İTV-nin mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, səfir deyib ki, missiyanın Bakıdakı qərargahında çalışan 40 müşahidəçi 23 ölkənin təmsilçisidir. Seçkiyə bir neçə gün qalmış seçki müşahidə missiyasına daha 450 müşahidəçi qoşulacaq: «Bizim vəzifəmiz – müşahidə aparmaq və müdaxilə etməməkdir. Biz yalnız müşahidə edir, hesabat hazırlayır və tövsiyələr veririk. Biz seçkinin legitim olub-olmaması haqqında nəticə çıxarmırıq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu AŞ PA-dan olan tərəfdaşları ilə birlikdə öz rəyini seçkilərdən bir gün sonra açıqlayacaq».
İ.Ömərov bildirib ki, İTV seçki prosesində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır: «Seçki xalqın siyasi mədəniyyətinin bir göstəricisidir. İTV olaraq biz əhali arasında seçki fəallığının yüksək olmasına çalışırıq. Bu məqsədlə hələ təbliğat-təşviqat kampaniyası başlamamışdan əvvəl seçicilərin maarifləndirilməsi ilə bağlı proqramlar yayımlayırıq». Baş direktor qeyd edib ki, namizədlərin heç birinə bu və ya digər şəkildə üstünlük verilməyəcək, onların hamısına eyni şərait yaradılacaq.
Mənbə: «Media forum»