Azərbaycan Mətbuat Şurasının (AMŞ) qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verib.
AMŞ-dən SalamNews-a bildirilib ki, iclasda xüsusən də paytaxtda qəzet yayımını həyata keçirən «Əks səda» firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr gedib. Firmanın direktoru Vüqar Həsənli bildirib ki, rəhbərlik etdiyi təşkilat 91 qəzet redaksiyası ilə müqavilə bağlayaraq onların məhsullarını yayır və həmin KİV-lərin satış göstəricilərinin əks olunduğu rəsmi sənəd təqdim etmək imkanındadır.
İclasda «Əks səda» firmasının qəzet satışındakı rentabelliyin artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb. Çıxış edənlər mövcud istiqamətdəki məsələlərin redaksiyaların iştirakı ilə geniş müzakirəsinin təşkilini məqsədəuyğun sayıblar. Belə bir toplantının gələn həftə baş redaktorların iştirakı ilə keçirilməsi qərara alınıb.
– See more at: http://salamnews.org/az/news/read/120476#sthash.STezCV4a.dpuf