Mehriban Əliyeva, Angela Merkel və Hillari Klintondan bəhs edən kitab nəşr olunub

Bu günlərdə Almaniyada nüfuzlu “Hanseatic Lichthouse” nəşriyyatında Berlində fəaliyyət göstərən Siyasət və İctimaiyyət Beynəlxalq İnstitutunun direktoru xanım Kerstin Plevenin müəllifliyi ilə “Qadın liderliyi-Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək” adlı kitab nəşr olunub. Kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınan qadının məqaləsi və ya verdiyi müsahibələr dərc olunub.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, nəşrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müsahibəsi dərc olunub. Kitabın nəşrində məqsəd şəxsi və ictimai fəaliyyətlərində uğurlar qazanan qadınların əldə etdikləri nailiyyətlərin sirlərini öyrənmək, eləcə də onların ictimai fəaliyyətlə bağlı dəyərli məsləhətlərini işıqlandırmaqdan ibarətdir. Nəşrdə Mehriban Əliyeva ilə birlikdə dünyanın digər siyasi və ictimai xadimləri, o cümlədən Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari Klinton, YUNESKO-nun baş katibi İrina Bokova və digər şəxslərin müsahibələri və onlar haqqında yazılan məqalələr dərc olunub.

Mehriban Əliyevanın müsahibəsində rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr, Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolu, Azərbaycanın dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olması və digər mövzularla bağlı məsələlər barədə geniş məlumat verilib. Azərbaycanın birinci xanımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərindən bəhs edib. Mehriban Əliyeva Azərbaycan Respublikasında təhsilə, o cümlədən qadınların təhsilinə mühüm əhəmiyyət verildiyini qeyd edərək dövlət qurumlarında, elmi müəssisələrdə və özəl sektorda çalışan qadınların sayının getdikcə artdığını vurğulayıb. Mehriban Əliyeva Azərbaycan qadınının tarixən ictimai həyatda daim fəal iştirak etdiyini qeyd edib. Heydər Əliyev Fondunun prezidenti eyni zamanda Xurşudbanu Natəvan, Məshəti Gəncəvi kimi tanınan zərbaycan qadınlarının xalqımızın mədəni irsinə böyük töhfələr verdiyini qeyd edib. Mehriban Əliyeva belə bir maraqlı faktı da dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, XIX əsrin ortalarında görkəmli ictimai xadim və şairə Xurşidbanu Natəvanın xeyriyyəçilik fəaliyyəti nəticəsində ilk dəfə olaraq Şuşada su təchizatı sistemi qurulub, 1990-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərib və Ermənistanın işğalı zamanı dağıdılıb.
Mehriban Əliyevanın müsahibəsi beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO