Media İnkişaf Mərkəzi yeni layihəyə start verib

“İctimaiyyətlə əlaqələrin effektiv qurulmasında QHT və medianın bilik və bacarıqlarının artırılması”

Media İnkişaf Mərkəzi (MİM) “İctimaiyyətlə əlaqələrin effektiv qurulmasında QHT və medianın bilik və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb. MİM-dən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən layihənin məqsədi Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərin fəaliyyətini daha effektiv etmək üçün onların ictimai əhəmiyyətli ideya və proqramlarını dəstəkləmək, eyni zamanda bu fəaliyyətin mediada daha geniş işıqlandırılmasına yardım etməkdir. “Bunun üçün həlli vacib olan vəzifələr QHT DD Şurasının fəaliyyəti barədə KİV-də yer alan məlumatların monitorinqinin aparılması və media-vətəndaş cəmiyyəti əlaqələrinin daha peşəkar qurulmasına yardım etmək üçün Şəbəkəyə daxil olan jurnalistlərin üçüncü sektor, vətəndaş cəmiyyəti, QHT sahəsi üzrə problem mövzular ətrafında jurnalist araşdırmaları aparmalarına dəstək verməkdir”.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, Azərbaycanda yeni bir fəaliyyət istiqaməti olan qeyri-hökumət təşkilatları sahəsinə dövlət yardımının ardıcıl dövlət siyasəti halına gətirilməsi üçün bu fəaliyyətin ictimai vasitələrlə dəstəklənməsi vacibdir. Belə ictimai mexanizmlərin ən ciddi və effektiv olanı kütləvi informasiya vasitələridir: “Bu baxımdan, ölkəmizdə gənc sahə sayılan QHT fəaliyyətinin və Şuranın işinin işıqlandırılması üçün KİV-in dəstəyini təmin etmək lazım gəlir. Media İnkişaf Mərkəzi 2009-cu ilin may-dekabr aylarında həyata keçirdiyi “Azərbaycanda üçüncü sektorun inkişafında medianın rolunun artırılması” layihəsində Şuranın ümumilikdə işinin və QHT-lərin fəaliyyətinin KİV-də işıqlandırılmasının səviyyəsini öyrəndi. Əldə edilmiş nəticələr qarşıdakı illərdə bu qarşılıqlı fəaliyyətin daha təkmil formada qurulmasının formalarını seçmək üçün gərəkli əsas sayıla bilər. Haqqında danışılan layihə QHT-KİV qarşılıqlı əlaqələrini daha peşəkar səviyyədə və keyfiyyətli qura bilmək üçün qeyri-hökumət təşkilatlarının fəaliyyəti sahəsində ixtisaslaşmış jurnalistlərin yetişdirilməsini də nəzərdə tuturdu. Bu istiqamət üzrə keçirilən treninqlərdə iştirak edən jurnalistlərdən ibarət Şəbəkə artıq fəaliyyət göstərə biləcək bir təşkilati forma alıb”.

Media İnkişaf Mərkəzi bu sahədə atılacaq növbəti addım kimi həmin şəbəkənin bazasında QHT Piar Qrupunun yaradılmasına başlayıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO