Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru professor Rafael Hüseynovun “Ay xanım – Məhsəti Gəncəvi” adlı kitabı çapdan çıxıb. Bu kitab R.Hüseynovun uzun illər apardığı araşdırmaların məhsuludur. O, araşdırmalara hələ sovet dövründə – 70-ci illərin sonu – 80-ci illərin əvvəllərində başlayıb. Ötən müddət ərzində tədqiqatçı sual doğuran məsələləri daha dərindən öyrənmiş, araşdırmanı yeni mənbələr, şairənin həyatı ilə bağlı faktlarla zənginləşdirib. Bu tədqiqatla R.Hüseynov göstərmişdir ki, Məhsəti, bəzilərinin hesab etdiyi kimi, uydurma ədəbi obraz olmayıb, o, real tarixi şəxsiyyətdir. Yaradıcı həyatı Gəncədə keçsə də, Məhsəti Şərqin qədim şəhərlərinə də çoxlu səyahətlər edib. Müəllif dahi şairənin klassik poeziya ilə yaxından tanış olduğunu, əsərlərində daha təkmil metafor nümunələrindən, poetik fiqurlardan istifadə etdiyini yazır. M.Gəncəvi Azərbaycan poeziyasında ilk dəfə olaraq şəhraşub janrına müraciət edib. Tədqiqatçı qeyd edir ki, Azərbaycan poeziyası tarixində Məhsəti rübai pərgarı olub. Qeyd edək ki, bu böyük həcmli tədqiqat işində Azərbaycan, rus, tacik, özbək, fars, türk, Avropa dillərində müxtəlif mənbələrə istinad edilib