Modern.az «Media əhvalatları» adlı yeni rubrika təqdim edir. Jurnalistlərin iş prosesində başlarına gələn maraqlı əhvalatları elə onların öz dilindən verəcəyik. Həmkarlarımız hansı dövlət məmurunu və ya siyasətçini aldadıblar, harada səhv ediblər, kimi-kimlə dəyişik salıblar, «ekstremal» şəraitdə necə davranıblar, hansı “çp”lərə yol veriblər, harada bağışlanılmaz səhv ediblər?… Hamısı maraqlıdır…
“Iqtisadçı Ələkbər Məmmədovu hərbi ekspertlə dəyişik saldım”
Aynur Elgünəş, müstəqil jurnalist:
– 2005-ci il idi. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibkarların gömrükdə qarşılaşdıqları təzyiqlərlə bağlı çıxış etmişdi. Mən də Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədova zəng edib bununla bağlı münasibət öyrənməliydim.
Ələkbər müəllimə zəng etdim. Söhbətləşdiyimiz yarım saat müddətində həmişəkindən fərqli olaraq, o, iqtisadiyyatla bağlı verdiyim sualları hərlədib hərbçilərin üzərinə gətirir, mən də onu birtəhər iqtisadiyyata yönəldirdim. Beləcə, böyük bir müsahibə alındı və yazını redaktora təhvil verdim. Ancaq ürəyimdə bir narahatlıq vardı.
Yazını qəzetin səhifəsində görəndən sonra hansı səhvə yol verdiyimi anladım. Deməyəsən, mənim müsahibə aldığım şəxs Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov deyil, jurnalistlərin hər mövzuda suallarını cavablandıran Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru, keçmiş hərbçi Ələkbər Məmmədov imiş…
«Gündəlik Azərbaycan» qəzetində işlədiyim vaxtlar idi. Dövlət Televiziyasının rəhbəri Nizami Xudiyevi işdən uzaqlaşdırmışdılar və sözügedən telekanalda ixtisarlar aparılırdı. Mən də bununla bağlı televiziya mütəxəssislərinin birindən müsahibə götürməliydim. Həmin mütəxəssisə zəng etdim və müsahibim, «problem yoxdu, mən özüm sualları da, cavabları da yazıb axşam göndərərəm» dedi. Beləcə, axşam cavabları ilə birgə sualları da yazlan hazır müsahibəni elektron poçtumdan götürdüm. Müsahibim hətta söhbətin sonuna «Aynur Elgünəş» imzası da yazmışdı. Utandığımdan imzanı dəyişdim. Çünki müsahibədə heç bir əməyim keçməmişdi. Televiziya mütəxəssisinin özünün özünə ünvanladığı sualın biri beləydi: «Siz televiziya sahəsində barmaqla sayılacaq mütəxəssislərdənsiniz. Necə düşünürsünüz….?».
“Etibar Cəbrayiloğlu Cəbrayıldan deyil ki?”
Seymur Verdizadə, «Reytinq» qəzetinin redaktoru:
– 1999-cu ildə «Reytinq» qəzetində «Həftənin ən yaxşı jurnalistləri» adlı rubrika gedirdi. Siyasətçilərə, ictimai xadimlərə, QHT rəhbərlərinə zəng vurub həftə boyu hansı jurnalistlərin yazısını bəyəndiklərini soruşurduq. Daimi respondentlərimiz arasında «Qeyrət» Partiyasının keçmiş sədri rəhmətlik Əşrəf Mehdiyev də vardı. Ə.Mehdiyev hər həftə «Reytinq»dən mənim, «Yeni Müsavat»dan isə Şeyda Nəsibli və Etibar Cəbrayıloğlunun adını sadalayırdı. Hətta biz rayonlarda ezamiyyətdə, yaxud xarici səfərlərdə olanda da yazımız qəzetdə getməsə belə, rəhmətlik adımızı çəkirdi. Bir gün yolda Əşrəf müəllimlə qarşılaşdıq və məndən Etibar Cəbrayıloğlunun Cəbrayılın hansı kəndindən olduğunu soruşdu. Mən də Etibarın cəbrayıllı deyil, Lənkərandan olduğunu bildirdim. Bunu eşidəndən sonra Əşrəf müəllim «Həftənin ən yaxşı jurnalistləri» rubrikasında bir də Etibarın adını çəkməyəcəyini dedi. Deməyəsən, Əşrəf müəllim üçümüzün də adını onunla həmyerli – Cəbrayıldan olduğumuzu nəzərə alıb çəkirmiş. Heç yazılarımızı oxumurmuş da. Etibar Cəbrayıloğlunun imzası da onu çaşdırıb və düşünüb ki, Etibar da bizim kimi Cəbrayıldandır…
1998-ci ildə «Bu gün» qəzetində redaktor işləyirdim. Juranlist fəaliyyətinə yenicə başladığımdan şikayətçilərlə davranmaq bacarığım o qədər də yox idi. Bir gün redaksiyaya daxil olanda bir kişi ilə arvadın dava-dalaş saldığını gördüm. Redaktor olduğumu bilən kimi qəzetdə gedən yazı ilə bağlı hər iki şikayətçi səs-küylə üstümə gəldilər. Onlar kriminal yazarımız Elman Malıyevin qəzetdə gedən «Ər arvadın başını kəsib» başlıqlı yazısından narazı idilər. Məlum oldu ki, şikayətçilər başı «kəsilən» arvad və «baş kəsən» ərdir. Düz 1 saat Elman Malıyev, mən və arvadının başını «kəsən» ər qəzetdəki yazını müzakirə edib ortaq məxrəcə gələ bilmədik. Axırda arvad qayıtdı ki, «olar bir söz deyim?». Əsəbiləşən Elman mənsub olduğu bölgənin ləhcəsi ilə arvadın üstünə qışqırdı: «Sən danışa bilməzsən, sən ülüsən».
“Uşaqlar acından bulvarda cikkildəşirlər”
Aynur İmanova, «Media Forum»un əməkdaşı:
– «Yeni Müsavat» qəzetinin «Sahil» metrosu tərəfdə fəaliyyət göstərdiyi vaxtlar idi. Mən də bu redaksiyada çalışırdım. Rəhmətlik Alim də fotoqrafımız idi. Bir gün Alim qəzetin kommersiya müdiri Ələsgərin otağına gəldi və qonorar istədi. Ələsgər: – Başqa vaxt gələrsən. Alim: – Necə yəni başqa vaxt gələrsən? Uşaqlar bulvarda acından cikkildəşirlər.
«Ay Allah, məni deputat elə»
Ceyhun Musaoğlu, «Ədalət» qəzetinin redaktoru:
-«Ədalət» qəzetinin ad günü idi. 2005-ci ildə Qubada bütün kollektiv bunu qeyd edirdik. Bakıya qayıdanda «Beş barmaq»da düşdük. Mən də pirə nəzir atmaq, ağaca yaylıq bağlamaq, hansısa ocağa gedib kimdənsə nəsə istəmək kimi şeylərə heç vaxt inanmamışam. Ancaq bu dəfə mən də uşaqlarla nəzir qutusuna nəzir atmağı qərara aldım. O vaxt da deputatlığa namizədliyimi vermişdim. Dedim, mən də nəzir verim. Cibimdə 1-2 «şirvan» pul var idi. Nəzir qutusuna da 1 «şirvan» atmağa ürəyim gəlmirdi. Həmkarım Babək Yusifoğlundan 1 «şirvan»a xırda olub olmadığını soruşdum. Onda olmadı, məsləhət gördü ki, arxadan gələn qəzetimizin baş redaktoru Aqil Abbasa müraciət edim. Aqil müəllimə yaxınlaşıb, nəzir qutusuna atmaq üçün üstündə 1 «məmməd» olub olmadığını soruşdum. O da pulu nəzir qutusuna atıb nə deyəcəyimlə maraqlandı. Mən də «ay Allah, məni deputat elə, jurnalist işləməkdən canım qurtarsın», deyəcəyimi bildirdim. Aqil müəllim də güldü və qayıtdı ki, sən əvvəlcə dua et ki, «ay Allah, mənə 1 «məmməd» yetir, nəzir qutusuna atmağa pulum olsun».
«Uşaqlar, İsa Qəmbər mənə zəng edir!»
Elməddin Muradlı, «Üç nöqtə» qəzetinin redaktoru:
– 2005-ci il idi. O vaxt Natiq Cavadlı da bizimlə «Üç nöqtə» qəzetində işləyirdi. Həmin ərəfədə deputat seçkiləri olduğundan deputatlardan biri Natiqə mobil telefon hədiyyə etmişdi. Natiq də telefonu işlətməyi bacarmırdı. Mobilini mənə verib uşaqların nömrəsini orada qeyd etməyimi xahiş etdi. Mən də uşaqların nömrəsini yazanda, birdən ağlıma gəldi ki, Natiqlə yaxşı bir zarafat etmək olar. Qeyd edim ki, o vaxt Müsavat Partiyasının başqanı İsa Qəmbərin adı Natiqin dilindən düşmürdü, tez-tez İsa bəydən sitatlar gətirirdi. Buna görə də idman yazarımız Vüsalın nömrəsini “İsa Qəmbər” adı ilə Natiqin telefonuna yazdım. Sonra da xəlvətcə Vüsalın telefonunu götürüb bayıra çıxdım. Vüsalın nömrəsindən Natiqə zəng edəndə təbii ki, İsa Qəmbərin adı ekranda göründü. Natiq bu an nə edəcəyini bilməyib həyəcanla ayağa qalxıb «uşaqlar, İsa Qəmbər mənə zəng edir!»,- deyib və operatorumuz Nərminədən xahiş edib ki, «telefonu götür, İsa bəyə Natiq tədbirdədir de». Onda da Natiq İsa Qəmbərin əleyhinə qəzetdə nəsə yazmışdı deyə, onunla danışmağa ürək etmirdi…
Yenə Natiq Cavadlının “Üç nöqtə”də işləyən vaxtları idi. Mobil telefonu təzə almışdı. İnternetdən də yaxşı başı çıxmırdı. Bir gün internet vasitəsilə Natiqə “Azercell”in adından mesaj yolladım: “Salam, siz “Azercell”in 1 milyon 800 mininci abunəçisi olduğunuz üçün 1000 ABŞ dolları məbləğində mükafat udmusunuz. Xahiş olunur sabah saat 11.00-da şirkətin Rəşid Behbudov küçəsindəki ofisinə gəlib pulunuzu alasınız”. Mesajı qəsdən 5-ci gün yazdım ki, 6-cı gün Natiqin nə edəcəyini izləyə bilək. Nə isə Natiq redaksiyada mesajı bizə göstərəndə dedk ki, bəribaşdan bizə pivə qonaqlığı verməlisən. Bir təhər onu razı sala bildik, axırda gedib redaksiyamızdakı oğlanların hərəsinə bir şüşə pivə aldı. Dedi ki, mükafatla kondinsioner-filan almağı düşünür.
Şənbə günü Natiq “Azercell”in deyilən ünvandakı ofisinə getdi. İçəri girib udduğu mükafatı istəyəndə “Azercell”in əməkdaşları ona deyiblər ki, şirkət belə bir aksuya-filan keçirmir. Natiq isə ofisdə səs-küy salıb ki, qəsdən onun mükafatını vermək istəmirlər. İş o yerı çatıb ki, hətta onu ofis müdirinin yanına da aparıblar. Müdir də deyib ki, kimsə onunla zarafat edir. Beləcə Natıq Cavadlı ilə bir zarafat etdik. O da sonradan işin nə yerdə olduğunu bilib bizimlə bir-iki gün qaşqabaqla danışdı.