Media eksperti: “Telejurnalist Ləman Ələşrəfqızı peşə etikasını tapdalayıb”

Kəlbəcər rayonun işğalının 21-ci ildönümü ilə bağlı ANS kanalında yayımlanan telejurnalist Ləman Ələşrəfqızının süjeti iradlara tuş gəlib. Modern.az məlum süjet barədə hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədlinin fikrini öyrənib. Ə.Məmmədlinin sözlərinə görə, ANS-in reportajında etik pozuntular var: “Təəssüf ki, o süjeti mən də bu mübahisə olandan sonra izlədim və izlədiyim zaman jurnalist etikası baxımından ciddi deyiləcək qədər pozuntu olduğunu gördüm. Çünki jurnalist birincisi, heç kimsəni ittiham etməməlidir. Jurnalist informasiya çatdırır və ana xəbər bülletenində informasiya hazırlayarkən o öz mülahizələrini özünə saxlamalıdır. 21 il öncə çəkilmiş bir görüntünü göstərib sadəcə bütün Kəlbəcər bölgəsinin insanlarını sürü psixologiyası ilə hərəkət etməkdə suçlama heç bir də obyektiv ölçüyə sığmır və bu, çox ciddi bir xətadır. Çünki Azərbaycanın ərazisini qorumaq bir toplumun, bir kütlənin məsələsi deyil, dövlətin və ordunun vəzifəsidir. Vətəndaşı buna görə qınamaq olmaz”.

Ekspertin fikrincə, Ermənistan prezidentinin xanımına istinad da yerinə düşən qeyd deyil. “Jurnalist faktı qoyub heç vaxt öz mülahizələrini fakt kimi topluma təqdim etməməlidir və belə bəlli bir kəsimi, qrupu, ya da əhalini də hansısa formada aşağılamaq heç bir halda jurnalistin etik davranışı çərçivəsinə sığmır. Ona görə də mən düşünürəm ki, Ləman Ələşrəfqızı bu məsələ ilə bağlı iradları qəbul etməlidir”. 

ANS Şirkətlər qrupunun müşaviri Mais Məmmədov isə açıqlamasında süjeti normal hesab etdiyini bildirib: “İradları var, qoy baxmasınlar, başqa kanala baxsınlar. Biz neyləyək? Nəyi düz deməyib? Nə yazıb düz yazıb, normal yazıb”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO