KİV şou-müğənnilərin dəfələrlə evlənib-boşanmasını reklam etməkdə haqlıdı?

Nə çox təbliğ edilirsə, yeniyetmə və gənclər də ona doğru meyllənir. Müasir həyatımızda bütün peşə və sənət sahiblərindən daha artıq şou-biznes nümayəndələrinin şəxsi həyatı reklam edilir. Bu missiyanı əsasən bəzi qəzet (çap və virtual) – jurnallar, televiziya və radio kanalları yerinə yetirir. Şou əhli mətbuat səhifələrinə hansısa bir maraq doğuran layihəsilə deyil, özəl həyatı ilə daxil olur.

Son zamanlara qədər yalnız şou-biznesçilərin özləri barədə danışılırdısa, indi bu sıraya onların valideynləri, övladları, qardaş-bacıları, habelə uzaq və yaxın qohumları da qatılıb. Bir şou-biznesçinin məişətində baş verən ən xırda məsələ cəmiyyətə elə təqdim edilir ki, anonsları izləyən adam ilk baxışdan böyük bir faciə verdiyini düşünür. Bəzi KİV-lər şou müğənnilərinin şəxsi həyatını – evlənib boşanmalarını, qeyri-rəsmi münasibətlərdən dünyaya uşaq gətirdiklərini, qardaş-bacılarını evdən qovduqlarını-bir sözlə, müsbət olmayan hərəkətlərini gen-bol şəkildə işıqlandırır. Xüsusən də boşanma hadisələri mətbuatda yer alır. Müşahidələrimiz göstərir ki, axır 10 ildə şou müğənnilərilə qarşı tərəfin daxil olduğu nikah qısamüddətli olub. Hətta elələri olub ki, həyat yoldaşı ilə heç iki həftə birgə yaşamayıb. Bəzilərinin isə elüzəri yaşadığı məlumdur. Bəlkə də bu bir taledir. Başqa sahələrdə çalışan adamların da bəziləri uğursuz nikah sürprizlərilə qarşılaşa bilir. Heç kəs bundan sığortalanmayıb. Amma heç kəsin şəxsi həyatı, evlənib-boşanması mətbuatda bu qədər reklam edilmir. Elm, təhsil, səhiyyə, jurnalistika və s. sahələrdə təmsil olunan insanların da həyatında boşanma olayları yaşanır. Amma bir qəzetdə, bir ;urnalda yazılmır ki, filan elm xadiminin qızı ərindən boşandı, yaxud hansısa bir həkim arvadı ilə ayrıldı. Ümumiyyətlə, ciddi adamlar bu kimi hadisələrin evin divarlarından kənara çıxmasına qarşıdır. Bir neçə sayballı, görkəmli aktyor, diktor tanıyırıq ki, qızı ərdən boşanıb, yaxud oğlu həyat yoldaşından ayrılıb. Hətta deyilənə görə, tanınmış bir aktyorun gəlini evi tərk edərkən görkəmli sənətkarın evindəki bütün qızıl-zinət əşyalarını, pulu və s. qiymətli şeyləri qarət edərək aparıb. Amma bu barədə heç bir mətbuat orqanında bir cümlə də olsey yazılmayıb. O aktyor öz tamaşaçısı qarşısında daşıdığı məsuliyyəti dərk edərək problemin mətbuata çıxmasına razılıq verməyib. Halbuki, hansısa şou müğənnisinin nəinki özünün, hətta yaxın bir qohumunun başına bu hadisə gəlsəydi, indi hər yerdə bu hadisədən danışılırdı.

Kütləvi informasiya vasitələrinin şou müğənnilərinin özlərinin, övladlarının, yaxınlarının şəxsi həyatını işıqlandırması düzgündürmü?

“Qarabağ bülbülləri” ansamblının yaradıcısı və rəhbəri Murad Rzayev bizimlə söhbətində bildirdi ki, KİV-lərin, xüsusən də oxunaqlı qəzetlərin öz səhifələrində şou-biznesçilərin şəxsi həyatına yer verməsini normal hal kimi qəbul etmir. Sənətkarın sözlərinə görə, mətbuat o insanların yalnız sənətini təqdim etməli sənəti, səsi olmayan adamlar haqda isə ümumiyyətlə yazmamalıdır: “Bəzi mətbuat orqanları şou müğənnilərin özündən, qızından, oğlundan, gəlinindən, keçmiş ərindən, neçə dəfə evlənib-boşanmasından yazır. Bunlar nəyə lazımdır? Yazırsan, özündən yaz. Onun qızının, oğlunun reklamını niyə edirsən? Boşanmalardan isə yazmaq düzgün deyil. Gənc bir qız oxuyub görür ki, filan müğənni üç dəfə ərə gedib, hamısından da boşanıb, məhkəmə yolu ilə hər ərindən bir şey qoparıb. Onun da ürəyindən bu yolun yolçusu olmaq keçəcək. Bilirsiz, mətbuat həyatı örnək olmayan insanların öz şəxsi həyatından danışmasına imkan verməli deyil. Şou müğənnilərin bir çoxunun övladları da özlərinə bənzəyir. O gün telekanallardan birində bir rəqqasədən danışılırdı. Sonra onun qızını göstərdilər. Qızı özündən danışmağa başladı. Bu nəyə lazımdır? O qız nə geyimi, nə danışığı, nə də davranışı ilə yüksək tərbiyə alan bir qıza bənzəmirdi. Amma təlim-tərbiyədən danışırdı. Bizim o qədən qüdrətli sənətkarımız, siyasət adaımız, dövlət xadimimiz var ki, onların ailələri haqda mətbuatda yazılmır. Heç bilmirik ki, kimin neçə övladı var, oğlu-qızı nə ilə məşğul olur. O adamların şəxsi həyatı gündəmdə olmadığı üçün onlara hörmət edilir. Mətbuat şou əhlinin yaşantılarını işıqlandırmaqla yaxşı iş görmür. Cəmiyyətə nümunəvi şeyləri təbliğ etmək lazımdır. Çünki nəyi çox təbliğ edərsən, cavanlar da onun ardınca qaçar”.

Xalq artisti Niyaməddin Musayev isə sualımıza qeyri-müəyyən cavab verdi: “Bu barədə nə deyə bilərəm ki? Bu onların özlərindən asılıdır”. Burada xalq artistinin müğənniləri, yoxsa KİV-i nəzərdə tutduğu bizə aydın olmadı.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının keçmiş solisti, tanınmış rəqqasə, əməkdar artist Aliyə Ramazanova şou əhlinin şəxsi həyatının qəzetlər tərəfindən işıqlandırmamalı olduğunu dedi. A.Ramazanovanın sözlərinə görə, bəzi şou müğənnilərinin səsi olmadığı üçün onlar gündəmdə qalmaqdan ötrü istənilən şeyə gedir: “Qəzetlərin çoxu onlardan yazır, televiziyalar da onların həyatını işıqlandırır. Bu məsələyə yaxşı baxmıram. Həmişə hörmət bəslədiyimiz mətbuat yüngül həyat tərzi keçirən, evlənib-boşanması ilə dilə-dişə düşən, dedi-qodu mənbəyi olan şou müğənnilərindən yazmamalıdır. Qeyri-ciddi həyat tərzi keçirən adamların həyatının kütləvi təbliği gənclərimizi mənfi istiqamətlərə yönəldir. Başqa sahələrdə də yüzlərlə boşanan, qəbul edilməyən həyat tərzi keçirən insan var. Kimdir onlardan yazan? Onların övladlarının kiçik toyunu, nişanını, xınayaxdısını, ərə gedib-ayrılmasını mətbuat yazmır. Çünki bu kimi şeylərin lazımsız olduğunu bilir. Amma bizim hörmətli mətbuatımız, nədənsə, şou əhlinə də bu nöqteyi-nəzərdən yanaşmır. Mənə belə gəlir ki, bu məsələdə şou əhli özü maraqlıdır. Bir qisim adamlar var ki, gündəmdə qalmaq üçün oğlundan, qızından da istifadə edir. Birinin qızı 1 günün gəlini olub, həmin müğənni bu barədə mətbuata danışır. Axı sənin qızının hərəkəti örnək deyil. Bunu niyə mətbuata danışıb ictimailəşdirirsən? Bunlar boş şeylərdir. Sabun köpüyü kimi ömrü azdır. Amma di gəl ki, ürəkləri bulandırır. Bir ağbirçək kimi şou-biznesçilərin özəl həyatından yazmağa maraq göstərən mətbuat təmsilçilərimizə tövsiyə etmək istəyirəm ki, onların çağırışlarına müsbət cavab verməsinlər”.

Boşanma hadisəsilə, peşəsindən, sənətindən asılı olmayaraq, çoxları üzləşə bilər. Buna adi hadisə kimi baxılmasına tərəfdar olan A.Ramazanova bildirdi ki, keçmiş sənət ulduzları arasında da bu aqibətlə üzləşənlər olub: “Ancaq o sənətkarların yüksək mədəniyyəti, əxlaqı, tamaşaçısına bəslədiyi hörmət imkan vermirdi ki, pərdəarxası məqamları üzə çıxarsın. Hansının övladını tanıyırıq? Şövkət Ələkbərova, Vasif Adıgözəlov, Sara Qədimova və başqa sənətkarlarımızın nə özləri həyatını xırdalayıb, nə də başqalarının bu işlə məşğul olmasına imkan verib. Mətbuatda işləyən adamın özünün də yüksək tərbiyəsi, mədəniyyəti olmalıdır ki, şou əhlinin dəyərsiz həyat tərzini gündəmə gətirməsin. Müvəqqəti münasibətlər təbliğ edilməli deyil. Sənətə, həyata, dostlara, ailəyə sədaqətli adamların fəaliyyəti, həyatı mətbuatda işıqlandırılsa daha məqsədəuyğun olardı. Səhnə adamlarının şəxsi həyatı, onların ailəsi-övladı ilə bağlı neqativ məsələlərin mətbuatda işıqlandırılmasını sənət üçün təhqir hesab edirəm. Heç bunu mətbuatımıza da yaraşdırmıram”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO