Milli kimliyimizin formalaşmasında dini dəyərlərin roluna dair müzakirələr aparılıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar davam edir.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev moderatorluq etdiyi tədbirdə milli kimliyimizin formalaşmasında dini dəyərlərin roluna dair geniş fikir mübadiləsi aparılıb.

Diskussiyada Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, institutun əməkdaşı Şəms Bağırova, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Dilavər Əzimli, Fəlsəfə İnstitutunun Heydər Əliyev irsi və azərbaycançılıq nəzəriyyəsi şöbəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, ssenarist, kino mütəxəssisi Nadir Bədəlov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy iştirak ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi var. İnsanlar – mən azərbaycanlılar haqqında danışıram – gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir; bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”, – sözləri ilə başlanıb.

Qeyd olunub ki, kimlik bir fərdin və ya xalqın tanınması üçün onu digərlərindən ayıran xüsusiyyətdir. Milli kimlik xalqa məxsus vacib mədəni dəyərlər sistemində onun əlamətlərini özündə ehtiva edən başlıca amildir.

Müzakirələrdə milli kimliyimizin gücləndirilməsi üçün bəşəriyyətdə baş verən prosesləri nəzərə alaraq, dinimizin düzgün təbliğinin təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan tolerant ölkə olaraq, müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Vətənimizdə ayrı-ayrı etiqad və inanclara malik nümayəndələrin min illərlə əmin-amanlıq şəraitində birgə yaşadığınıı vurğulayan alimlər etnik mədəniyyətlərin müxtəlifliyinin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqına məxsus humanizm və çoxmillətlilik dəyərlərinin xüsusi rola malik olduğunu bildiriblər.

Müzakirələr zamanı tədqiqatçılar Azərbaycanda dini təhsilin əhəmiyyətindən söhbət açıb, milli kimliyimizin qorunmasına fakt kimi vəhdət namazının qılınmasını nümunə göstəriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO