Azərbaycan Mətbuat Şurasında “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, mərasimdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, mətbuat orqanlarının rəhbərləri, alim və tədqiqatçılar iştirak edib.
MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, kitabda yer alan məqalələr Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsidir. O deyib ki, kitaba M. Ə. Rəsulzadənin 1915-1916-cı illərdə “İqbal”, “Yeni iqbal”, “Açıq söz” qəzetlərində, “Qurtuluş” məcmuəsində işıq üzü görən 200-ə yaxın əsəri daxil edilib.
Sonra çıxış edən Milli Məclisin deputatı Aqil Abbas, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz və digərləri Ş. Hüseynovun Rəsulzadə irsinin araşdırılmasında, cəmiyyətə sevdirilməsində əvəzsiz rolu olduğunu vurğulayıblar. Tədbirdə bildirilib ki, müəllif 20 ildir təmənnasız M. Ə. Rəsulzadənin əsərlərini araşdırmaq, toplamaq və nəşr etdirməklə məşğuldur.
Mərasimin sonunda çıxış edən Ş. Hüseynov M. Ə. Rəsulzadə, Azərbaycan dövlətçiliyi, bu istiqamətdə gördüyü və həyata keçirmək istədiyi işlər barədə danışıb.
Qeyd edək ki, kitabın birinci cildi 1992-ci ildə nəşr olunub. Orada M. Ə. Rəsulzadənin 1903-1909-cu illərdə qələmə aldığı nümunələr toplanıb. İkinci cild 2001-ci ildə oxuculara təqdim edilib. Kitabda M. Ə. Rəsulzadənin beş il ərzində (1909-1914) yazdığı əsərlər yer alıb.