Publika.Az-ın “Yada sal” layihəsinin növbəti qonağı şair Musa Yaqubdur
– Musa müəllim, neçə qış olub gəlib üstümüzə?
– Qışları hesablasaq … Bir qış dəhşətli qış olub. İlk qar kimi. İlk qar təmizlikdir axı.
Ulduz tək üstümə səpələnir qar
Geydirdin əynimə ağappaq donu
Sənin ki, bu qədər təmizliyin var
Bağışlamaq olar soyuqluğunu.
Bir var təmiz qar. Bir də ki, inamını itirmiş, inanmadığın qış, vaxtsız qış. Bahar vaxtı baharın qayıdışını gördüyün qış. Belə bir-iki dəfə qış olub üstümə gəliblər.
– Bir dəfə, deyəsən, siz rayonda baş redaktor işləyəndə olub? Necə oldu o hadisə? Niyə gəldi?
– Onun hadisəsi yoxdur. O bir az müşkül məsələdir. Bilirsiz, belə şeirlər bir adamın taleyi deyil. Bəlkə də, ümumiləşdirilmiş surətlərdir. Düzdür, birinin üstündədir, amma bunlar yəqin ki, şair fantaziyasıdır. Füzuli demişkən, şair sözü yalandır. Amma şirin yalandır. Doğruların içərisindən yaranan yalandır.
– Və o xanımı görəndə heç nə keçmədi ürəyinizdən?
– Onu konkret deyə bilmərik . O bir xanım deyil ki, deyək ki, o xanımdır.
– Biri möhkəm qış idi. Bu əhvalatı məncə hər kəs bilir? O şeir də ona görə yazılıb.
– O elə şeylərdir ki, onu açmaq bir az müşküldür. Bağışlayın. Yəqin ki, eşitmisiz, Səməd Vurğunla Dürrə xanım qarşılaşır. Dürrə yoldaşı yanında olanda loğvalanıb deyir ki, Səməd səni Səməd edən mən oldum. Səməd Vurğun isə yanındakını da şair edə bilirsənsə, et deyir.
– Sizi qısqanırdılar?
– Çox
– Axı niyə qısqanırdılar? Şair sevməlidir, vurulmalıdır…
– Ümumiyyətlə, ilk məhəbbət, ilk vurğu ildırım kimi bir şeydir. Necə ki, ildırım çaxır dünyanı işıqlandırır, amma ömrü bir an da deyil. O anın işığı isə kosmosa qədər gedir. Buludları dağıdır. Sonra yenə də həmin, yağış, həmin bulud, həmin gün. O adi sevic yağışı da ola bilər, dərd yağışı da. Amma bir dəfə çaxır. İnsanın ürəyini bir dəfə ekstaza gətirir. Şair dərdini deyə bilir, bir az yüngülləşir. Məsələn, qışını təsvir edə bilir.
– Musa müəllim özünüzü böyük şair sayırsınız?
– Xeyr, özümü böyük şair hesab etmirəm. Amma bilirəm ki, ürəyimcə olan şeirləri yazıram. Mənə oxucularım çox zəng vurur, çox görüşlər, işlər olur. Bu zaman mən özüm də inanmadıqlarımı oxucuların sözündə görürəm. O zaman fikiriləşirəm ki, deyəsən, mən şairəm. Lakin sükut halında mən onu heç vaxt hesab etmərəm. Çünki dünyada böyük şairlər çoxdur. Şairliyin ən böyüklüyü odur ki, imkan daxilində heç kəsə bənzəməyəsən.
Payız kimi, isanların məhəbbəti də, eşqi də bir-birinə oxşayır, amma o təkrar olunmaz təkrarlıqdır.
– Musa müəllim, biz sizi doğrudan da böyük şair sayırıq. Şeirlərinizi də sevirik. Amma siyasətə niyə gəldiniz?
– Əslində mən siyasətə gəlməmişəm. İndi də siyasətdə deyiləm. Mənim, məsələn, milli məclisə gələnə qədər “BMT”, ondan əvvəl yazdığım “Burax məni çıxıb gedim azadlığa”, bəzi siyasi şeirlərim olub. Mən heç o vaxt Milli Məclis nədir, siyasət nədir bilmirdim. Amma o şeirlər onun məcmusudur. Milli məclisdə gələndən sonra başa düşdüm ki, deyəsən, bura çoxdan daxil olmuşam. Amma özüm üçün. Sonradan bildim ki, o məclisi görmək mənim üçün müəyyən mənada xeyirli oldu. Siyasi məsələlərdə yox. İnsanları tanımaqda, yaltaqlığın həddini tanımaqda, vüqarın saxlamağın həddini bilməkdə bunlar mənə dərs verdi. Bu siyasət deyil əslində.
Siyasət nədir? Fikir azadlığı var, bir də söz azadlığı. Fikir azadlığına hər kəs meydan verir. Amma söz azadlığına yox. Hər ikisi arasında çox böyük fərq var.
– Amma mən sizi siyasi proseslərdə görmüşəm.
– Ola bilər, bu günah deyil. Şairin özünün siyasəti onun şeirləridir. Yesenin deyir ki, mənim şeirim mənim tərcümeyi halımdır. Burada mən məhəbbət şeirlərimdən dedim. Siyasətçi olsaydım, əsas şeirlərimdə də siyasətdən başlayardım. Deməli, əvvəl məhəbbətdir, eldir, torpadır.
Siyasi şeirlər o günahdan doğur. Məsələn, meşələrin qırılmağı. İndi deyirlər, biz saxlayırıq o meşələri, qırmırıq, hasar çəkmişik. Bu hasar çəkmək də qırğın kimi bir şeydir. Bu da bir siyasətdir. Mən o meşələrin insanlar üçün yaradıldığını bilmişəm. Torpağı hasara salanlar başa düşmür ki, bunu belə etmək olmaz. Belə etmək olmaz. Belə olanda elə bilirəm, o torpaqlar, o quyular, o kəhrizlər quruyubdur. Siyasi şeirlər bax bu həsrətdən yaranır.
Bir gözünü mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.
Bu gün bizim əsas narazılığımız torpağa qayğı yox, torpağı nəfəsinə çəkməkdir. Bu qədər də torpağı bölərlər, bu qədər də torpağı parça-parça edərlər? Bilə ki, bu torpaq onundur axıra kimi, ona sahib çıxa gülüstan edə. Axı bilmir. İnam birinci olaraq azadlığı çıxmaq eşqidir. Çünki hər şey azadlığa can atır.
– Musa müəllim, istəyirəm qayıdaq məktəb illərinə. Məktəbdə necə oxumusunuz?
– Məktəb illərində pis oxumamışam. Üçüncü sinfə qədər yaxşı oxuyurdum, sonra müəllim olmadığı üçün bir il fasilə olub. Ardınca 4-cü sinfi yarıya qədər oxudum, yenidən 3-cü sinfə qaytardılar. Bu sinifdə qalmaq sayılmır. Amma 4-cü sinifdə çox əla oxumuşam. Öz kəndimizdən Topçu kəndinə getmişəm. Orada da əla oxumuşam.
7-ci sinfi tərifnamə ilə qurtarmışam. Daha sonra Göyçay Pedeqoji Məktəbinə daxil olmuşam. İmtahansız tərifnamə ilə. Oxumağım pis olmayıb. Amma şeir yazmağımı bimirəm necə olub. 6-cı sinifdə oxuyurduq. 7-cidə yaxşı oxuyan Sabir adlı oğlan var idi. O həyətə uşaqları yığıb bir şeir oxudu, dedi ki, bu şeiri mən yazmışam. Mən də sinfin əlaçısı olduğum üçün özümü ucuz hesab etdim ki, heç mən yaza bilmirəm. Və 6-cı sinifdən başladım yazmağa.
Ədəbiyyat kitabında olanlardan yazmağa çalışdım. Amma bunlar, əlbəttə, şeir deyildi. Amma sonra Göyçay Pedeqoji Məktəbinə 3-cü kursda olanda oxuduğumuz yerə aktyorlar gəlmişdilər. Onlar birinci orda S.Vurğunun “Şair nə tez qocaldın sən” şeirini dedilər. O şeiri eşidəndə məni təpədən dırnağa tər basdı. Öz-özümə dedim, ilahi mən də yazırdım, niyə atdım axı yazmağı. Ordan başladım müəyyən şeirlər yazmağa. O vaxt Göyçayın “Qalibiyyət” qəzeti var idi orada çıxış edirdim.
Birdən-birə məhəbbət məni dəbərtdi. Gör necə dəbərtdi ki, bir poema yazdım. Tale belə gətirdi ki, 1957-ci ildə Moskvada bütün dünya gənclərinin festivalı keçirildi. O festivala bütün dünya ölkələrindən dəvət olundular. Özümün yazdığım azərbaycanlı tar çalan Azad adlı oğlanın təbrizi Gülşən adlı qızla qovuşmasından danışdım. İki xalqın nümayəndəsinin düşüncələri, ayrılıqları, dərdləri burda ifadə olunmuşdu. Həm siyasi həm də ritorik bir yazı idi. Bax həmin o məni ayıltı ki, poeziya nə olmalıdır. Buna görə təbrik məktubları aldım. Rayon mərkəzinə gələndə maarif müdiri çağırtdırdı. İçəri daxil oldum. Soruşdular ki, poema sənindirmi? Dedim, bəli. Mənə dedilər ki, bəs bizə deməmisən ki, mən poema yazıram? Və elə gün oldu ki, iki il şeir yazdım, nə çap olundu, nə bəyənildi. Yazdıqlarım özümə qaytarılırdı. Deyirdim, poemam çıxıb belə, deyirdi aidiyyatı yoxdur. O dövr belə idi. Həm təbəddüladlı dövr idi, həm də 60-cı illərdə o yeni şeir, yeni həvəs, ritorikadan qurtarmaq, poetik fikir yükü, intellektual səviyyə və.s bu kimi məsələlər çıxmışdı. Hələ mən o qədər də dərk edə bilmirdim. Sonra mən də üzümü təbiətə tutub təbiətdən şeirlər yazmağa başladım. Bundan sora şeirlərim üzə çıxdı.
– İlk dəfə nə vaxt sevdiniz?
– Oğlanın ilk sevgisi 13-14 yaşlarında olur. O zaman da həmişə özündən yaşlı adamı sevir. Maraqlıdır ki, həmişə elə olur. Sevmək deyəndə ona böyük hörmət və məhəbbətim olur.
– İndi o haradadır?
– Bilmirəm
– Heç sonra rast gəlmədiniz o xanıma?
– Heç vaxt. İlk sevgi tutmayanda insana elə gəlir ki, bütün hər kəs o ünsiyyətdə olacaq. Çünki o sevgidə ehtiras yoxdur, ancaq gül kimi tərtəmiz bir mehribanlıq əlamətidir. Sonra isə həyat qurduğunla bağlı da çox düşünürsən. Buna görə, məni çox çətin evləndiriblər. Amma peşman olmamışam.
– Kim evləndirdi?
– Anam evləndirdi. Öz kəndimizdən, öz elimizdəndir.
– Yoldaşınız sizin şeirlərinizi oxuyurdu?
– Oxuyurdu. Amma mənim yanımda yox, gizlində.
– Qısqanırdı?
– Bəli qısqanırdı.
– “Özünü özümə öyrətmə mənə” oxuyanda soruşmadımı kimə yazmısan bunu?
– Heç vaxt belə suallar olmayıb. Çünki mən bir şeirimlə onu sığortalamışdım.
– Sizin neçə yaşınız var idi o şeiri yazanda?
– 1986-cı illərdə idi .
– Bəs əsərin qəhrəmanının neçə yaşı var idi?
– Az idi. 30 olardı yəqin ki. Dəqiq bilmirəm.
– İndi haradadır bilmirsiz?
– Bilmirəm
– Maraqlanmırsız?
– Xeyr. O da şeirlər kimi, oxunanda oxunur, toxunanda toxunur. Belə deyək, qəribə qismətlər var bu dünyada.
– 50 illiyinizdə də maraqlı hadisə olub səhv etmirəmsə?
– Bu 50 illiyimə Sabir Rüstəmxanlı, Zöhrab Tağıyev, Qabil, Tofiq Bayram yığışıb gəlmişdilər. Yaxşı məclis qurdular. Rayon nüfuzluları da toplanmışdı. Tofiq tez yatmışdı. Bir az vurmuşdu. Dedi ki, gecikmə haa. Biz də təzə restoranda idik. Rayonun girəcəyinə gedəsi idik. Axşam oldu, biz evə getdik. Onlar da oteldə qaldı. Sabah durub Tofiq vurmaq istəyirdi. Restoran da açılmamışdı. Restoran o vaxtı 10-11-də açılırdı. Deyir hardadır, buranın müdiri, hayqırırdı. Buranın müdirini tapın. O vaxt oranın da müdiri Şaliko idi. Gəncədən idi. Sonra Şalikoya zəng edirlər ki, bir nəfər gəlib səni axtarır. O da şübhələnir ki, nə olub görəsən. Şaliko deyir, nə olub, nə buyurursuz?
Tofiq deyir siz kimsiz? Deyir mən Şalikoyam.
Şaliko Şaliko.
Mən ölüm getmə məndən daliko
Ver moloko, moloko.
Bir az da içmişdik. Gecə saat 1 idi. Dedik durub gedək Bakıya. Nəysə, Tofiqə dedik, dur gedirik Bakıya. O zaman Tofiq ağladı az qala ki, məni ora aparmayın. Dedi, ay Musa, icazə ver elə 60 illiyinə qədər qalım burada (gülür). Dedim bir gününə dözmək olmur, qaldı on ilə.
O dövrdə yaxşı şeir çıxanda hamı bir-birinə zəng edirdi ki, oxumusanmı filan şeiri?! Düşmənim olsa, belə o şeir ədəbiyyatımız xətirinə bizi sevindirirdi. Məsələn, Əli Kərimin “Daş” şeiri çıxanda az qala qanad açdıq ki, belə bir şeirimiz var. Bu gün şeir sənət bir kənara qalıb, bir-birilərini dümsükləyirlər.
– Musa müəllim özünüzü unudulmuş sayırsız?
– Xeyr. Əvvəl deyə bilmərəm. İndi oxucular tərəfindən heç unudulmuram. Ən azı gündə 7-8 zəng gəlir mənə.
– Neçə yaşları var o zəng edənlərin?
– Dəqiq bilmirəm. Bütün yaşlardan var. Həm kişilər, həm qadınlardır. Həm də məclislərdir. Dostlardır. Vurub 200-cü qramda görürəm şeirlərimi deyirlər.(gülür) Bu hər vaxt təkrar olunur. Heç vaxt deyə bilmərəm unuduluram.
– Misal üçün vaxt var idi ki, Buynuza deyirdilər ki, Musa Yaqubun kəndi. Amma indi deyirlər Baba Vəziroğlunun kəndi.
-Qoy desinlər. Onun yazdıqları, dedikləri bir növ məni sevindiririr. Paxıllıq etmirəm. Desinlər Baba Vəziroğlunun kəndi. Amma o yaddaşlarda Musa Yaqubun kəndi olacaq və yaddaşlarda qalacaq.
– Siz əməkdar incəsənət xadimi adı almamısız?
– Yox, sadəcə Mirzə Fətəli Axundov adına mükafatı almışam. Mən bunun üçün nə müraciət etmişəm, nə də fikirləşmişəm. Bunu almaq üçün bir növ özünün də təşəbbüsün olmalıdır. Son vaxtlar dost-yoldaş soruşur nə əcəb etmirlər. Deyirəm, özləri bilərlər. Amma yaxın insanlar istəyib ki, 70 yaşımda müraciət edim yazım, etməmişəm. Edə də bilmərəm, bacarmaram. O alacağım da mənə haramdır. Amma mən eşitmişəm ki, Zəlimxangil bir neçə nəfəri yığıb, istəyiblər ki mənim üçün məktub yazsınlar. Lakin özləri içlərində razılaşmayıblar. Nəyinsə intizarında olmayanda o heç yadına da düşmür. Heç maraqlı da deyil.
– Musa müəllim indi də sevgi şeirləri yazırsız?
– Yazıram.
– Sevdiyiniz adam var?
– Mən indi hamını sevirəm (gülür).
– Eşitmişik ki, var
– Sevdiyim şəxs yoxdur. Amma insanlara məhəbbətim hörmətim var.
– Deyirlər, özü də gənc qızdır
– Onlar ürəklərində sevə bilər. Məndə daha o sevgi yoxdur axı.
– Hər halda o sevgilərdən ilham alırsız?
– İnsan ömrünün sonuna kimi sevməlidir, istəməlidir. Bir sözlə ruhunu təzə saxlamalıdır.
– “Bu dünyanın qara daşı göyərməz” şeirini bəlkə qocalığınız üçün yazmısız?
– Mən nə isə əvvəlcədən xəyali şeirlər də yazmağı sevmişəm. Belə ola bilər, belə hadisələr başa gələ bilər.
– Maşallah saçınız qara, özünüz sağlam
– Bilirsən saçım niyə qara qalıb? Çoxları yazanda başı ilə düşünür, mən isə ürəyimlə.
– Çox qəribədir Baba Vəziroğlunun da saçı ağarmır, sizin də. Bəlkə İsmayıllıda nə isə sehr var?
– Bəlkə də Buynuzun havasındandır bilmərəm.
– Bilirsiz ki, Buynuzda adət belədir. Saat 1 olanda adam gözləyir ki, kimsə qonaq gəlsin onunla vursun? Orada çox maraqlı ədəbi məclislər olur. Toplantılar olur.
– Deyirlər ki, vaxtı ötürə bilmir. Dostlarla olanda vaxt boş keçmir. Nəysə onu da qeyd edim ki, ən böyük məsələ odur ki minnətsiz məsələ olsun. Şükür ki, bu məclislər hər biri, hörmət xatirinə, sevgi xatirinə, ünsiyyət xatirinə olub və olur. Buna görə də bunun insan üçün ağırlığı yoxdu.
– Bir şeirinizdə deyirsiz ki, “bilmirəm daşı götürüm, götürmüyüm”. Götürdüz o daşı?
– O çox çətin söhbətdir. Əslində o nağıllardan gələn sözdür. O nağıllarda deyir ki, götürən də peşmandır, götürməyən də. Əgər o daşı mən götürsə idim, həyatın fəlsəfəsi bitərdi. İndi də gərək fikirləşəsən, mən bu işi görüm görmüyüm. Daş mənim şeirlərimin qəribə bir obrazıdır. Bəlkə də o süfrədən gəlir. Mən çox sevirəm daş süfrəni. Mənim həyətimdə daş süfrə var. Çörəyi, badələri onun üzərinə düzməyi çox sevirəm. Təbrizinin belə bir sözü var:
Bir qədəh badə ilə könlümü açmaq dilədim
Bilmədim ki, açılmazdır gün islansa əgər
Məsələn, təbiətin hadisələri var, torpaqla həm bulanır, torpaqla həm durulur. Üstü bulandırır, altı duruldur. Bunlar hamısı təbiətin fəlsəfəsidir. Bu daş da belədir ki,
Götürüm, götürməyim?! –
Özümlə nə döyüşüm,
Özümlə nə vuruşum,
Daha bu yoldan geri
dönən yox ki, soruşum;
Ay Lələ, mən bu daşı,
Götürüm, götürməyim?
Hələ o daşın qarısında dayanıb fikirləşirik. Tək mən yox cəmiyyət fikirləşir.