Mayın 20-də R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində “Mədəniyyət” kataloqunun 3-cü sayının təqdimat mərasimi reallaşacaq. Qeyd edək ki, “Mədəniyyət” kataloqu 2008-ci ildən işıq üzü görür. Azərbaycan, rus, ingilis dillərində nəfis şəkildə nəşr edilən kataloqda Azərbaycanın mədəniyyət və turizm sahəsində ən önəmli təbirlər, tanıtım və təbliğat xarakterli materiallar geniş şəkildə əks olunur. Kataloqun 2010-cu il sayında 2009-cu il ərzində ölkəmizdə baş verən ən önəmli mədəniyyət hadisələri yer alıb. Yüksək dizayn və maraqlı fotoşəkillərlə təqdim olunan materiallar bu tədbirlər barədə oxucuda kifayət qədər dolğun təəssürat yaradır. “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirləri çərçivəsində həyata keçirilən layihələrin işıqlandırılması ilə yanaşı kataloq ənənəvi musiqi, teatr, kino, ədəbiyyat, art, uşaqlar, opera və balet, turizm və digər rubrikaları ilə oxucularının görüşünə gəlib. 2009-cu ilin ən yaddaqalan tədbirlərindən olan Beynəlxalq “Muğam dünyası” Festivalı, Bakıda Beynəlxalq caz festivalı, Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, “İslam mətbəxi” kulinariya festivalı, Müasir İncəsənət Muzeyinin açılış mərasimi, İsveçrədə, İngiltərədə, Küveytdə Azərbaycan mədəniyyəti günləri cəlbedici fotoşəkillərlə geniş işıqlandırılıb. Həmçinin oxucular kataloqda Rostropoviç adına üçüncü festival, Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin Meksika səfəri, Montrödə keçirilmiş caz festivalında həmvətənimiz İsfar Sarabskinin qələbəsi, virtouz Corc Bensonun Bakıya səfəri, “Eurovision 2009”, Dövlət Pantomima Teatrı, “Cavad xan” və “40-cı qapı” filmləri, İzzət Orucovun 100 illik yubileyi, Miniatür Kitab Muzeyi, “53-cü Venesiya byennalesi”, “Yeddi” – Müasir Azərbaycan fotoqrafiya sərgisi, Bakı Xoreoqrafiya Məktəbinin 80 illiyi ilə bağlı da maraqlı məqalələrlə tanış ola bilərlər.