Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

«Media əhvalatları» rubrikasında jurnalistlərin iş prosesində başlarına gələn maraqlı əhvalatları onların öz dilindən veririk. Rubrikamızın bu dəfəki iştirakçıları həmkarlarımız Aqil Camal, Pərviz Həşimli, Könül Şamilqızı və Vüsal Mehdioğludur.

Aqil Camal, “Türküstan” qəzetinin baş redaktoru

«Sualı müəyənləşdirmək üçün otaqdan çıxdım»

– 2005-ci il parlament seçkiləri zamanı “Azadlıq” qəzetində çalışırdım. “Azadlıq” blokunun imkansızlıqdan televiziyaya, mətbuata çıxa bilməyən namizədlərindən silsilə müsahibələr almaq mənə həvalə edilmişdi. Açığı, bu müsahibələr plan doldurmaq xarakterli olduğu üçün xüsusi hazırlaşmırdım. Müsahibimə ilk sualı verirdim, onun uzun-uzadı cavabı bitənə qədər növbəti sualı fikirləşirdim. Beləcə, bir səhifəlik müsahibə hazır olurdu. Daha bir müsahibim – Xaliq Bahadırla söhbət zamanı bu “tryuk” özünü doğrultmadı. Xaliq bəydən birinci sualıma geniş cavab gözlədiyim halda, onun cavabı iki sözdən ibarət oldu: – Bəli, elədir. Növbəti sualı fikirləşməyə macal tapmadığım üçün duruxdum, bir-birimizin üzünə baxdıq. Vəziyyətdən çıxmaq üçün Xaliq bəydən icazə alıb, guya təcili bir iş dalınca otaqdan çıxdım və növbəti sualı müəyyənləşdirəndən sonra qayıtdım…

İki metrlik faks

– Hacı Məmmədov mövzusunun dəbdə olan vaxtı yenə “Azadlıq”dayım. Səhər işə gələndə gördük ki, Fikrət Hüseynlinin “Çöl Göylər əməliyyatı” yazısı ilə bağlı qəzetin faks nömrəsinə DİN-nin daxili təhlükəsizlik idarəsindən təkzib dolu uzun-uzadı bir cavab gəlib. O qədər uzun ki, faks kağızı yerdə çözələnmişdi. Bir az sonra hansısa məsələ ilə bağlı MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsinə zəng etmək lazım gəldi. Davamlı cəhdlərdən sonra şöbənin telefonlarının faksa qoşulu olmasından əsəbiləşən baş redaktor Qənimət Zahid yeni bir özünəməxsus hərəkətə imza atdı. Telefonun start düyməsini basdı və DİN-dən “Azadlıq”a ünvanlanmış iki metrlik təkzib məktubunu faksa qoşub MTN-ə göndərdi.

Pərviz Həşimli, «Bizim yol» qəzetinin əməkdaşı

«Fəzail nə deiyr eee…»

– Əli İnsanov nazir olan zaman deputat Əhəd Abıyev onun adını çəkmədən sərt tənqid etmişdi. Demişdi ki, Qərbi Azərbaycandan olan nazir özünü prezident kimi aparır. «Şərq» qəzetinə müsahibəsində isə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Qərbi Azərbaycandan olan deputat kimi ona cavab vermişdi: «Çox adam Qərbi Azərbaycanın adından çox qələt edir». Mən də Fəzail Ağamalının dediklərinə münasibət öyrənmək üçün Milli Məclisin foyesində Əhəd Abıyevə yaxınlaşdım. Sən demə, Fəzail Ağamalı yaxınlıqda dayanıbmış və mənim sualımı eşidirmiş. Elə təzəcə «Əhəd müəllim, Fəzail müəllim deyir ki…» söyləmişdim ki, Fəzail Ağamalı arxadan «Fəzail nə deyir eee…?» deyib mənə yaxınlaşdı. Bunu görən Əhəd Abıyev də «Fəzail, voobşe, nə deyə bilərsən?» deyib Fəzail müəllimin üstünə yeridi. İki deputat az qaldı əlbəyaxa olalar. Həmkarlarımla birgə deputatları güclə sakitləşdirdik.

Könül Şamilqızı, «Media forum» saytının əməkdaşı

«Bizdə belə bir informasiya var ki, rəhmətə getmisiz…»

– «Yeni Müsavat»da çalışdığım dövrlərdə redaksiyaya Taleh Əsədli adlı gənc müxbir gəlmişdi. Bir gün redaktor Sosial Rifah Partiyasının sədri, indi deputat olan Xanhüseyn Kazımlının rəhmətə getməsi barədə redaksiyaya məlumat daxil olduğunu bildirdi və Talehə xəbəri dəqiqləşdirməyi tapşırdı. Bir də gördük Taleh mobil telefonunu götürüb harasa zəng etdi: – Salam, Xanhüseyn müəllim. – Salam. – Xanhüseyn müəllim, bizdə belə bir informasiya var ki, siz rəhmətə getmisiniz… Təsəvvür edin, rəhmətə getməsi barədə sual olunan şəxs telefonun o biri başında nə hala düşdü…

Vüsal Mehdioğlu, «Yeni Müsavat» qəzetinin əməkdaşı

«Basın qalsın, qalanlarını çıxarın»

– 2001-ci ildə Türkiyənin futbol üzrə milli komandası Dünya Çempionatının seçmə oyunları çərçivəsində Bakıya gəlmişdi. Həmin vaxt qardaş ölkənin «ay-ulduzlu» komandasının baş məşqçisi Şenol Gunəş idi. Oyundan bir gün öncə Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyə yığmasının məşqi nəzərdə tutulmuşdu. Hazırlıq prosesi KİV üçün də açığıydı. Mən də «Azadlıq» qəzetinin müxbiri kimi ora getmişdim.
Həmkarlarımla birgə stadiona girəndə məşqi təxminən 100-ə qədər azarkeşin də izlədiyinin şahidi olduq. Şenol Günəş asayişi təmin edən polislərimizdən stadiondan azarkeşlərin çıxarılmasını tələb etdi. Dərhal hərəkətə keçən polislər jurnalistləri də azarkeşlərin gözünə qatıb, dəyənəkləri ilə qovmağa başladılar. Asayiş keşikçilərinə mətbuat nümayəndələri kimi məşqi izləməyə rəsmən icazəli olduğumuzu heç cür başa sala bilmirdik. Səs-küy o qədər böyüdü ki, Şenol Günəş gəlib məsələyə müdaxilə etməli oldu. Türkiyəli məşqçi «basın qalsın, qalanlarını çıxarın» dedi.
Bundan sonra polislər jurnalistlərlə bayaqkından da pis davranaraq stadiondan qovmağa başladılar. Polislərin bu davranışı türkiyəli qonaqlara və bizə çox təəccüblü gəldi. Təəccüblə baxdığımızı görən polislərdən biri yoldaşlarına «ə, eşitmədiniz, kişi dedi ki, basın hamısını atın bayıra. Davay, bir az tez olun…»- deyə qışqırdı.
Bütün jurnalistlər bir olub polislərə «basın» sözünün türkcədən tərcümədə «mətbuat» mənasını verdiyini anlatmaq istəsək də, onları başa sala bilmədik. Nəhayət, türkiyəli məşqçinin və AFFA-nın o vaxtkı mətbuat katibi Lətif Novruzovun hadisə yerinə gəlməsindən sonra məşqi izləyə bildik.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO