Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki qonağı göz həkimiAygül Kərimzadədir. O, tələbə yoldaşı, rəfiqəsi, keçmiş jurnalist, deputat Qənirə Paşayevahaqqında danışır:
“Qənirə prinsipial qız idi”
“7 il bir qrupda oxuduğum Qənirə xanımı tələbəlik illərindən tanıyıram. 1991-ci ildə Tibb Universitetinin (Azərbaycan Dövlət Tibb Universitetinin) pediatriya fakültəsinə qəbul olunmuşuq. Bizim qrup patokda seçilirdi, Qənirə başda olmaqla hamısı zəhmətkeş, özü oxuyan, çalışan uşaqlar idi. Müəllimlər zarafatla deyirdilər ki, bunlar kitabxana camaatıdır. Yəni o vaxt internet yox idi, əsasən kitabxanalara müraciət edirdik.
Qənirə ilə mən rəfiqə olmuşuq. O, Tovuzda, mən isə burada orta məktəbi qızıl medalla bitirmişik. İkimiz də bir imtahanla universitetə qəbul olunmuşduq. İndi hərdən Qənirə xanım 700 bal yığan uşaqları təqdim edir, onlarla görüşür. Bir dəfə təqdimatda dedim ki, biz də elə bil 700 balla qəbul olunmuşuq. Çünki o vaxt ən yüksək nəticə bu idi- bir imtahanla “5” alıb qəbul olunmaq.
Qənirə xanım adi bir tələbə idi, çox sadə, qəlbi təmiz, uşaq kimi idi. İkimiz də məktəbə bir yaş tez getmişdik deyə, qrupdakı uşaqların hamısı bizdən böyük idi. Qənirə instituta girəndən sonra burada qardaşları ilə qalırdı. O qardaşlarına da baxır, dərsini də oxuyurdu. Biz məəttəl qalırdıq ki, “sən bunları necə çatdırırsan?”.
Qənirə prinsipial qız idi. Nəsə deyirdisə, onu etməli idi. Nə qədər desəydin ki, ay qız yox, faydası olmurdu. Prinsipiallıq onda birinci xüsusiyyət idi. Amma deyim ki, lider deyildi. Bir də Qənirədə anadangəlmə fitri istedad var idi. İnanın ki, poemaları, şeirləri əzbər bilirdi. Biz məəttəl qalırdıq ki, tibb hara, ədəbiyyat hara. Axı biz ədəbiyyat sahəsində elə güclü deyildik. Hərdən yorulanda yalvarırdıq ki, “Qənirə sən Allah bir şeir, poema de”. O da kefinə düşəndə deyirdi. Məmməd Arazın şeirlərini çox sevirdi. Ən çox onun şeirlərini deyirdi, bizə də ləzzət edirdi. Məmməd Arazın “Valakardin” şeirini deməyi yadımdadır. Ürəyimiz gedirdi, o “valakardin” deyəndə. Deyirdik, “Qənirə, sən Allah, bir “valakarin” denən”. Dövlət imtahanında da mən dedim ki, Qənirə axırıncı dəfə “Valakardin” şeirini denən. Komissiya oturub, Qənirə də “Valakardin” deyir (gülür). İmtahandan çıxandan sonra az qaldı məni öldürsün ki, sənə axı kim deyirdi orada bunu yada sal (gülür).
Qənirə o zaman çılğın insan deyildi. Mən görməmişəm ki, o özündən çıxsın, əsəbiləşsin. Qəlbi çox incə idi, hamıya ürəyi yanırdı. O özünü də kiməsə görə qurban verərdi, belə bir xasiyyəti var.
Qrup yoldaşlarıyla çox mehriban idi. O, instituta yaxın kirayə evdə qalırdı. Həmişə bizi evinə dəvət edir, hamını yığırdı, biz də boş olan kimi onlara gedirdik. Hələ inciyirdi ki, gəlmirsiniz. Elə istəyirdi ki, hamı onlara gəlsin, bir yerdə oturaq, dərs edək”.
“Kimdi onu jurnalist olmağa qoyan”
“O, əvvəldən jurnalist olmaq istəyirdi. Bizim sinif nümayəndəmiz var idi. İndi də endokrinoloq işləyir. Onun bir bloknotu var idi, bekar vaxtı tələbələr arzularını ora yazırdı. İkinci kursda oxuyurduq. Qənirə yazmışdı ki, “mən həkim-jurnalist olacağam. Arzum budur”. Uşaqlar onu zarafata qoyub, özləri də ikili ixtisas göstərirdilər. Fikirləşirdik, danışır da, kimdi onu jurnalist olmağa qoyan. O vaxt kimin ağlına gələrdi ki, Qənirə Tibb İnstitutunu qurtarıb jurnalist olacaq. Belə fikir yox idi, Tibb İnstitutuna daxil olmaq Qənirənin anasının arzusu olub. Anası həmişə deyir ki, “onu mən qoymadım jurnalist olsun”. Amma Qənirə prinsipiallıqla məqsədinə çatdı, çətinliklərin hamısına dözdü və ixtisasa yiyələndi. Qənirə jurnalist olmaq üçün çox əziyyət çəkdi. Mən həmişə deyirəm ki, o nəyə çatıbsa, əziyyətlə çatıb.
Qənirə həkimliyi də həvəslə oxuyurdu, dərslərindən yayınmırdı. Qurtarandan sonra fikrini dəyişdi və qəti qərara gəldi ki, jurnalist olmaq istəyir. O, həkim işləmədi. Qənirə institutun axırıncı illərində artıq jurnalist fəaliyyətinə başlamışdı. ANS təzə açılmışdı, ora gedirdi. Qurtarandan sonra da orada çiçəklənməyə başladı.
Həkim işləsəydi də, yaxşı həkim olardı. Özü istəmədi. Biz gözləyirdik ki, Qənirə həkim olacaq. Düzdür, fitri istedad Qənirədə var idi. Qrupdaxili tədbir olanda da həmişə gözəl arzular deyirdi, əzbərləmirdi, onda bədahətən demək qabiliyyəti var idi. O şeir, poema deyəndə dincəlirdik. Amma heç vaxt inanmazdıq ki, Qənirə institutu qurtarıb jurnalist olacaq. Yəni, o elə ailədən idi ki, heç vaxt onun jurnalist olmağına razı olmazdılar. Ona görə də qoymamışdılar. Ancaq sonra valideynləri də gördü ki, Qənirəni jurnalistikadan ayırmaq mümkün deyil, ona dəstək durdular. Biz də fəxr edirik ki, belə bir qrup yoldaşımız var. Özüylə görüşməsək də, televizorda görmək bizə kifayətdir. Təki həmişə yaxşı sədaları gəlsin. Mən şəxsən onunla çox fəxr edirəm.
Təzə parlayan vaxtlarında onun haqqında çox şayiələr gəzirdi. Hərə bir söz deyirdi. Az qalırdım həmin adamlarla münaqişəyə girim. Onun haqqında kim nə desə, həmişə ağzından vururam. Qənirənin ürəyi çox yumşaqdır. Hərdən səsini qaldırmağına fikir verməyin. Qıraqdan elə görünsə də, yarım saat onunla oturub söhbət edəndə görürsən ki, qəlbi necə incədir. İndi hamı onu tanıyır, görürəm ki, xalq onu sevir. Artıq Qənirəni tanıtmağa ehtiyac yoxdur, o özünü doğrultdu. Hansı millət vəkili öz rayonunda 700 bal toplayan tələbələrin evinə gedir, hədiyyə aparır? Mənə elə gəlir, bunu heç bir millət vəkili etməz, amma Qənirə edir. O oxumağın, xüsusən qızların oxumağının, yüksəlməyinin tərəfdarıdır. Zərrə qədər də olsa, çalışır ki, kiməsə yaxşılıq etsin, xalq da görür. Bunu gizlətmək olmaz”.
