Milli Məclisin deputatı EPAS İdarə Heyətinin iclasında iştirak edib

Fransanın Strasburq şəhərində Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İdarə Heyətinin 9-cu iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Milli Məclisinin üzvü Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak edib.

Tədbiri Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) Katibliyi açaraq EPAS-ın hazırkı fəaliyyətləri və 2015-ci il üçün büdcəsi və proqramı barədə geniş məlumat verib.

Avropa Şurasının Konvensiyalar Komitəsi tərəfindən həyata keçirilmiş fəaliyyətlər və Avropa Şurasının “İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nı üzv ölkələr tərəfindən imzalanıb ratifikasiya edilməsi sahəsindəki vəziyyət barədə ümumi məlumat verilib.

Nümayəndə heyəti iclas zamanı çıxış edərək ölkəmizdə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi məqsədilə “Bədən tərbiyəsi və idman” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildiyi barədə məlumat verib.

Qeyd olunub ki, ilk dəfə keçirilən Avropa Oyunları ərəfəsi qəbul edilən bu qərar mühüm əhəmiyyət kəsb edir. Həmçinin Avropa Şurasının “İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nın ratifikasiya edilməsi üçün görülən müvafiq işlər barəsində məlumat verilib.

“İdmanda gender məsələləri”, “Uşaq və gənc idmançıların miqrasiya ilə bağlı təhlükələrdən müdafiəsi” və “Qəfəsdə döyüş kimi qaydasız döyüşlərin qadağan olunmasına” dair Tövsiyələrin müzakirəsi zamanı həmin məsələlərin ölkələrdə həyata keçirilməsi vəziyyəti barədə ekspertlərin fikirləri dinlənilib, milli səviyyədə idman nazirliyinin və federasiyaların birgə fəaliyyətinin vacibliyi vurğulanıb və bu sahədə ən yaxşı təcrübələrin toplanması və internet vasitəsi ilə paylanması qərara alınıb.

Tədbir çərçivəsində Azərbaycanı təmsil edən nümayəndələr tədbir iştirakçılarına gələn ay ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı ətraflı məlumat verib. Tədbir iştirakçılarına tanıtım materialları paylanılıb.

Tədbirdə müzakirə edilən əsas mövzulardan biri də Azərbaycan Gənclər və İdman Nazirliyinin Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) Katibliyi ilə birgə iyunun 13-də Bakıda “İrimiqyaslı idman tədbirlərində sosial davamlılığın dəstəklənməsi” mövzusunda Avropa Şurası idman nazirlərinin qeyri-formal görüşünün təşkili olub.

Adı çəkilən tədbirdə ilk Avropa Oyunlarının açılış mərasiminə artıq qeydiyyatdan keçmiş 30-a yaxın idmana məsul nazirlərin iştirakı gözlənilir. Tədbirin təşkili ilə bağlı görülən işlər barədə də geniş məlumat verilib.

Səfər çərçivəsində həmçinin Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) Katibliyinin icraçı direktoru cənab Stanislas Frossardla görüş zamanı Avropa Şurası idman nazirlərinin qeyri-formal görüşünün təşkilati məsələləri ilə bağlı müzakirələr aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO