“Kaspi” qəzetinin baş redaktoru oxuculardan üzr istədi

“Mayın 19-da «Kaspi»nin «Ədəbiyyat əlavəsi»nin 100-cü sayı işıq üzü gördü. İki il əvvəl başladığımız işin yubiley mərhələsinə gəlib çatmasına çox sevindik və bunun üçün şənbə buraxılışını yeni tərtibatla, tam rəngli formada buraxmaq qərarına gəldik. Bir həftədir əməkdaşlarımız bunun üzərində çalışdılar, tanınmış ədəbiyyat və incəsənət adamlarından münasibətlər öyrəndilər, eksklüziv materiallar hazırladılar. Rəngli qəzet buraxmaq bizim çoxdankı arzumuzdur, ağ-qara tərtibatın vaxtı çoxdan keçib. Amma rəngli qəzet üçün Azərbaycanda mətbəə xərcinin astronomik həcmdə olması tək bizim yox, digər qəzetçi həmkarlarımızın da arzusunu gözündə qoyur. Yalnız yubiley nömrəsi olduğu üçün belə bir addım atdıq. Keşkə heç atmayaydıq…”.

Bu fikirləri Modern.az saytına açıqlamasında «Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli deyib. Onun sözlərinə görə, dünən gecə saatlarında mətbəədə baş verən texniki nasazlıq bu gün səhər qəzetin yayım firmalarına çatdırılmasına problem yaradıb, «Azərmətbuatyayım»ın üç-dörd köşkünü çıxmaq şərti ilə qəzet satışa getməyib.

”Çox böyük təəssüf hissi ilə bildirirəm ki, bu gün səhər saatlarından oxucuların saysız-hesabsız zənglərini cavablandırmalı olmuşam. Bu adi nömrə olsaydı, «texniki» problemlə barışardım, amma xüsusi əhəmiyyət verdiyim «Ədəbiyyat əlavəsi»nin 100-cü sayının belə alınması məni üzdü və ruhdan saldı.

Görünür müasir standartlara cavab verən, mükəmməl dizaynı ilə göz oxşayan qəzet buraxmaq üçün bizim yetərli infrastrukturumuz yoxdur, dərhal kəm-kəsirlər özünü göstərir. Bizim qoltuğumuza bir yığın qəzet vurub, pulsuz paylamaq imkanımız da yoxdu, heç bunun tərəfdarı da deyilik.

Sabah qəzeti sayı artıq «Qırmızı kitab»a düşməkdə olan «Qasid»in köşklərindən, əgər min bir xırdavatın arasından tapa bilsəniz yaşıl «Press kisok»lardan, bir də metronun satış məntəqələrindən ala bilərsiniz.

Mən hörmətli oxuculardan, 100-cü sayı gözləyən ədəbiyyat və incəsənət adamlarından üzr istəyirəm”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO