Son illər ölkəmizdə demoqrafik göstəricilər müsbətə doğru dəyişib, əhali sayında artım qeydə alınıb. Bu günlərdə ölkə əhalisinin sayının 10 milyon nəfərə çatması da bunu sübut edir. Demoqrafik vəziyyət Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən ucqar rayonlarda da müsbətə doğru dəyişib. Uzunömürlülər diyarı olan Lerik rayonunu buna misal gətirə bilərik.
AZƏRTAC xəbər verir ki, səfalı təbiəti, əsrarəngiz mənzərələri, təbii nemətləri ilə tanınan Lerikə səfər edənlər bu yerlərdən xoş təəssüratlarla ayrılırlar. İnsanlar bu yerlərdə özlərini daha gümrah və sağlam hiss edirlər. Elə bunun nəticəsidir ki, rayonda uzunömürlülərin sayı da çoxdur. Ucqar dağ rayonu olan Lerikdə sağlam, uzun ömür sürməyin təməli hələ uşaq dünyaya gələn dövrdən qoyulur.
Bu ilin ilk üç ayında Lerikdə 217 körpə dünyaya gəlib
Yeni doğulan körpələrin vaxtaşırı müayinəsinə, həkim nəzarətində olmasına xüsusi diqqət yetirilir. Lerik Rayon Mərkəzi Xəstəxanasının baş pediatrı Etibar Həşimov deyir ki, rayonda yeni doğulan körpələr mütəmadi müayinədən keçirilir: “Bu ilin birinci rübündə Lerikdə 217 körpə dünyaya gəlib. Bunun 51,2 faizi oğlan, 48,8 faizi isə qızlar olub. Keçən ilin müvafiq dövründə isə 212 uşaq doğulmuşdu. Göründüyü kimi, doğuşda artım müşahidə olunur. Son 10 ildə rayonumuzda 12 min 582 uşaq doğulub. Hər ay isə Lerikdə dünyaya orta hesabla 70-80 uşaq gəlir”.
Hazırda Lerikin ən uzunömürlü sakini 105 yaşlı Raci İbrahimovadır
Rayonda yaşı 100-ü keçmiş 20-dən çox sakin yaşayır. 1991-ci ildə Lerikdə dünyada ilk olan Uzunömürlülər Muzeyi yaradılıb. İki ekspozisiyadan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alır. Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva bildirir ki, hazırda Lerikin ən uzunömürlü sakini Raci İbrahimovadır: “Raci nənə 1914-cü ildə anadan olub. Digər uzunömürlü isə Əliabad kəndində yaşayan 1915-ci il təvəllüdlü Gülənbər Səlimovadır. Rayonun Cəngəmiran kəndində də yaşı 100-ü keçmiş Məmmədxan kişi yaşayır”.
Dilarə xanım, həmçinin bildirdi ki, muzeyə yerli turistlərlə yanaşı, çoxlu sayda xarici qonaq da gəlir. Muzeyi İordaniyanın, İsrailin, Belçikanın və Fransanın səfirləri də ziyarət edib. “Bundan başqa, muzeyimizə Rusiyanın bir çox bölgələrindən, Türkiyə, Ukrayna və Almaniyadan gələnlər də olub. Onları heyran edən buranın sakinlərinin milli geyimləri, adət-ənənələrə bağlılığı və təbii qidalara üstünlük vermələridir”, – deyə o vurğulayır.
Uzunömürlülüyün sirrini Şirəli Müslümovun qızı, 95 yaşlı Həlimə nənə açıqlayır
Lerikin ən uzunömürlü sakini isə Barzavu kənd sakini Şirəli Müslümov olub. O, 168 il ömür sürüb. Şirəli Müslümovun qızı Həlimə Müslümova da kənddə sağlam, gümrah ömür sürən insanlardandır. Yüz yaşın astanasında olan Hənifə nənə əsasən ağartı məhsulları, həyətlərində əkib-becərdikləri meyvə-tərəvəz və kəsdikləri heyvan ətindən başqa qida qəbul etmədiyini deyir. Bildirir ki, uzun ömür sürməyin sirlərindən biri də fiziki işlə məşğul olmaqdır. Doxsan beş yaşı olan Həlimə nənə təsərrüflarında əkin əkir, ev işləri görür, nəticələrinə corab toxuyur: “Bişirilən yeməklərdən, xüsusilə qızardılmış yeməklərdən uzaq olmuşam. Ən çox şor, pendir, nehrə yağı, çörək yeyirəm”.
Həlimə nənənin gənclərə tövsiyəsi də var: uzunömürlülüyün əsas sirri düzgün qidalanma və insanın daim hərəkətdə olmasındadır.
Qeyd edək ki, ucqar dağ rayonu olan Lerikdə əhalinin sayı 84 min nəfərdir. Planetimizin ən yaşlı sakini – 168 il yaşamış Şirəli Müslümovun, Pirəsora kənd sakin 150 yaşlı Mahmud Eyvazovun, Lerikdə ən uzunömürlü qadın olan Cəngəmiran kənd sakini 134 yaşlı Qızıl Quliyevanın adları Ginnesin Rekordlar Kitabına düşüb.