“Əli və Nino” kitab evində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsinin təşəbbüsü ilə görüş keçirilib. Cənubi Azərbaycan ədəbiyyatının tanıtımı və eyni zamanda Cənubi Azərbaycan ədəbiyyatı fondunun yaradılması ilə bağlı tədbirdə millət vəkilləri, ziyalılar iştirak ediblər.
Tədbiri açan AYB-in Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz bildirib ki, İranda İslam inqilabından sonra 10 il Cənubi Azərbaycan ədəbiyyatı inqilaba, müharibəyə qulluq edib.
“Müharibə bitdikdən sonra Cənubi Azərbaycan ədəbiyyatında yeni dalğa vüsət aldı. Əsas mövzu millilik idi”.
S.Aruz qeyd edib ki, onların planlarında Cənubi Azərbaycanla bağlı fond yaradaraq onun vasitəsilə Cənubi Azərbaycandan olan gənc yazarların kitablarını nəşr etdirmək, onları Azərbaycana səfərə dəvət etmək var.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, görüşün Azərbaycanın müstəqilliyinin 20 illik günündə keçirilməsi əlamətdar hadisədir. Millət vəkilinin fikrincə, Cənubi Azərbaycandan olan yazarların Azərbaycanda tanıdılmasına çox böyük ehtiyac var.
“Bizdə onlar haqqında geniş məlumat yoxdur. Əlimizdən gələn köməyi göstərməliyik, təbliğ etməliyik. Telekanallarımızda Cənubi Azərbaycandan olan yazarları müxtəlif proqramlara dəvət edilmələri, qəzetlərdə çap edilməsi lazımdır”.
Q.Paşayevanın fikrincə, təbliğ yollarından biri də iş adamlarının bu kitabların 200-300 nüsxəsini alıb, digərlərinə hədiyyə etməsidir.
“Bununla biz həm həmin yazarlara kömək etmiş olarıq, həm də kitab hədiyyə etmə mədəniyyətini aşılaya bilərik”.
Deputat Qüdrət Həsənquliyev də belə bir məsələdə iş adamlarının boynuna böyük bir məsuliyyətin düşdüyünü qeyd edib.
“Hamı bilir ki, yaradıcı adam biznesdən uzaq adam olur və pul qazanmaq arxasınca qaçmır. İş adamları belə insanlara yardım etməlidir və onların səfərlərinin təşkilini, kitablarının dərcini öz boyunlarına götürməlidirlər”.
Bununla belə, Q.Həsənquliyev öz varlığımız qədər Azərbaycanın bütövləşəcəyinə inanmalı olduğumuzu qeyd edib.
Millət vəkili İlham Məmmədov və digər zialılar Sayman bəyə öz dəstəyini əsirgəməyəcəklərini bildiriblər.