Oktyabrın 3-dən Azərbaycanda İran İslam Respublikasının mədəniyyət həftəsi öz işinə başlayıb.
Maraqlı sərgilərin, bədii kino nümayişlərinin, ədəbi-elmi görüşlərin uğurla davam etdiyi günlərdə təəssüf ki, İran İslam Respublikasının “Fars Xəbər Agentliyi” və “Tehran Tayms” kimi informasiya vasitələri bu əhəmiyyətli mədəniyyət hadisəsini işıqlandırarkən ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstəriblər. “Tehran Tayms” Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim edib. “Fars Xəbər Agentliyi” də eyni kobud yanlışlığa yol verib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, İranın mətbuat orqanlarında işıqlandırılan yanlış məlumatlara qarşı qəti etirazını və dərin təəssüf hissini bildirir, bütün tarixi, ədəbi məxəzlərin, dünya ictimaiyyətinin, Nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsasən Nizami Gəncəvinin İran şairi deyil, Azərbaycan şairi olduğunu, Azərbaycanın qədim şəhəri Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə qovuşduğunu bəyan edir. 9 əsr ərzində Nizami Gəncəvi adı, onun ölməz irsi həmişə Azərbaycana məxsus olub, dahi şairi dünya sivilizasiyasına Azərbaycan xalqı bəxş edib. Dövrün ədəbi qaydalarına uyğun olaraq bir çox digər Azərbaycan şairləri kimi, Nizami Gəncəvinin də öz əsərlərini fars dilində yaratması onun milli mənsubiyyətini təyinetmə mövzusu olmayıb və ola da bilməz.
İnanırıq ki, “Fars Xəbər Agentliyi”nin və “Tehran Tayms”ın yanlış məlumatları İran cəmiyyətinin mövqeyini ifadə etmir və hər hansı bir xəbər qurumunun mətbuat qanunlarına məsuliyyətsiz münasibəti İran – Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafına kölgə sala bilməz.