Mayın 29-da Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami Tərcümə Mərkəzində olub.
Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyəti, qısa müddət ərzində gördüyü işlər, beynəlxalq aləmdə qurduğu əlaqələr barədə qısa məlumat verərək, ərəb ədəbiyyatından edilmiş tərcümələr, ərəb dünyasına, ədəbiyyatına və mədəniyyətinə olan böyük maraqdan danışıb:
“Son aylar Mərkəzin nümayəndə heyəti Londonda, Budapeştdə, Çexiya Mədəniyyət Nazirliyinin rəsmi dəvəti ilə Praqada, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillonun dəvəti ilə Turində keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak etdi. Bu ölkələrin hər birində Mərkəz, Azərbaycan həqiqətlərinə, həmçinin ölkədə gedən sürətli inkişaf proseslərinə dair kitab, buklet və məcmuələrin sərgidə iştirak edən xarici nəşriyyat və mətbu qurumları arasında yayılması ilə yanaşı, qarşılıqlı ədəbiyyatların tərcüməsi və nəşri, Azərbaycan dilinin tədrisinin bu ölkələrdə təşkili, Azərbaycanın qədim əraziləri, əlifbası və mədəniyyəti ilə bağlı kitabxanalarda saxlanılan sənəd və materialların, xəritə və atlasların surətinin əldə edilməsi ilə bağlı danışıqlar aparıldı, müqavilələr bağlandı. Bu istiqamətdə ərəb ölkələri ilə də sıx əməkdaşlıq yaratmaq niyyətindəyik. Ərəb dünyası bizim üçün, ilk növbədə, müqəddəs Məhəmməd peyğəmbərin dünyası, ərəb dili Quran dilidir. Müasir ərəb ədiblərinin, yazıçı və şairlərinin əsərlərini Azərbaycan dilinə, həmçinin Azərbaycan ədəbiyyatını ərəb dilinə tərcümə edib ərəb dünyasına tanıtmaq, Mərkəzin həyata keçirməyi nəzərdə tutduğu əhəmiyyətli layihələr sırasındadır. Bununla bağlı biz ölkəmizdə fəaliyyət göstərən səfirlərlə görüşür, müxtəlif formatlı layihələri müzakirə edirik. Sizinlə isə, həm də bir yazıçı kimi, xüsusən Azərbaycan və azərbaycanlılar barədə yazıb-yaradan ədib kimi görüşməyi vacib hesab etdik”.
Həsən Hami bildirib: “Dəvətinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqları, ölkələri bir-birinə tanıdıb yaxınlaşdıran, dost və qardaşlıq münasibətlərini bərqərar edən bütün növ əlaqələrdən ən önəmlisi ədəbiyyatdır. Mən Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Burada işlədiyim müddətdə diplomatik fəaliyyətimlə bərabər, həm də yaradıcılıqla məşğul oluram. Mən dünyanın dörd kontinentində işləmişəm, lakin Azərbaycan, ən çox əsər yazdığım ölkədir. Bakı, İçərişəhər, Azərbaycan qadınları barədə ingilis, fransız və ərəb dilində yazdığım əsərlər dünyanın bir çox ölkələrində nəşr olunub. Azərbaycanın gözəl ənənələri var və bu ənənələr xalqı dərindən tanımağa imkan yaradır. Ədəbiyyat da belədir. Xalqlar bir-birini yalnız ədəbiyyat vasitəsi ilə dərk edə və sevə bilər. Azərbaycan ədəbiyyatının ərəb dünyasına tanıdılmasını vacib addım hesab edirəm və bu işdə, poeziya nümunələrinin ərəb dilinə tərcüməsi və ərəb dünyasında tanıdılması ilə bağlı sizə öz köməyimizi əsirgəməyəcəyik”.
Görüşün sonunda səfir Mərkəzi bu ilin oktyabr ayında Mərakeşdə baş tutacaq Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət etdi.