İyunun 22-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə çap olunan “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş nəşrlərinin təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, kitab Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində çox sahəli və yorulmaz fəaliyyətini əks etdirir. Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Mehriban xanım Əliyeva öz çox şaxəli fəaliyyətində mədəniyyətə, mədəni incilərimizə, incəsənətə, tarixi abidələrə çox böyük önəm verir. Onun YUNESKO və İSESKO-dakı fəaliyyəti xüsusi ilə təqdirəlayiqdir. V. Əliyev xatırladıb ki, kitabın Azərbaycan dilindəki nəşri 2007-ci ildə Filarmoniyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında “The Azerbaijani culture-a message to future generations” (“Azərbaycanın mədəniyyəti gələcək nəsillərə ərməğandır”) kitabı ingilis dilində hazırlanıb.
Nazirliyin maliyyə dəstəyi, habelə Azərbaycanın Suriyadakı səfirliyinin təşkilati dəstəyi ilə kitab Suriya Ərəb Respublikasında ərəb dilində nəşr olunub: “Kitabın ərəb dili variantında İslam Konfransı Təşkilatına üzv dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdə Mehriban xanımın iştirakı və mədəni əməkdaşlığın inkişafında Mehriban xanımın fəaliyyəti öz əksini tapıb. Sözügedən kitab Azərbaycan mədəniyyətinin bütün ərəb dünyasında təbliği üçün böyük imkanlar açacaq”.
Qeyd edək ki, hər iki kitabda ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi rəhbəri Sevda Məmmədəliyeva, layihənin rəhbəri Lalə Kazımova, tərtibçilər isə Lətifə Məmmədova, Əli Eyvazov və Mayıl Əhmədovdur. Kitablarda çoxlu sayda maraqlı, habelə ilk dəfə oxuculara təqdim olunan məlumat və fotoşəkil verilib. Kitabların hazırlanmasında Prezident Kitabxanasının böyük əməyi olub və sözügedən nəşrlərdə AzərTAc-ın materiallarından geniş istifadə edilib.