Modern.az saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı projesini artıq dördüncü həftədir ki, davam etdirir. Bu həftə Lənkəran rayonunda doğulan jurnalistlər ilə əlaqə saxladıq. Onlar rayonun iqtisadi durumu, inkişaf və problemləri, əhalinin məşğuliyyəti barədə bizə danışdılar.
İlk müsahibimiz “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bilidirdi ki, 27 ildir Bakıda qohumları ilə birlikdə yaşayır və Lənkəranla daimi əlaqəsi yoxdur, amma oradakı vəziyyəti mütəmadi izləməyə çalışır. “Lənkəran haqqında bilgilərim Azərbaycanın digər bölgələri haqqında bakılıların bildiyi qədərdir. QHT-lərin də mütəmadi olaraq çıxış etdikləri kimi, bu gün Lənkəranda ən böyük problem kiçik yaşlı uşaqların – qızların məktəbə buraxılmaması ilə bağlıdır. Bu problem ayrı-ayrı kənd yerlərində yaşanır”.
Elçin müəllim regionda narkomaniyanın olmasını böyük problemlərdən biri kimi qeyd etdi. “Lənkəranda bu gün ən böyük problemlərdən biri narkomaniya ilə bağlıdır. Hesab edirəm ki, bu bölgədə narkomaniyaya qarşı mübarizəni gücləndirmək lazımdır”.
Elçin Mirzəbəyli Lənkəranda olan inkişaf və problemlərdən də danışdı. “Rayonda qaz, işıq problemi xeyli müddətdir ki, həll olunub. Şəhərin mərkəz hissələrində, kənd yerlərində bildiyim qədər problem yoxdur. Amma əksər kənd yerlərinə, xüsusilə ucqar dağ rayonlarına qaz xətləri çəkilmədiyi üçün müəyyən problemlər yaranır ki, bu da təbii olaraq subtropik meşələrin qırılmasına və məhv olmasına səbəb olur. Bildiyim qədər rayonun infrastrukturu normal vəziyyətdədir. Rayonda şosse yollarıyla bağlı problem yoxdur, amma ucqar dağ kəndlərinə, uzaq kəndlərə aparan yollarda ciddi problemlər mövcuddur”.
Elçin müəllim digər bölgələrdə olduğu kimi, Lənkəranda da iqtisadi problemlərin olduğunu qeyd edti. “Hər yerdə olduğu kimi, bu regionda da yeni iş yerlərinin açılmasına ehtiyac var. Digər bölgələrdə xarakterik olan ümumi problemlər bu rayonda da var”.
Sonda Elçin Mirzəbəyli rayonun İcra Hakimiyyəti ilə əhali arasında olan münasibətlər barədə öz mövqeyini bildirdi. “Rayonun icra başçısı yeni təyin olunub. Əhalinin icra strukturlarına münasibəti barədə məlumatım yoxdur. Ümumiyyətlə, əhali və İcra Hakimiyyəti münasibətlərini bu və ya digər problemlərin həlli üçün nəticə saymıram, çünki icra strukturları ümumi bir dövlət mexanizminin tərkib hissəsidir və həmin mexanizmin necə fəaliyyət göstərilməsindən asılı olaraq, onlar da elə fəaliyyət göstəririlər. Buna görə bu, çox qlobal miqyasda problemlərin həllinə yardım göstərən məsələ olmadığı üçün xüsusi olaraq marağımı kəsb etməyib və bu barədə də kimsəyə sual verməmişəm”.
Modern.az saytının əməkdaşı Xaqani Səfəroğlu qeyd etdi ki, 90-cı illərlə müqayisədə Lənkəranda bir sıra problemlər öz həllini tapıb. “Belə ki, əvvəllər rayonda əhalinin yaşam tərzində ciddi sosial problemlər olmuşdusa, indi onların bir qismini görmək mümkün deyil”.
X.Səfəroğlu onu da vurğuladı ki, hazırda Lənkəranın sosial vəziyyəti elə də ürəkaçan deyil. “Bir sıra problemlər var. Bunlardan biri işsizlikdir ki, bu da əhalinin böyük hissəsini əhatə edir. Rayonda indiki vaxtda “Azərsun Holdinq”in zavodları, “Gilan Holdinq”in meyvə, tərəvəz konserv zavodları tikilib, amma bu da işsizlik problemini həll etmir. Çünki orada işə götürülənlər sayca azdır. Əhalinin əksəriyyəti Rusiyaya gedib. Orada xırda ticarətlə məşğul olub, ailələrini dolandırırlar…”.
Həmkarımız bildirdi ki, ölkə içərisində hansı problemlər mövcuddursa, onlar Lənkarana da aiddir.
“Bu gün Lənkarının sferasında ən ciddi problem narkomaniya ilə bağlıdır. Son zamanlar bu çox aktivləşib. Problemin bir sıra səbəbləri var: birinci, İrana yaxın olmamız, oradan narkotranzitin keçməsi. İkincisi, gənclər arasında işsizliyin olmasıdır ki, bu da narkomaniyanın artmasına səbəb olur. İşsiz gənclər vaxtlarını öldürmək üçün bu yola can atırlar. Nəticədə gənclər arasında narkomaniyaya meyl artıb. Bu sahədə ciddi işlər görülməlidir. Hökumətin bu yöndə fəaliyyəti elə də qaneedici deyil. Statistika göstərilir, amma bu heç nəyi həll eləmir. Hökümət cənub regionunda narkomaniya məsələsinin həlli ilə bağlı ciddi addımlar atmalıdır”.
X. Səfəroğlu cənub bölgəsində qız uşaqlarının məktəbə getməməsi ilə bağlı fikirlərə də qəti etirazını bildirib. “Ölkə KİV-lərində gedən materiallarda cənub bölgəsində qız uşaqlarının məktəbə verilməməsi faktlarında ciddi şəkildə təhrif olunmuş məlumatlar var. Statistikaya görə, ötən il və bu il cənub bölgəsində ali təhsil almağa gedənlərin əksəriyyətini qızlar təşkil edir. Necə demək olar ki, cənub bölgəsində qız uşaqları məktəbə getmir? Ümumilikdə isə digər bölgələrdə təhsillə bağlı problemlər Lənkəranda da mövcuddur. Məktəb yaşlı uşaqların bilik və bacarıqlarını ortaya çıxarmaq üçün dövlət şərait yaratmalıdır”.
Xaqani Səfəroğlu Lənkəranın qaz və kanalizasiya problemləri ilə bağlı da bizə danışdı. “Rayonun mərkəzi və bir sıra kəndlər qazlaşdırılsa da, ümumilikdə Lənkəranın qazlaşdırılması məsələsi hələ tam başa çatmayıb. Ötən illərdə prezident İlham Əliyev Lənkərana 109 km qaz çəkilməsi barədə sərəncamı versə də, bu iş ləng aparılır. Mavi yanacağın olmaması Talış meşələrinin qırılması ilə müşayiət olunur. Hər il qışda maşınlarla odun gətirilib satılır, ağaclar qırılır. Əhalini də qınamaq olmaz. İstilik əldə etmək üçün nəsə yandırmaq lazımdır. Qaz xətləri rayona nə qədər tez çəkilərsə, meşələrin qırılmasının qarşısı alınar və odunla bağlı “qara biznes”ə də son qoyular.
Bundan əlavə, Lənkəranın kanalızasiya sisteminin qurulması ilə bağlı ciddi iş aparılmalıdır. Rayonda sovet dövründən qalma kanalizasiya xətləri var ki, bu da ildən – ilə artan şəhər əhalisini təmin eləmir. Ötən illərdə Nazirlər Kabineti Lənkəran rayonun kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı sərəncam verib. O sərəncam həyata keçirilsə, yaxşı olardı”.
Həmkərımız sonda öz təkliflərini də verdi. “Lənkəranda kənd təsərrüfatı sahələrində ciddi kreditləşməyə ehtiyac var. Ölkənin başqa yerlərində əkilməyən, Lənkəranda becərilən spesifik bitkilər var ki, onları xarici ölkələrdən gətirincə, dövlət tərəfindən öz məhsullarımızın biznesini, istehsalını, əkinini stimullaşdırmaq olar. Rayonda ikinci böyük problem isə çayçılıqla bağlıdır. SSRİ vaxtında ittifaq miqyasında Lənkəran çayçılığın mərkəzi kimi tanınır və burada kifayət qədər çay becərilirdi. Ümid edirəm ki, Lənkəranda çayçılğın inkişafı ilə bağlı dövlət proqramı qəbul olunacaq. Bunun üçün ilk növbədə sahibkarlara uzunmüddətli kreditlər verilməsi nəzərdə tutulmalıdır. Çünki çay elə spesifik bitkidir ki, ilk səkkiz il müddətində bəhrə verir. Buna görə gərək səkkiz il krediti gözləyələr ki, sahibkar məhsulu götürə bilsin. Bu gün Azərbaycanda çayçılığın inkişafı ürəkağrıdan məqamlardan biridir.
