Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib.
Modern.az-ın məlumatına görə, bu müsabiqə 18 istiqamət (hər istiqamət üzrə 2 mövzu) üzrə keçirilir.
Müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblərə görə, hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazılar son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Müsabiqə üçün tələb olunan sənədlər sırasına jurnalistin əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti, şəxsi VÖEN və surəti, şəxsi bank rekvizitləri daxildir.
Hər mövzu üzrə 3 qalib müəyyən ediləcək, 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər fondun xüsusi diplomu və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.
Fondun 2010-cu ildə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin bu müsabiqədə iştirakına icazə verilmir. Yazılar və sənədlər şəxsən 2010-cu il 1 noyabr tarixindən 1 dekabradək rəsmi iş günləri təqdim edilə bilər. Nəticələr dekabrın 20-dək elan ediləcək.
***
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu daha bir müsabiqə keçirir. Qurum Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycan Rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan edib.
Modern.az-ın məlumatına görə, müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərməkdən, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.
Müsabiqənin mövzuları aşağıdakılardır:
İKT-nin mediada rolu
Azərbaycan telekommunikasiyasının dünəni və bu günü
Azərbaycan poçtunun dünəni və bu günü
İKT-nin cəmiyyətdə rolu
İnternetin həyatımızda rolu
Müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər iştirak edə bilərlər.
Müsabiqənin şərtlərinə əsasən yazılar mövzulardan birinə uyğun olmalı, hər jurnalist yalnız bir yazı təqdim etməli, yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Yazıda “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində – 12, diskdə) variantları təqdim olunmalıdır.
Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır. Yazılar şəxsən 6 noyabr 2010-cu il tarixdən 1 dekabr 2010-cu il tarixədək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır.
Müsabiqə üçün tələb olunan sənədlər sırasına Əmək kitabçasının təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin surəti daxildir.
Müsabiqəyə təqdim olunmuş yazılar mükafatlandırılarkən
I yerə – Noutbook və printer
II yer ə- Noutbook
III yer. – 3G mobil telefonu
Həvəsləndirici mükafat kimi- rəqəmsal diktafon
veriləcək.
Qaliblər həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Modern.az