Bakıda Azərbaycan Mətbuat Şurasının 10 illik yubileyi keçirilib.APA-nın xəbərinə görə, əvvəlcə Mətbuat Şurasının 10 il illik fəaliyyətindən bəhs edən “Zamanla üz-üzə” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan Mətbuat Şurası ölkə mediasının ehtiyacından doğaraq yaranıb: “On ildir Azərbaycan mediasında Mətbuat Şurası adlı ailə fəaliyyət göstərir. Bu institutun Azərbaycan mediasına gəlişi və bugünkü fəaliyyəti təsadüfü deyil. Bu gün Azərbaycan mediasının inkişafında 3 əsas meyl müşahidə olunur ki, onların da hər üçü Mətbuat Şurası tərəfindən icra olunur. Onlardan biri 1998-ci ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad söz, media mühitinin inkişaf etdirilməsi, digəri jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, jurnalist davranış normaları ilə Azərbaycan cəmiyyətinin mətbuata, azad sözə olan ehtiyaclarının uyğunlaşdırılması, üçüncüsü isə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, nüfuzunun Azərbaycan cəmiyyətində bərpa olunması, qorunması və inkişaf etdirilməsi, jurnalistlərin adına xələl gətirən qeyri-qanuni, neqativ hallardan xilas olunmasıdır”.
Çıxışının sonunda Ə.Həsənov Mətbuat Şurasının yaranmasında və inkişafında rolu olan bütün media orqanlarına təşəkkür edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, 10 il ərzindəki uğurlar mətbuat orqanları ilə birgə fəaliyyət nəticəsində əldə olunub. Uzun zamandır Mətbuat Şurasının binasının olmaması məsələsindən danışan Ə.Amaşov qeyd edib ki, şuranın ofislə təmin olunması məsələsi Azərbaycan mətbuatının 130 illik yubileyində öz həllini tapıb: “Bundan əlavə, 10 illik zaman ərzində minlərlə vətəndaş Mətbuat Şurasına müraciət edib və müraciətlər araşdırılaraq lazımi tədbirlər görülüb. Bizim hər bir irad və tövsiyəmiz diqqətlə qarşılanıb”.
Tədbirin davamında professor Şirməmməd Hüseynov, millət vəkili Sabir Rüstəmxanlı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının fəaliyyəti ilə bağlı fikir və təbriklərini çatdırıblar.