Modern.az xəbər verir ki, bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası olub. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiyanın üzvləri 6 məsələni araşdıraraq müvafiq rəylər çıxarıblar.
Öncə Şəki rayonunun Çayqaraqoyunlu kənd orta məktəbinin müəllimi Mansur Səfərovun “Yeni Müsavat” qəzetinin 7 mart 2014-cü il tarixli sayında ona istinad olunan yazı ilə bağlı müraciətinə baxılıb. Şikayətçi bildirib ki, qəzet həmin məqalədə yer alan fikirlərin və faktların onun redaksiyaya ünvanladığı müraciətdən götürüldüyünü göstərib. Onun isə belə bir məktubdan xəbəri yoxdur. Komissiya cavabdeh tərəfi dinlədikdən sonra qənaətə gəlib ki, narazılığın yaranmasının kökündə qəzetin məktub çapa getməzdən əvvəl dəqiqləşdirmə aparmaması dayanıb. Məsələyə aydınlıq gətirilməsi üçün mətbu orqan şikayətçinin mövqeyinin əks olunduğu məktubunu təqdim etməlidir. Cavabdeh tərəf təkliflə razılaşdığından məsələ həllini tapmış sayılıb.
Salyan Rayon İcra Hakimiyyətinin sektor müdiri Kərəm Muradov RİH-lə gunxeber.com və bizimxeber.az saytları arasında anlaşma əldə olunduğunu deyib. Komissiya rəy qəbulunda məlumatı əsas götürüb. Bunula yanaşı şikayət doğuran materiallarda etik prinsiplərə sayğısızlığın özünü göstərdiyi vurğulanıb. Tərəflərə tövsiyə olunub ki, gələcək fəaliyyətlərində bu kimi hallara diqqətlə yanaşsınlar.
Üçüncü məsələnin müzakirəsində belə fikir səslənib ki, bir sıra saytların peşə etikasının tələblərini gözləmədən yayımladıqları materialları digərləri də həmin yanlışlığı təkrarlamaqla təqdim etməsi haqlı narahatlıq və narazılıq doğurmaqdadır. Bizimxeber.az-ın qafqaznews.az saytından götürdüyü Bakı şəhəri 48 saylı notariat kontoru barədə materialı da buna nümunədir. Qafqaznews.az saytının rəhbərliyi məsələnin müzakirəsinə dəvət olunsa da iclasda iştirak etməyib. Komissiya bütün bunların hər iki sayta Mətbuat Şurasının xəbərdarlığının elan olunmasına əsaslar verdiyi barədə rəy çıxarıb.
İclasda “Kafqaz news” qəzetinə də MŞ-nin xəbərdarlığı edilib. Rəydə göstərilib ki, mətbu nəşrin rəhbərliyi qonşu ilə münaqişədə özünə məxsus orqanın blankından və möhüründən sui-istifadə edib, işıq üzü görən saylarda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərinə sayğısızlıqla yanaşıb. Məsələ Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən də araşdırılacaq.
Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzeti barədə müraciəti cavabdeh tərəfin iştirakı olmadan müzakirə edilib. Qəzet rəhbərliyi məlumatlandırılmasına baxmayaraq, komissiyanın iclasına qatılmayıb. Müzakirələr zamanı komisiya üzvlərinin çıxışlarında yekdil fikir səslənib ki, mətbu nəşrin 18 aprel 2014-cü il sayında gedən yazıda dövlət başçısı ilə bağlı etik çərçivəni aşan fikirlər yer alıb. Məqalədə şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər təqdim olunub və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələbləri pozulub. Komissiya “Azadlıq” qəzetinə MŞ-nin xəbərdarlığının elan olunması barədə rəy çıxarıb.