZN) pul verilir. Bizdə isə baş rola görə aktyora heç 2-3 min manat verilmir. Azərbaycan aktyorları çox vaxt kinodan, serialdan aldıqları mənəvi qidanı maddiyyatdan üstün tutur. Serialların kütləvi xarakter alması aktyorların sevincinə səbəb olub. Onlar bildirir ki, serial nə qədər çox çəkilsə aktyorlar da bir o qədər fəaliyyətdə olar.

Seriallarda çəkildiklərinə görə normal qonorar almaq istədiklərini deyən aktyor və aktrisalar hesab edir ki, tədricən serialların büdcəsi daha da artacaq.

Bəzi aktyorlar bildirir ki, peşəkarlar bu sahəyə cəlb edilsə, Azərbaycanda serial çəkmə ənənəsi formalaşar və ölkəmiz serial istehsalında irəliyə gedər. Aktyorlar bildirir ki, lap işi yüksək səviyyədə qurub, serialların nümayişindən gəlir də əldə etmək olar…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO