“Xəyallarım, Əskişəhər, sevgim mənim, Türkiyə…”. Azərbaycanlı şairə və dramaturq Kəmalə Ağayevanın qardaş Türkiyə Cümhuriyyətinə həsr olunmuş yeni şeirlər kitabına yazdığı ön söz belə başlanır. Onun bizim üçün həmişə doğma və əziz olan bu ölkə ilə ilk və yaxın tanışlığı 1989-cu ildə, incəsənət mərkəzlərindən biri sayılan Əskişəhər meriyasının dəvəti ilə türk dünyasının böyük qələm ustalarından biri, 800 il əvvəl yaşayıb-yaratmış Yunis İmrənin beynəlxalq xatirə günlərində iştirakı zamanı olmuşdur. Kəmalə xanım tədbirlərdə dahi şair və alimə həsr olunmuş şeirlərini oxumuşdur.
Sonralar hər bir türk üçün müqəddəs Çanaqqalada, – axı türk ruhunun, türk ordusunun möhtəşəm qələbəsi kimi əfsanələşmiş məşhur Çanaqqala döyüşü məhz burada baş vermişdir, – daha sonralar isə İstanbulda, Ankarada, Bursada, Manisyda, İzmirdə olarkən, bu ölkəni daha yaxından tanıyan Kəmalə xanım Türkiyənin, onun xalqının vurğunu olmuşdur.
Türkiyəyə həsr olunmuş şeirləri bəlkə də buna görə belə çılğındır, məhəbbətdən yoğrulmuşdur. Kəmalə xanım onları “Sevdim Türkiyəni” adlı kitabında toplamışdır. Bu, əsl sevgi etirafıdır. Kitabın hər sətri, hər bəndi türk torpağına, bu məkanda yaşayan insanlara məhəbbətdən yaranmışdır. “Türk qardaşım”, “İstanbulu gördüm yağmur içində”, “Türkiyə gözəlinə”, “Çanaqqala şəhidlərinə”, “Gülhanə parkında düşüncələr”, “Bakı-Ceyhan”, “Yunis İmrəyə ithaf” və bir çox digər şeirlər buna misaldır.
Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, əməkdar incəsət xadimi Kəmalə Ağayevanın şeirlər kitabı 2009-cu ildə İstanbulda türk dilində çapdan çıxmışdır. Bu, müəllifin 20 şeirlər kitabından biridir. Kəmalə Ağayevanın 15 mənzum pyesinə müxtəlif səhnələrdə quruluş verilmişdir.
Hazırda Azərbaycan Dövlət Akademik Dram Teatrında onun “Məhsəti” əsəri səhnələşdirilir.