Azərbaycan Mətbuat Şurası bir neçə ildir “reket qəzet”lərin “Qara siyahı”nı tərtib edib. Bu siyahı mütəmadi olaraq yenilənir. Bəs onun effekti varmı?
“Əlbəttə, effektini görürük. Ən azı biz o konteksdən baxaq ki, qəzetlər həmin siyahıya düşmək istəmirlər və bunun üçün də istənilən halda fəaliyyətlərində ciddi olurlar, etik prinsipləri gözləməyə çalışırlar”.
Bunu Modern.az saytına açıqlamasında Mətbuat Şurasının Şikayətlər üzrə komissiyanın rəhbəri Müşfiq Ələsgərli deyib.
Mətbuat Şurasının “Qara siyahı”nı tərtib etməsindən uzun müddət keçib.
M. Ələsgərlinin sözlərinə görə, “Qara siyahı”dakı qəzetlərin sayı azalıb:
“Bura düşən qəzetlərdən bir çoxu fəaliyyətində dönüş edir və həmin siyahıdan çıxmağa çalışırlar. Məsələn, orta hesabla götürsək, bir neçə il ərzində təqribən 200-ə yaxın qəzet o siyahıya düşüb. Amma zaman-zaman bilirsiz ki, Mətbuat Şurasında həm də Apellasiya qrupu fəaliyyət göstərir və adı siyahıda olan qəzetlər oradan çıxmaq üçün belə deyək, fəaliyyətlərində dönüş olanlar müraciət edirlər ki, “biz ordan çıxmaq istəyirik”. Onların məsələsinə baxılır, zaman-zaman da onların adları həmin siyahıdan çıxarılır. İndi isə artıq 80-dən bir az çox qəzetin adı üzdəniraq siyahıda qalıb. Bir daha vurğulayıram ki, indiyə qədər 200-ə yaxın qəzet orada olub. Bir çox hallarda sonradan həmin siyahıdan çıxarılanlar olub və onlar da fəaliyyətlərində düzəliş ediblər. Təbii ki, bu özü də müsbət haldır ki, fəaliyyətlərində dönüş edən qəzetlər olub və həmin siyahıdan çıxıblar.
Bir məsələ də yaxşıdır ki, digər KİV redaksiyaları da bu cür ictimai qınağın olduğunu nəzərə alaraq, özlərinə daha məsuliyyətlə, ciddi yanaşırlar”.