Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisi «Həyat işığında» layihəsinin icrasına başlayıb.
SalamNews xəbər verir ki, layihə çərçivəsində Azərbaycan jurnalistikasının inkişafanda xidmətləri olmuş, ömrünü-gününü peşəsinə sərf etmiş qayğıya ehtiyaclı qələm sahiblərinə baş çəkmək, onlarla maraqlanmaq nəzərdə tutulur. Layihənin məqsədlərinə eyni zamanda jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yaradıcılıq gecələrinin, dünyasını dəyişmiş qələm sahibləri ilə bağlı anım mərasimlərinin təşkili də daxildir.
Bu məqsədlə MŞ sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri qocaman jurnalist Kazım Ələkbərova baş çəkiblər. Hazırda ömrünün 88-ci ilini yaşayan Kazım Hacıhüseyn oğlu Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində – AzərTAc-da, «Xalq qəzeti»ndə, «Bakı»-«Baku» qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələr tutub, bir neçə jurnalist nəslinin yetişməsində xidmətləri olub.
Görüş zamanı MŞ sədri Əflatun Amaşov K.Ələkbərova rəhbərlik etdiyi qurumun təşəbbüsü barədə məlumat verib. Bildirib ki, Şura qayğıya ehtiyacı olan jurnalistləri yaddan çıxarmayacaq, onların keçdiyi ömür yolunun təqdim edilməsi üçün tədbirlərini gücləndirəcək.
Qocaman jurnalist K.Ələkbərov həyat fəaliyyətindən söz açıb, jurnalist fəaliyyətinin spesifik məqamları ilə bağlı fikirlərini bölüşüb.
– See more at: http://salamnews.org/az/news/read/120300#sthash.fyImuLHj.dpuf