Milli mətbuatın 139 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 22 iyul – Milli mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsini elan edib.

Fonddan SalamNews-a verilən məlumata görə, KİVDF “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsinə başlayır. Müsabiqə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi; qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi; azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi kimi istiqamətləri əhatə edir.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır). Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc olunmalıdır.

Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır. Yazıların qəbulu mayın 20-dən başlayır və iyulun 10-da başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

– mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
– materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
– yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
– ictimai maraqların müdafiəsi.

Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 10 həvəsləndirici mükafat müəyyən edilir. İki qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur, 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

– See more at: http://salamnews.org/az/news/read/127043#sthash.w6xZwLol.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO