Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib.
Modern.az-ın məlumatına görə, bu müsabiqə 18 istiqamət (hər istiqamət üzrə 2 mövzu) üzrə keçirilir.
Müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblərə görə, hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazılar son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Müsabiqə üçün tələb olunan sənədlər sırasına jurnalistin əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti, şəxsi VÖEN və surəti, şəxsi bank rekvizitləri daxildir.
Hər mövzu üzrə 3 qalib müəyyən ediləcək, 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər fondun xüsusi diplomu və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaq.
Fondun 2010-cu ildə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin bu müsabiqədə iştirakına icazə verilmir. Yazılar və sənədlər şəxsən 2010-cu il 1 noyabr tarixindən 1 dekabradək rəsmi iş günləri təqdim edilə bilər. Nəticələr dekabrın 20-dək elan ediləcək.