Keçmiş aparıcı işə xadimədən də tez gəlirmiş…
Modern.az televiziyaların tanınmış aparıcıları ilə müsahibələri davam edir. Bu dəfə qonağımız əvvəllər “Space” TV-də çalışmış, hazırda “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayevadır.
Qeyd edim ki, Ülviyyə xanımla müsahibəmiz xüsusi bir günə, onun ad gününə təsadüf etmişdi.
– Sizi tanıyanlar tanımayanlar da çoxdur. Tanımayanlar üçün özünüz barədə bir az məlumat verə bilərsiniz?
– Rus dili və Ədəbiyyatı İnstitutunu (hazırda Bakı Slavyan Universiteti) bitirmişəm. O vaxtı da rus dili prioritet dil hesab olunurdu. Orta təhsilimi də rus dilində almışam. Sözün açığı, heç jurnalistika sahəsinə gəlməyi düşünmürdüm. Ancaq həyat elə gətirdi…
Jurnalist fəaliyyətimi ilk olaraq qəzet və jurnaldan başlamışam. Televiziyada işlədikdən sonra bu peşəyə ürəkdən bağladım. Televiziyanı çox sevirəm və nə qədər internet texnologiyası inkişaf etsə də, televiziyanın öz yeri var.
– Bəs telejurnalist kimi ilk fəaliyyətiniz necə alındı?
– İlk telejurnalist fəaliyyətimə isə o vaxt təzə yaranan “Space” televiziyasından başladım. Ora düzəlməyim isə təsadüfən alındı. Qəzetdə çalışdığım dövr parlament müxbiri idim və Milli Məclisin fəaliyyətini işıqlandırırdım. Həmin vaxt “Space”də aparıcılar yığırdılar, müsabiqə elan olunmuşdu. Onda Nərgiz Cəlilova seçim edirdi. Mən də sənədlərimi verdim. Düzdür, seçimlərdən keçməsəm də, mənə ştatdankənar əməkdaşlıq təklif etdilər. 3 ay ştatdankənar çalışdım, süjetlər hazırlayıb verdim. Eyni zamanda öz üzərimdə də çalışdım.
Televiziyada dil, diksiya məsələləri var, çox məşq etməlisən. Nərgiz xanım bu işdə bizə çox kömək edirdi. Eyni zamanda Rafiq Hüseynovdan dərslər aldım. Süjetlərim bəyənildi və məni ştata keçirdilər. Nəhayət ki, efirə çıxdım.
– İlk efir təəssüratlarınızı bölüşə bilərsiniz?
– Təzə efirə çıxanda o qədər həyəcanlı idim ki… Yəqin hamı bunu yaşayıb. Əvvəlcə mənə səhər proqramında xəbərləri aparmağı vermişdilər. Efir canlı idi, bildiyiniz kimi canlı efirdə də bir dəqiqə gecikmək olmaz… İnanın ilk 6 ay hər gecə eyni yuxunu görürdüm. Görürdüm ki, efirə gecikmişəm: xəbərlər başlayıb, mən isə efirdə yoxam… Qan-tər içində yuxudan oyanırdım. Buna görə də səhər sübh vaxtı oyanırdım, saat 6-da evdən çıxıb işə gəlirdim. Həmin vaxt da hələ heç kim gəlmirdi, hətta xadimədən də tez gəlirdim. Artıq studiyanın işığının haradan yandığını bilirdim, gəlib qapını açıb, işıqları yandırıb, yazılarımı hazırlayıb efirə hazırlaşırdım.
– “Space” televiziyasında neçə il işləmisiniz?
– Haradasa 5 ilə yaxın. 2003-cü ildə prezident seçkiləri idi və həmin vaxt “Lider” televiziyasından müəllif verilişi ilə bağlı dəvət gəldi, qəbul etdim. Prezident seçkilərində MSK-nın Hesablamalar Mərkəzindən canlı yayım aparırdıq. Sonra “Lider”də bir müddət “Sədadan sonra” verilişinin aparıcısı oldum. 2005-ci il parlament seçkilərində isə “Space”dən dəvət gəldi. Burada “Gündəm” adlı müəllif verilişində deputatlığa namizədlərin platformasını, onların gələcək fəaliyyətlərini işıqlandırırdım. Seçkilərdən sonra televiziyadan uzaqlaşdım, özümün şəxsi təşəbbüsümlə açdığım “Bəzm” jurnalımı yaratdım. Bir il o jurnalın nəşri ilə məşğul oldum. Daha sonra isə “Milli Məclis” jurnalına baş redaktor kimi dəvət edildim və hazırda da bu jurnalın baş redaktoruyam.
– Necə ildir jurnalının baş redaktorusunuz?
– “Milli Məclis” parlament sədri Oqtay Əsədovun təşəbbüsü ilə təsis edilib. Jurnalı qanunverici orqanın özünün mətbu nəşridir. 5 ildir ki, “Milli Məclis” jurnalı dərc edilir. Qeyd edim ki, bu il oktyabrda “Milli Məclis” jurnalının 5 illik yubileyi planlaşdırılır.
– 5 illik zaman zərfini necə qiymətləndirirsiniz?
– Sözün açığı “Milli Məclis” jurnalı korporativ jurnaldır, yəni geniş oxucu kütləsi üçün hesablanmayıb. Bu daha çox dövlət orqanlarının, deputatların, Milli Məclisin qanunvericilik fəaliyyətini, beynəlxalq arenada fəaliyyəti, parlamentlərarası fəaliyyətini işıqlandıran bir nəşrdir.
Bir məqamı da qeyd etmək istərdim ki, jurnalda Azərbaycan parlamentarizminin inkişaf tarixi, ADR-in qurucularının fəaliyyəti geniş işıqlandırılır. Yəni tarixi yazılara çox böyük önəm verilir. 2008-ci ildə Azərbaycan parlamentinin 90 illiyi ilə bağlı xüsusi buraxılış nəşr etdik. Ümumiyyətlə, jurnalın nəşri ilə Milli Məclis Aparatının Redaksiya və nəşr işləri şöbəsinin Mətbu nəşrlər sektoru məşğul olur. Mətbu nəşrlər sektoru Milli Məclis jurnalının dövrü nəşri ilə bərabər, xüsusi buraxılışların, broşür, buklet, kitab və digər mətbu nəşrlər də çap edir.
– Ümumiyyətlə deputatlarla layihələr həyata keçirirsiniz? Bu barədə danışa bilərsiniz?
– Deputatlarla bağlı bir neçə rubrikalarımız var. Məsələn, “Söhbət”, “Qanunvericilik”, “Əməkdaşlıq”, “Ovqat” rubrikaları var. “Ovqat” rubrikasında deputatlarımızın ədəbi yaradıcılığı işıqlandırılır. Ümumiyyətlə çalışırıq ki, deputatların fəaliyyətini geniş işıqlandıraq və xalqımıza çatdıraq ki, deputatlarımız böyük işlər görür.
– Bəs olubmu ki, hansısa deputatın seçiciləri problemləri ilə bağlı sizə müraciət etsin və siz onları işıqlandırırsınız?
– Deputatların fəaliyyətini işıqlandırmaqla yanaşı, bu sahədə də onlara yardımçı olmağa çalışırıq. MM üzvlərinin bu sahədə köməkçiləri, ekpertləri, eyni zamanda qəbul günləri var. Biz deputat köməkçiləri ilə sıx təmasdayıq, çünki deputatların bir çox işlərini, seçiciləri ilə təmas qurmaqlarını onlar yerinə yetirir. Jurnala da məktub veriləndə onları deputat köməkçilərinə çatdırırıq.
– Televiziyadan yenidən aparıcılıq təklifi gəlsə gedərsiniz?
– Ola bilər ki, hansısa bir layihə, məsələn, Milli Məclislə bağlı layihə olsa, paralel olaraq orada iştirak etməyi düşünərdim.
– Qəzet və televiziyaları izləyirsiniz, onların fəaliyyətini necə qiymətləndirirsiniz?
– Əlbəttə, izləyirəm. Elmi işim “Televiziya yaradıcılığının etik normaları”dır. Televiziyanın etik normaları bu gün aktualdır. Bu gün televiziyanı tənqid edənlər çoxdur. Televiziyalarımızın etik normaları elə Milli Məclisin tribunasından da tənqid olunur, onların maarifləndirmə problemləri bir çoxlarını qane etmir. Amma televiziyalarımız hələ inkişaf mərhələsindədir. Yəni birdən-birə biz televiziyadan nəyisə gözləmək, məsələn, CNN kanalında və yaxud BBC kanalı ilə müqayisə etmək bir qədər düzgün olmazdı. Elə verilişlər var ki, onları izləyirəm baxıram, elə verilişlər də var ki, televiziyanı açan kimi əsəbiləşib söndürürük. Belə götürəndə, əlbəttə, mən çox şey gözləyərdim. İstəyirdim daha maraqlı, daha maarifləndirici verilişlərimiz olsun.
Ümumiyyətlə, tarix boyu belə bir müqayisəli məqam var ki, televiziya tamaşaçı səviyyəsinə enməlidir, yoxsa televiziya yüksək səviyyədə durub tamaşaçını öz səviyyəsinə çatdırmalıdır. Təbii ki, mən ikincisinin tərəfdarıyam. Televiziya yüksəkdə durub tamaşaçının təfəkkürünü, intellektini inkişaf etdirib o yüksək səviyyəyə çatdırmalıdır.
– Xəbərlərə baxarkən aparıcıların simalarını, geyimlərini necə qiymətləndirirsiniz?
– Müəyyən telekanallar var ki, orada mən aparıcıların intellektini bəyənirəm, zahiri görünüşü ola bilər qane etmir. Amma elə telekanallar da var ki, orada zahiri görünüşlə xəbərin təqdimatı həqiqətən vəhdət təşkil edir.
– Ekran qarşısında olan aparıcı həmişə maraqlı hadisələrlə qarşılaşır, sizdə yəqin olub, danışa bilərsiniz?
– Studiyada olubdur ki, lampa partlayıb və sən məcbursan ki, ona reaksiya verməyəsən. Efirdə görünmür, ola bilsin ki, bir az qaranlıq olsun, amma canlı yayında sən hər şeyi müşahidə edirsən və çalışırsan ki, reaksiya verməyəsən. Onun dənələri stulun üstünə səpələnir və sən heç nə olmamış kimi başlayırsan efiri aparmağa. Belə şeylər olur.
– Köhnə dostlarınızla əlaqələriniz necədir?
– “Space” televiziyasında bizim olduğumuz kollektivə bütün jurnalistlər həsəd aparırdı. Televiziyasının kollektivi olduqca sıx, bir-birinə bağlı ailə kimi olan bir kollektivdir. Və bu günəcən onlar hərəsi bir yerdə, televiziyalarda, bir çox dövlət orqanlarında çalışırlar. Amma biz başqa-başqa yerlərdə çalışsaq da, özümüzü doğma hiss edirik. Yəni zamandan asılı olmayaraq, istədiyimiz vaxt bir-birimizi arayıb, nəyisə ərk edib soruşa bilərik, söhbətləşə bilirik. Bu münasibətlər indiyə qədər qorunub saxlanılır. Hətta bir neçə nəfər bir-biri ilə evləndi, yəni əsl doğma ailə olduq.
– Bir az da ailəniz barədə.
– Televiziyada işləyərkən ailə qurdum. Bir oğlum var. Ondan böyük gözləntilərim var. Valideynlərim var, hansı ki onların qayğısına qalmağı bu gün də özümə borc bilirəm. Valideynlərimin mənimlə yaşayan hər bir anını özümə hədiyyə hesab edirəm. Atamın yaşı 70-i keçib. Bu gün ad günümdə onun zəng edib məni təbrik etməsi ilə elə bilirəm ki, hələ də uşağam. Belə bir deyim də var ki, əgər sənin valideynlərin sağdırsa, deməli, sən hələ uşaqsan. Bu baxımdan mən xoşbəxtəm.
– Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
– Çalışıram ki, daha çox ailəmə, övladıma vaxt ayırım, idmanla məşğul oluram.
– Sonuncu oxuduğun kitab hansıdır?
– Sözün açığı, kitabları yay aylarında oxumağı xoşlayıram. Paolo Koelyonun əsərlərini çox sevirəm. Çünki onun əsərləri insanın daxili aləmi, onun ruhunun tərbiyəsinə həsr olunub.
– Adətən qadınlar alış-verişi çox sevir. Siz necə xoşlayırsınız?
– Zövqlə geyinməyi sevdiyim üçün alış-verişə çıxıram. Adətən mənim tərzimə, fəaliyyətimə uyğun gələn konkret bir markaya üstünlük verirəm. Amma dükan-bazarı çox gəzməyə hövsələm yoxdur.