Dəniz ilə bağlı məsələlər, eyni zamanda orda balıqçılığın inkiçafı üçün böyük şərait var. Bu sahədə müəyyən işlər görmək olar, balıqçılıqla bağlı təkliflər ola bilər. Lənkəranda turizmi inkişaf etdirmək olar. Burada dağ turizminin inkişafı üçün yaxşı imkanlar var. Lənkəranda müalicəvi əhəmiyyətli bulaqlar var ki, onların ortaya çıxarılması üçün biznes strukturlarına, sahibkarlıq fəaliyyətinə stimul yaratmaq lazımdır ki, bu sahəni inkişaf etdirə bilsinlər”.
“Lənkəranın icra başçısı Tofiq İbrahimov may ayında təyin olunub. İcra başçısı yeni təyin olduğundan əhali ilə müntəzəm görüşlər keçirir. Əvvəlki icra başçısı başqa tip insan idi və onunla bağlı problemlər olurdu. Indiki icra başçısı bir qədər təmkini ilə fərqlənir”.
Digər müsahibimiz “Kaspi” qəzetinin müxbiri Təranə Məhərrəmova oldu. Lənkərandan çoxdan çıxdığını bildirən Təranə xanım rayonun iqtisadi vəziyyəti, inkişaf və problemləri barədə məlumatı olmadığını dedi.
“Yalnız eşitdiklərimə görə, Lənkəranda qaz, işıq problemi yoxdur. Təhsilin səviyyəsi bütün Azərbaycanda hansı vəziyyətdədirsə, Lənkəranda da elədir. Axırıncı dəfə isə Lənkərandan görüşdüyüm insan mətbuatla bağlı problemlərdən danışmışdı. Bildirmişdi ki, regionlar KİV-ə Dövlət Dəstəyi Fondunun keçirdiyi layihələrdən kənarda qalır, müsabiqələrdə iştirak etmir, onlara konkret yardımlar göstərilmir. Məhz imkansızlıqdan qəzetlər vaxtlı-vaxtında çıxa bilmir”.
“Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu Lənkəranda anadan oldu, burda jurnalistik fəaliyyətinə başladığını bildirdi. “Uzun müddətdir Bakıda yaşadığımdan Lənkəranda olan bütün hadisələri izləyə bimirəm. Ancaq rayon barədə mətbuatda dərc olunanlardan və ya rayona gedəndə ordakı müşahidələrimdən bəzi şeyləri bilirəm”.
Etibar Cəbrayıloğlu rayonda olan problemlər və inkişafdan da danışdı. “Lənkəranda əsas problem işsizlikdir. Düzdür, yeni iş yerləri, istehsal müəssisələri açılır, amma bu temp daha sürətli olsa, yaxşı olardı. Lənkəran camaatı əməksevər, işləməyi bacaran, çorək qazanmağın yolunu biləndir. Buna görə rayonda daha çox iş yerləri açılsa, Lənkəranda inkişafa nail olmaq olar. Təhsil sahəsində, Bakıda dərslərlə bağlı hansı problemlər mövcuddursa, həmin problemlər Lənkəranda da var. Əvvəlki illərlə müqayisədə rayonun qaz, işıq problemi bir az düzəlib. Bura rütubətli rayon olduğundan əvvəllər insanlar çox əziyyət çəkirdilər. İndi isə hər şey qaydasındadır. Bununla bağlı şikayət eşitməmişəm”.
“Lənkəran mədəni baxımdan da inkişaf edir. Lənkəran Dram Teatrının Türkiyəyə festivala getməsi, orda qastrolda olması rayonun mədəniyyəti baxımdan əhəmiyyətlidir” – deyə Etibar Cəbrayıloğlu əlavə etdi.
E.Cəbrayıloğlu onu da vurğuladı ki, Lənkəranda abadlıq işləri aparılır. “Bütün rayonlarda belə bir xüsusiyyət var ki, yeni icra başçısı təyin olunanda o, rayonun abadlığına, təmizliyinə fikir verir. Lənkəranda da icra başçısı yeni təyin olunduğundan, o da rayonda abadlıqla bağlı müəyyən işlər görür”.
Sonda isə Etibar müəllim rayonun icra başçısının əhali ilə münasibətinə toxundu. “Yeni icra başçısı ilə əhali arasında problemlər yoxdur. İnsanlarla ünsiyyətdə əvvəlki icra başçısı ilə problemlər olubdu. Amma yeni icra başçısı ilə bağlı narazılıq eşitməmişəm. Sadəcə onun qapalı insan olduğunu, əhali arasında daha az olub, ünsiyyət qurduğunu deyirlər”.