Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Statistika Komitəsi “Kitabxanaların fəaliyyəti haqqında” statistik araşdırma aparıb.
Bu il sentyabrın 1-ə olan statistikanı özündə əks etdirən araşdırma kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki, digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8 min 507 kitabxana üzrə aparılıb. Kitabxanaların 2 min 322-si və ya 27,3 faizi şəhər yerlərində, 6 min 185-i və ya 72,7 faizi kənd yerlərindədir. Tabeçilik baxımından onların 50,7 faizi Təhsil Nazirliyinin (48 faizi ümumtəhsil, 2,7 faizi ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində), 46,6 faizi Mədəniyyət və Turizm Nazirliyinin (44,8 faizi kütləvi kitabxanalarda, 1,8 faizi musiqi məktəblərində) 2,7 faizi isə digər müəssisələrin nəzdində fəaliyyət göstərir.
Kitabxanalarda olan fondun dillər üzrə bölgüsü, mövcud kompyuter texnologiyalarından istifadə, elektron kataloqun vəziyyəti, bu ilin birinci yarısında kitabxanalara müraciətlərin sayı və digər faktlar araşdırmanın nəticələri haqqında məlumatda əksini tapıb.