Kitabın “ƏDV həbsindən” qurtuluşu: müzakirə qızışır – ARAŞDIRMA

Vergilər nazirinin açıqlaması Milli Məclisdə təkzib edildi
“Əgər kitabın ƏDV-dən ləğv olunması üçün Vergilər Nazirliyinə müraciət olunarsa, nazirlik bunu hər zaman müzakirə etməyə hazırdır”.
Modern.az-ın məlumatına görə, bu sözləri vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib.
“Vergilər Nazirliyinə kitabın ƏDV-dən azad edilməsi ilə bağlı təklif gəlməyib. Bu məsələ Milli Məclisdə müzakirə olunub. Onlar elmi ədəbiyyata qoyulan ƏDV-nin ləğv edilməsini təklif edib. Biz də dedik ki, bu müzakirələrə hazırıq” – deyə nazir müavini qeyd edib.

ƏDV-nin ləğv olunması ilə bağlı həm Prezidentə, həm də Milli Məclisə müraciət olunub

Modern.az-ın əməkdaşı kitabların ƏDV-dən ləğv olunması ilə bağlı araşdırma aparıb. Məlum olub ki, ötən il Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar başda olmaqla Azərbaycanın bir qrup tanınmış yazıçısı prezident İlham Əliyevə müraciət edib. Müraciətdə vurğulanır ki, kitab, dövlət dəstəyi olmadan nəinki inkişaf edə, heç yaşaya da bilməz:

“SSRİ dağıldıqdan sonra hər dövlət özünün kitab siyasətini müstəqil müəyyən etdi. Bəzi ölkələr kitabı tam, bəziləri isə qismən dövlət vergisindən azad etməklə yanaşı, öz ədəbiyyatlarını xarici ölkələrdə təbliğ etmək üçün ədəbiyyata dəstək fondları təsis etdi. Sizin rəhbərliyiniz sayəsində, Qafqazda iqtisadiyyatı ən güclü dövlətə çevrilən Azərbaycan elə bir mərhələdədir ki, artıq ədəbiyyatı və mədəniyyəti də önə keçməli, mədəniyyət sahəsində keçirilən islahatlar qonşularımıza və ümumən keçmiş MDB dövlətlərinə nümunə olmalıdır. Böyük Britaniya, İrlandiya, Norveçdə, Kiprdə, Moldovada, Tacikistanda, Gürcüstanda ƏDV 0%-dir. Türkiyədə, Fransada, İtaliyada Macarıstanda, Litvada, İspaniyada 4 %, təşkil edir. Yaxın qonşumuz Gürcüstanın kitaba münasibəti unikaldır, bu mənada ki, kitabı bütün vergilərdən azad edib, kitab kağızı, mətbəə avadanlıqları, bir sözlə kitaba gərək olan heç bir avadanlıq və xammaldan vergi almır”.

Yazıçılar bildiriblər ki, bu yaxınlarda Yazıçılar Birliyində Milli Məclisin deputatlarının iştirakı ilə kitabın üzərindən vergilərin götürülməsi ilə bağlı dəyirmi masa təşkil olunub:
“Həmin dəyirmi masada iştirak edən hər kəs kitabın vergi yükündən azad olmasını arzu etdi. Azərbaycan yazıçılarının, naşirlərin, kitabçıların arzularını nəzərə alaraq, səlahiyyətinizdən istifadə etməklə ƏDV-nin kitab üzərindən götürülməsinə sərəncam verməyinizi xahiş edirik”.

AYB üzvlərindən bir il əvvəl isə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu eyni təkliflə çıxış edib bu yöndə kampaniyaya başlamışdı. Onun dövlət başçısına ünvanladığı təkliflər bunlar idi:

Birinci təklif: – Vergi Məcəlləsinin “Vergi ödəməkdən azad edilmə” adlanan 164-cü maddəsinə dəyişiklik etməsindən ibarətdir.

Təklifdə məqsəd 164.1.8. maddəsinə əsasən ƏDVdən azad olunan – “orta məktəb dərslikləri, uşaq ədəbiyyatının və büdcədən maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti” kimi fəaliyyətlərin miqyasını daha da genişləndirmək və qanunla qadağan olunmayan hər növ nəşrlərində bura daxil edilməsinə nail olmaqdır.

İkinci təklif: – 164.1.8. maddəsindən göründüyü kimi “orta məktəb dərslikləri, uşaq ədəbiyyatının və büdcədən maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti”-indən ƏDV ödəməkdən azad olunub.

Təklif edirik ki, 164.1.8. maddəsində nəzərdə tutulan nəşrlər yalnız istehsalla bağlı xərclərdən deyil “nəşr (kitab) məhsulunun alqı-satqısının bütün növləri üzrə dövriyyələrdən” ƏDV ödəməkdən azad olunsun.

Üçüncü təklif: – “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların Siyahısı”nı müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 220 saylı Qərarına əsasən (“Qəzet kağızı, rulonlarda və vərəq şəklində”), qəzet kağızının ölkəyə gətirilməsi ƏDV-dən azaddır, bu, onunla bağlıdır ki, həm bizim ölkəmiz kağız istehsal etmir, həm də mətbuat inkişaf edə bilsin. Eyni bir güzəşt kitab kağızında olarsa o zaman kitabın maya dəyəri xeyli aşağı düşər, çeşid artar, satışın və dövriyyənin həcmi böyüyər, nəhayət Azərbaycan yazıçısı yazdığı kitabından qonorar ala bilər.
Təklif edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 220 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların Siyahısı”na “Kitab kağızı, rulonlarda və vərəq şəklində” sətri əlavə edilsin.

“Milli Məclisdə ƏDV ilə bağlı məsələ müzakirə olunmayıb”

Nazir müavinin elmi kitabların ƏDV-dən ləğv edilməsi barədə dediklərini Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov təkzib edib. O bildirib ki, belə bir məsələ gündəmə gətirilməyib.

“Amma belə bir məsələ həmişə ortaya gəlir ki, bu yaradıcılıq işləri, elmi işlər, kitab nəşri mümkün qədər vergilərdən azad olunsun. Bu həmişə müzakirə olunan bir məsələdir. Amma bunun müzakirəsi hələlik kifayət qədər ümumi ictimai səviyyədə gedir. Yəni xüsusi olaraq Milli Məclisdə elmi ədəbiyyatın ƏDV-dən azad edilməsi fikri səsləndirilməyib”.

“Gəlir gətirən bir müəssisə varsa, o vergi verməlidir” Bədii ədəbiyyatın ƏDV-dən ləğv olunması məsələsinə də toxunan Milli Məclisin üzvü bildirib ki, müəssisə gəlir götürsə, o, vergi verməlidir. “Bu müzakirəsiz bir məsələdir. Amma indi elə sahələr var ki, onlara güzəştə getmək olar. Məsələn, bir yazıçı romanını nəşriyyata verir, çap etdirir. Nəşriyyat bunun üçün vergi verməlidir. Elə yazıçı var ki, onun kitabları satılır, onun vergi verməyində heç bir problem yoxdur. Amma onlar çox azdır, həddindən artıq azdır. Bu zaman belə bir məsələ ortaya çıxır ki, müəyyən qədər vergilərdən azad olunsun, güzəşt olunsun və s. Amma bu bizim problemi həll edə bilməməyimizlə bağlıdır. Biri var ki, vergi verilməsi problem çıxardır, bu ayrıdır. Bizdə dərhal ona qaçırıq. Çıxış yolu olmadığı üçün deyirik ki, heç olmasa bunda müəyyən güzəştlər olsun. Amma əslində niyə bizim yazıçının əsəri oxunmasın? Niyə nəşriyyat maraqlı olmasın, çap eləyib, yazıçıya qonorar versin. Problem bundan ibarətdir, yoxsa ki, onlar tamamilə ikinci, üçüncü dərəcəli məsələ kimi ortaya çıxır və müzakirə olunur. Mahiyyət əslində qalır”.

“Vergilər Nazirliyi onlara edilən müraciəti unudub”

Vergilər nazirinin birinci müavinin açıqlaması ilə bağlı ƏDV-nin ləğv edilməsi məsələsini gündəmə gətirən şəxslərdən biri olan “Əli və Nino” kitab dükanları şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib ki, Yazıçılar Birliyinin sədri Anar və bur qrup yazıçı prezidentə, eləcə də Vergilər Nazirliyinə müraciət ediblər. “Vergilər Nazirliyi əgər deyirsə ki, bizə müraciət olunmayıb, deməli, onlar bunu unudublar. Əgər istəyirsinizsə, biz yenidən bir həftə ərzində onlara müraciət edək, ondan sonra siz zəng edin onlardan soruşun ki, müraciət gəlib sizə, ya yox? Onlar edilən müraciəti unudublar”, – deyə N. Köçərli qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO