Media kapitanları: “İnternet mediası əsas informasiya ötürücüsünə çevrilir “

Son illər internet çox sürətlə Azərbaycanın media məkanına təsir etməkdədir. İndi medianın transformasiyası müşahidə edilir: ənənəvi mediadan yeni mediaya keçid baş verir. İnternet məkanında informasiya agentlikləri, xəbər portalları, televiziyalar yaranmağa başlayır və getdikcə onların sayı artır. Düzdür, internet mediası hələ tam inkişaf etməsə də, onun yaxın gələcəkdə digər media sahələrini ötüb keçəcəyi istisna deyil. Bəs bu gün internet mediası Azərbaycan media məkanında hansı yeri tutur?

Modern.az bu sualla bir sıra aparıcı media orqanlarının rəhbərlərinə müraciət edib.

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli dünyanın hər yerində olduğu kimi, artıq Azərbaycanda da internetin insanların həyatına sürətlə daxil olduğunu bildirib. Buna misal olaraq o, hesabatların, bəzi ödənişlərin internet vasitəsilə həyata keçirildiyini göstərib.

“İndi necəki jurnalsitləri telefonsuz təsəvvür etmək qeyri-mümkündürsə, artıq internet də belə bir statusu qazanmaq üzrədir. Jurnalist necəki telefonsuz işləyə bilmir, eləcə də internetsiz onun işini təsəvvür etmək mümkün deyil. Lazım olan məlumatları tapmaqda, hansısa faktları dəqiqləşdirməkdə, jurnalistlərin bir-biri ilə, oxucularla əlaqə saxlamasında telefon qədər internet də böyük rol oynayır”.

Baş redaktorun sözlərinə görə, bütün bu prosesin gedişatında internet jurnalistikası formalaşır, virtual məkanda xəbər portalları yaranır. Bununla artıq virtual məkanda işləyən redaksiyalar, jurnalist kollektivləri formalaşır.

“Bütün bunlar onu göstərir ki, həqiqətən də Azərbaycanda jurnalstikanın yeni bir növü yaranıb, bu da internet jurnalsitikasıdır. Ola bilsin ki, o lazımi qədər populyarlığını və reklam bazarını tuta bilməyib, amma bu yeni növ mənə elə gəlir ki, yaxın 5 ildə ciddi mövqe qazanacaq”.

Azər Qaraçənli hesab edir ki, internet jurnalistikasının inkişafı digər media sahələrinin sıxışdırılıb sıradan çıxarılması demək deyil.

“Mən gözləmirəm ki, internet jurnalsitikası hansısa başqa bir jurnalsitika növünü sıxışdırıb aradan çıxartsın, amma demək olar ki, öz təsirini göstərir. İndiki məqamda Azərbaycanda xəbər portalı və digər internet mediaları televiziya, radio, qəzet və jurnalda çalışan redaksiyalara öz təsirini göstərir. Bu artıq hiss olunur”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycanda artıq klassik media ilə yanaşı, internet deyilən sahədə də media vasitələrinin yaranmağa başladığını qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 10-a yaxın internet radio, televiziya fəaliyyət göstərir ki, onların da 150-200 min tamaşaçı, dinləyici auditoriyası var.

“Bu gün Azərbaycanda insanlar bir-birilə əlaqə yaratmaq, fikirlərini cəmiyyətə çatdırmaq üçün müxtəlif üsullardan, o cümlədən Facebook, Tvitter kimi sossial şəbəkələrdən, internet vasitəsilə yaradılan bloqlardan istifadə edirlər. Əgər reklam bazarına fikir versək, görərik ki, mediaya ayrılan reklamın təqribən 5-7 faizə qədəri həmin resurslara sərf olunur”.

Şura sədri hesab edir ki, çox güman yaxın gələcəkdə internet mediası cəmiyyətdə informasiya daşıyan, ötürən əsas vasitəyə çevrilə biləcək.

“Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanda mövcud olan televiziya, radio və klassik yazılı mətbuat vasitələri də çox güman qalacaq. Və artıq onlar informasiya ötürmək sahəsində hegemon olmasalar da, informasiyanın yaranma səbəbləri və digər məsələlərlə bağlı özlərinin hegemon rollarını saxlaya biləcəklər. Yəni həm informasiyanın yaranma səbəbləri, həm başqa hadisənin təhlili, həm də digər məsələlərlə əlaqədar klassik jurnalsitikaya həmişə ehtiyac olacaq”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı internet mediasının inkişafında Azərbaycanda da dünyada olduğu kimi eyni tendensiyanın getdiyini söyləyib.
“İnternet mediasına meyl günü-gündən artır. Bunun da müxtəlif səbəbləri var. Söhbət qəzetlərdən gedirsə, ümumiyyətlə dünyada belə bir tendensiya var ki, kağız qəzetlərin tirajları, oxucu sayı aşağı düşür. Azərbaycanda isə bu sahədə obyektiv məqamlarla yanaşı, subyektiv məqamlar da var. Məsələn, qəzet köşklərinin “əlçatmaz” olması… Qəzet almaq istəyəndə köşk tapmaq Azərbaycanda müşkülə çevrilib. Ümumiyyətlə, qəzetlərin Bakıdan kənara çıxması orda oxuculara çatdırılması demək olar ki, sıfır səviyyəsindədir”.

Baş redaktor Azərbaycanda internet mediasına meylin artmasını internetin asan və əl altında olması ilə əlaqələndirib. Və bildirib ki, camaat internetin müftə olduğunu, qəzetə isə pul verdiyini düşünür.

“Halbuki, birbaşa olmasa da internet özü də pul deməkdir. Trafikə, elektrikə pul verilir, həm də internet rabitəsi əlaqəsi heç də həmişə əl altında olmur və ya sürət zəif olur. Amma bütün bunlara baxmayaraq, gənclərin əksəriyyəti mobil telefonlara daha çox üstünlük verirlər və smartfonlarda, “iphone” markalı telefonlarda xüsusi proqramlar vasitəsilə informasiyaları oxuyurlar. Bundan əlavə, bir sıra informasiya portalları və agentliklərin də mobil telefonlar üçün proqram versiyaları var”.

E.Şıxlı hesab edir ki, internet ciddi oxucu auditoriyasını azaldır, daraldır.
“Çünki hər kəs çox qısa və çevik xəbərləri internetdən almağa üstünlük verir. Düşünmürəm ki, sanballı, analitik yazıları kimsə mobil telefonda oturub oxusun. Bu baxımdan internetin də irəliləməsi var, amma eyni zamanda bu sahədə yeniliklərə də ehtiyac var”- deyə baş redaktor əlavə edib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da hesab edir ki, Azərbaycanda internet mediası inkişafdadır və artıq bu inkişafın nəticəsi hiss olunur.

“Azərbaycanda müstəqil qəzetçiliyin bərpa dövründə müstəqil qəzetlər hansı keyfiyyətləri daşıyırdısa, yeni yaranan mediada da həmin keyfiyyətlər, problemlər var. Yəni qeyri-peşəkarlıqlar kifayət qədərdir, amma peşəkar elektron mediamız da var”.

A.Aşırlı bildirib ki, elektron Kütləvi İnformasiya Vasitələrinə, internet mediasına münasbitlərdə biz təkcə texniki tərəflər baxımından yox, həm də yaradıcılıq tərəfləri baxımından baxmalıyıq.

“O baxımdan peşəkar, qeyri-peşəkar internet mediaları var. Və istərdim ki, internet mediası bizim milli jurnalsitika sistemimizi texnoloji tərəflər baxımından yox, yaradıcılıq tərəfləri baxımından həzm eləsin, götürsün”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO