Medianın ən mühüm problemlərindən biri…

Medianın ən mühüm problemlərindən biri...Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində MŞ-nin və ATƏT-in birgə təşəbbüsü çərçivəsində ikinci seminara start verilib. Bu dəfə mövzu hökumət nümayəndələri və jurnalistlər arasında effektiv qarşılıqlı informasiya mübadiləsini formalaşdırmaq məsələləri, məlumatın əldə olunmasınınn təşviqində onlar arasındakı müxtəlif səmərəli əməkdaşlıq formalarının rolu ilə bağlı olub.

Jurnalistlər və dövlət qurumlarının mətbuat xidmətlərinin təmsilçiləri üçün keçirilən seminar barədə məlumat verən MŞ sədri Əflatun Amaşov öncə Şuranın ATƏT-lə birgə gerçəkləşdirdiyi layihə çərçivəsində noyabrın 10-da baş tutmuş toplantıdan söz açıb. DİN-in ayrı-ayrı strukturlarından 15, həmçinin ölkənin tanınmış, ictimai fikrə təsir göstərən media orqanlarından 10 təmsilçinin qatıldığı həmin seminarın qarşılıqlı fikir mübadilələri ilə yadda qaldığını diqqətə çatdırıb.
MŞ sədri bildirib ki, rəhbərlik etdiyi qurum müxtəlif illərdə dövlət və hökumət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinin iştirakı ilə treninq-məşğələlər təşkil edib. Bu tədbirlərdə ictimaiyyətlə əlaqələrin müxtəlif formalarına, o cümlədən sırf media ilə əməkdaşlığa dair beynəlxalq təcrübəyə önəm verilib: «Bu günkü seminarımızın da eyni dərəcədə vacib olduğunu düşünürəm. Burada jurnalistlərin və mətbuat xidmətləri təmsilçilərinin bəhs edilən mövzularla bağlı maraqlı fikir mübadilələrinin olacağına əminəm».

Ə.Amaşov həmçinin bildirib ki, medianın ən mühüm problemlərindən biri də ilk mənbədən informasiya əldə edilməsi prosesdə müəyyən çətinliklərlə üzləşməsidir. Bu, bir tərəfdən jurnalistikanın zəruri peşəkarlıq vərdişlərinə malik olmaması ilə əlaqədardırsa, digər tərəfdən informasiya daşıyıcılarının da öz məsuliyyətlərini kifayət qədər dərk etməmələrini vurğulamaq lazımdır. Bəzən başlıca cəhətlərdən biri kimi tərəflərin bir-birinə inam və etimad göstərməmələri ön planda dayanır. «Hesab edirəm ki, bu günkü seminar eyni zamanda inam və etimad mühitinin formalaşmasına dəstək baxımından da önəmlidir», – deyən MŞ sədri onu da bildirib ki, elektron KİV-lərin, xüsusən də internet xəbər portallarının sürətlə artımı informasiya işinin daha təmərküzləşmiş şəkildə qurulmasını obyektiv zərurətə çevirir. Prosesdə əsas ağırlıq isə mətbuat xidmətlərinin üzərin düşür. Bu institut öz işini artan tələbatlara uyğun qurmağı bacarmalı, yeni peşəkarlıq vərdişlərinə yiyələnməli və PR texnologiyalarından yararlanmalıdırlar.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay medianın informasiya qaynaqlarına birbaşa çıxışının olmasını, həmçinin jurnalistlərin informasiya daşıyıcıları ilə əməkdaşlığını cəmiyyətdə fikir plüralizminin dərinləşməsinə təsir göstərən mühüm faktorlardan biri kimi dəyərləndirib. Səfirin sözlərinə görə, hazırda qlobal şəkildə informasiyaya olan tələbat artdıqca müvafiq sturukturların qarşısında mövcud şəraitə adekvat fəaliyyət göstərmək vəzifəsi dayanır. ATƏT-in Bakı ofisi və ümumən qurumun media azadlığı üzrə nümayəndəliyi işini eyni zamanda həmin zərurəti dəyərləndirmək üzərində də qurur. MŞ ilə birgə gerçəkləşdirilməkdə olan proqram da buna hesablanıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasətdə media azadlığı, ümumən isə cəmiyyətdə ifadə azadlığının dərinləşməsi prioritet məsələlərdəndir. Ölkədə bunun üçün müvafiq qanunlar hazırlanıb. Eyni zamanda prosesin texnoloji komponentlərinin qurulmasına da böyük önəm verilib. Ötən müddətdə dövlət qurumlarının media ilə işə məsul strukturları yaradılıb və onların fəaliyyəti təkmilləşdirilib. Həmçinin elektron hökumət layihəsi çərçivəsində də bir sıra məqsədyönlü tədbirlər görülüb. Ölkədə 400-ə yaxın elektron xidmət növü müəyyənləşdirilib. 300-ə yaxın orqan əhaliyə bu xidməti göstərir ki, onlardan 150-nin işi interaktiv səciyyə daşıyır. «Düşünürəm ki, mövcud istiqamətdəki iş daha da gücləndiriləcək. Çünki məsələn, 2000-ci illə müqayisədə 2012-ci ilin tələbatları fərqlidir. Dövlət qurumları da öz fəaliyyətlərini buna uyğun qurmalıdırlar», – deyə o əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən rəhbərlik etdiyi qurumun üzərinə «İnformasiya əldə etmək haqqında» qanunun təbliği, onun ayrı-ayrı bəndləri ilə jurnalistləri daha yaxından məlumatlandırmaq, mövcud sahədəki meylləri izləmək və diqqətə çatdırmaq vəzifəsi qoyulub. Fond istər bu gün baş tutan, istərsə də noyabrın 10-da keçirilmiş seminar üçün maliyyə yardımını bu məqsədlə ayırıb.
Bundan sonra rəqəmsal media və mətbuat xidmətləri, dövlət və media arasında qarşılıqlı münasibətlərin müasir meylləri məsələləri ətrafında ekspertlər Yevhen Xlibovski və Zoya Kazanskinin məruzələri dinlənilib. Çıxışlar ətrafında diskussiyalar aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO