Dünyanın xalçaçılıq sahəsində nüfuzlu nəşrlərindən olan Londonun “Halı” jurnalı 175-ci sayında Bakıda yerləşən “Azər-İlmə” xalçaçılıq şirkəti haqqında xüsusi material dərc edib.
“Azər-İlmə”-dən SalamNews-a bildirilib ki, jurnalda Azərbaycanda ilk dəfə olaraq ən müasir standartlara cavab verən “Xalçaçılıq Tədris Mərkəzi”nin açılışından danışılır. Mərkəzdə 7-16 yaş arasında olan uşaqların təhsil aldığı, gənc xalçaçıların hazırlığı üçün bütün şəraitin yaradıldığı qeyd olunur. Mərkəzə xalçaçılıq sahəsində, həm də sənətkarlıq və pedaqoji təcrübəyə malik olan mütəxəssislər cəlb edildiyi, şagirdlər üçün xüsusi hanaların hazırlandığı vurğulanır. Göstərilir ki, “Azər-İlmə” xalçaçılıq şirkətinin həm tədris mərkəzinin şagirdləri, həm də istənilən xalça həvəskarları üçün dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradovun “Azərbaycanda xalçaçılıq sənəti” adlı kitabı çapdam çıxıb.
Xatırladaq ki, xalça və xalça məmulatlarından bəhs edən “Halı” juralı 1978-ci ildən nəşr olunur. İldə dörd dəfə çıxan jurnalda müxtəlif ölkələrindən olan mütəxəssislərin araşdırmaları və ekspert rəyləri, xalçaçılıq sahəsindəki yeniliklər haqqında məqalələr dərc olunur, xalça kolleksiyaçılarına məxsus əntiq xalça nümunələrinin təsvirləri verilir.