NTV başqalarından daha kəskin rəy verdi və jurnalisti, «Rusiyanın, heç vaxt hakimiyyəti tənqid etməkdən və öz mövqeyini müdafiə etməkdən çəkinməyən ən qorxmaz jurnalist» adlandırdı və onun «Rusiya hakimiyyətinin ən güzəştsiz opponentlərindən biri» olduğunu dedi.
Politkovskaya haqqında bazar günü federal kanallarda yekun proqramlarında çox az danışdılar. Beləki, «Vesti nedeli» jurnalistin qətli haqqında, verilişin 44-cü dəqiqəsində Rusiya-Gürcüstan münaqişəsi haqqında bir neçə süjetdən və müdafiə naziri Sergey İvanovla uzunçəkən müsahibədən sonra məlumat verdi. Verilişin aparıcısı Sergey Brilyov video sırasına qoyulmuş qıssa kadr arxası mətnlə kifayətlənərək ayrıca süjet çəkməyi lazım bilmədi.
Pyotr Tolstoy öz bazar «Vremya»sını Politkovskaya haqqında xəbərlə başladı, lakin buna Brilyovdan da az vaxt sərf etdi. Yalnız NTV-də xəbərlərin yekun buraxılışı Anna Politkovskayanın qətli haqqında süjetlə başladı. Lakin burada da hadisənin təhlilinə cəhd edilmədi – jurnalis faktların yığılması, versiyaların açıqlanması və ölənin həmkarları olan tanınmış jurnalistlərin müsahibəsi ilə kifayətləndilər.
Ertəsi gün hadisəni, «Rossiyskaya qazeta» və «İzvestiya» kimi hakimiyyətin nəzarətində olan qəzetlər işıqlandırdılar. Xəbər liberal qəzetlərdə tam fərqli işıqlandırılırdı. Beləki, «Kommersant» Politkovskayanın qətlinin Çeçenistanda bir sıra istefalara gətirə biləcəyinə xəbərdarlıq edirdi. Qəzet yazırdı: «Əgər prokurorluq Rusiya hakimiyyətindən qətlin siyasi versiyasının üzərində işləmək üçün razılıq alsa», onda «bir çox çeçen məmurları və komandirlərinin sonrakı aqibəti, onların jurnalistin qətli ilə əlaqəsinin olub-olmamasından asılı olmayaraq təhlükə altında olcaq».
Nə üçün bəzi KİV-lər inadla hadisənin siyasi kontekstini görmürdülər?
Çərşənbə axşamı mətbuat konfransında prezident bu suala cavab verdi. Putin dedi: «Qadının, ananın qəddarcasına qətli, öz-özlüyündə bizim ölkəmizə, Rusiyaya qarşı və Rusiyanın indiki hakimiyyətinə qarşı yönəlmişdir… Onun (Politkovskayanın) ölkənin siyasi həyatına təsiri cüzi idi». Prezidentin bəyanatında iki əsas məqam var. Birincisi, o, Politkovskayanın qətlinə jurnalistə deyil, qadın və anaya qarşı cinayət kimi baxmağı təklif edir. İkincisi isə, Politkovskayanın Rusiya üçün, dövlət başçısının fikri ilə cüzi olan nüfuzunun şişirdilməməsini xahiş edir. Ümumiyyətlə KİV-lər düzgün hərəkət etdilər – belə hadisəyə görə televiziyada xəbərlər buraxılışını kəsmir, yekun proqramlarında onu təhlil etmirlər və əgər edirlərsə, yalnız bir cinayət hadisəsi kimi.
Belə mövqe Moskva jurnalistlər xartiyasının mövqeyi ilə üst-üstə düşmür. Siyasi mövzuda yazan jurnalistləri birləşdirən təşkilat, Politkovskayanın ölümünü «əvəzsiz itki» adlandıraraq bəyanat yaydı. Bəyanatda deyilir: «Onun qətli, Rusiyada Çeçenistan və insan hüquqları haqqında, demək olar ki, danışılmayan zaman baş verdi… Biz Politkovskayanın qətlini bütünlükdə Rusiya jurnalistikasına bir başa meydan oxumaq kimi qəbul edirik. Bizim həmkarımızın aqibəti, təzyiqlərə tabe olmaq istəməyən, özünüsenzuraya nifrət edən və borcunu vicdanla yerinə yetirən jurnalistlərin ciddi təhlükəyə məruz qaldıqlarını təsdiq edir, Anna Politkovskayanın misalında isə ölümcül riskə məruz qalırlar». Xartiya, Politkovskayanın qətli haqqında, yalnız dörd gündən sonra rəsmi şərh edən Rusiya prezidentini məzəmmət edir. Bəyanatda, eləcə də deyilir: «Bizə aydın deyil ki, nə üçün Annanın qətli dövlət başçısı tərəfindən pislənmədi (bəyanat Putinin çıxışından əvvəl açıqlanmışdır). Bəlkə bu o deməkdir ki, ölkəmizin başçısı Rusiyanın ən tanınmış jurnalistlərindən birinin qətlinə xırda hadisə kimi baxır? Və yaxud rəsmi şəxslərin Anna Politkovskayanın fəaliyyətinə o qədər pis münasibəti olub ki, onun ölümü təəssüf hissi oyatmır? Biz cavab gözləyirik».
Dövlət nəzarətində olan KİV-lərdə nə bu bəyanata, nə də prezidentin cavabına lazımi diqqət ayrılmamışdır. «Yevronyus»un məlumatına görə, Politkovskaya haqqında məsələ Almaniyada keçirilən mətbuat konfransında birinci məsələ olmuşdur. Lakin Rusiya telekanalları və bəzi qəzetləri öz reportajlarını bununla başlamamışlar. «Pervıy kanal»ın xəbərlər buraxılışında Almaniyadan göstərilən materialda vurğu energetikaya edilmişdi, prezidentin cavabı isə, ötəri xatırladılmışdı. «İzvestiya» da belə etmişdi, onlar dövlət başçısının Politkovskaya haqqında bəyanatını məqalənin sonuna yaxın yerləşdirmişdilər. Bununla yanaşı qeyd edilmişdi ki, «Alman KİV-lərinin fikrinə görə» jurnalistin qətli «Rusiya prezidenti ilə müzakirə üçün bir nömrəli mövzudur».
Politkovskayanın qətlinin Rusiya KİV-lərində işıqlandırılması nəzarətli informasiya sisteminin möhkəmlilik ehtiyatının mövcudluğunu təsdiq edir. Çünki, hətta korporativ həmrəylik belə onu sirkələyə bilmədi.
Vladimir Motorin