“Səni axırda tutacaqlar, neyləyəcəksən”
“Biz insititutu 1997-98-ci illərdə qurtarmışıq. Həmin dövrün tələbələriyik. O vaxt müharibə idi, mitinqləq olurdu, qaçqın, köçkünlər var idi. Biz o vaxtı tibbi ekspertiza dərsi keçirdik, orada o qədər şəhidlər görmüşük. Fikirləşirəm ki, o hadisələr Qənirəyə vətən ruhunu, fədakarlığı verdi. Ara qarışan vaxtlarda Qənirə olanlara dözmürdü, onda o qədər vətən hissi var idi. Həmişə əsəbiləşirdi.
Qənirə təzə jurnalistikaya başlayan vaxtlarında mən həmişə əsəbləşirdim, deyirdim ki, “ay qız, çox elə danışma da” (gülür). Görürdüm ki, dilinə nə gəlir deyir, deyirdim, “səni axırda tutacaqlar, neyləyəcəksən” (gülür). Deyirdi, “yox, mən hamısını deməliyəm”. İnsitutu təzə qurtarmışdıq, o, ANS-in “İç xəbər” verilişində məlumatları verirdi, biz hamısını izləyirdik, elə o danışan kimi qrupumuz zəngləşirdi ki, Qənirə danışır. Həmişə deyirdik ki, “Qənirə bəsdir”, deyirdi, “yox deyəcəm, siz qarışmayın, deməliyəm”.
Qənirə jurnalist olanda o qədər özünü xalqa yaxın göstərdi, o qədər xalq üçün özünü öldürdü ki, deputat üçün o hazır məhsul idi. Millət vəkili üçün lazım olan bütün xüsusiyyətlər onda var. Qənirənin deputat seçilməsinə çox sevindik. Özümüz də hərdən ona məsləhət görürdük ki, namizədliyini ver. Onun deputat seçilməyi bizim üçün gözlənilməz olmadı. İndi hərdən deyirik ki, çox əziyyət çəkirsən, özünə bax. Amma onunla bacarmaq olmur.Qənirə etibarlı dostdur. Mən nə vaxt onlara gedim, adamı elə qarşılayır, elə bil ki, mən deputatam, o adi bir həkim. Rəfiqəliyimiz həmişəki kimi davam edir. İndi vaxtı olmadığı üçün lap sıx görüşməsək də, əlaqələrimiz var. Bütün kitab təqdimatlarına məni dəvət edir, iştirak edirəm. Xasiyyətində heç bir dəyişiklik olmayıb. Həmin Qənirədir. Əksinə, indi bir az da yumşalıb. Əvvəl bəlkə də bir az prinsipial, tərs idisə, indi bir az yumşalıb, yəni bizə qarışıb. Mən “Qənirə” deyəndə uşaqlarım soruşur ki, “mama, sən o Qənirə Paşayeva ilə belə danışırsan?”. Deyirəm ki, “hə də…”.
Çox yalan şayiələr gəzirdi ki, Qənirə kiminləsə ailə qurub. Ona görə deyirdim, çox əsəbiləşirdim ki, bilmədiyinizi niyə danışırsınız. Qənirə heç vaxt ailə qurmayıb. Həmişə biz deyirdik, bəsdir, bu işin ətəyindən yapışdın, ailə qur. Demirəm, ailə qurmaq istəmir. Sadəcə, qarşısına o istədiyi adam çıxmayıb. Qənirə çox dərin düşüncəli bir insandır, gərək onu başa düşən adam olsun, o da bir az çətindir. Yəqin eləsi, qarşısına çıxmayıb. Həmişə öz ailəsinin içində olub.
Mən həkim kimi birinci Qənirəyə cansağlığı arzulayıram, işləri uğurlu, istədiklərini həyata keçirtmək üçün yolları açıq olsun. Bilirəm ki, bundan sonra neçə illər də millət vəkili seçiləcək, onu sözün əsl mənasında istəsə də, istəməsə də xalq seçəcək. Onunla şəxsi görüşəndə birinci ailə həyatı arzulayıram”