2010-cu ilin ortalarına qədər Lənkəranda yeni mətbəə tikilib istifadəyə veriləcək. Bunu noyabrın 10-da “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuatın inkişafında rolu” mövzusunda Lənkəranda keçirilən konfransda şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib.
Azərbaycan Jurnalistlər Birliyinin Lənkəranda fəaliyyət göstərən Media Resurs Mərkəzinin rəhbəri Xaqani Səfəroğlunun “Media forum” saytına bildirdiyinə görə, icra başçısı yeni mətbəənin müasir standartlara cavab verəcəyini vurğulayıb.
Cənub regionunda 20-dən artıq qəzet və jurnal çıxsa da, onların nəşr olunması üçün mətbəə yoxdur. Bölgə qəzetləri çap üçün Bakıya aparılır və nəticədə günlərlə vaxt itirilir. Bu isə çevik informasiya yaymaq baxımından bölgə KİV-i üçün xeyli problem yaradır.
«Media forum»