Qardaş Türkiyənin tanınmış yazıçısı İskəndər Pala sentyabrın 16-da Bakıya gəlib.
Yazıçı öncə “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) rəhbər heyəti ilə görüşüb. Hörmətli qonağı və onun xanımını salamlayan millət vəkili, ABAİ İB sədri Qənirə Paşayeva onların respublikamıza səfərindən məmnunluq duyduğunu, səfər münasibəti ilə zəngin proqram tərtib olunduğunu bildirib. Qənirə Paşayeva İskəndər Pala kimi ünlü roman ustasının, alimin səfərinin və onun iştirakı ilə keçiriləcək tədbirlərin mədəni həyatımızda yaddaqalan hadisə olacağına inam ifadə edib.
İskəndər Pala Bakıya səfərə gəlməkdən, qardaş ölkə Azərbaycanda çoxsaylı oxucuları olması və burada sevilən imzalardan biri olduğunu eşitməsindən dərin məmnunluq duyduğunu bildirib. O, kitablarının Azərbaycancaya uyğunlaşdırılaraq yayınlanmasından da məmnunluq bildirərək, qarşılılıq ədəbi əlaqələrin, kitab nəşrinin və mübadiləsinin mədəniyyətin inkişafına xidmət etdiyini vurğulayıb.
Sonra qonaq və onun xanımı Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Yazıçı İçərişəhərlə, o cümlədən Şirvanşahlar Saray komleksi ilə tanış olub.