Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullanın “Azərbaycanca danışaq” seriyasından növbəti kitabı ərəb dilində Birləşmiş Ərəb Əmirliklərində, Əbu Dabi şəhərində çapdan çıxıb.
Modern.az xəbər verir ki, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği ilə bağlı geniş fəaliyyət proqramının tərkib hissəsi olan bu kitab Ayn-Şəms Universitetinin müəllimi, azərbaycanşünas alim doktor Əhməd Sami Elaydi tərəfindən tərcümə olunub. Kitaba praktiki səciyyəli zəngin dil materialı, danışıq kitabçası ilə yanaşı ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi haqqında informativ bilgilər də daxil edilib.
Xatırladaq ki, Azərbaycan dilinin xarici ölkələrin nüfuzlu elmi mərkəzlərində tədrisi və Azərbaycanşünaslıq ideyalarının təbliği məqsədilə ilə görülən bu işlər çərçivəsində professor Kamal Abdullanın fransız alimi Mişel Malerblə birgə qələmə aldığı “Azərbaycanca danışaq. Dil və mədəniyyət” adlı kitabı 2008-ci ildə Parisdə dərc olunub.
Kitab Azərbaycan dilinin tədris edildiyi Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun tələbələri, həmçinin ölkəmizin mədəniyyəti, dili və tarixi ilə maraqlanan alimlər, ictimai xadimlər üçün nəzərdə tutulub.
Bu seriyasından olan növbəti kitab 2010-cu ildə rumın dilində, 2011-ci ildə isə Kenessey Mariyanın həmmüəllifliyi ilə macar dilində nəşr olunub. Macar dilində işıq üzü görən “Azərbaycanca danışaq. Ölkə və onun dili” kitabının ön sözünün müəllifi Azərbaycanın bu ölkədəki səfiri, professor Vilayət Quliyev, redaktoru isə məşhur türkoloq Hazay Giorgidir. Bu kitabda Azərbaycan dili ilə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, incəsənəti, o cümlədən Dağlıq Qarabağ həqiqətləri barədə məlumatlar da əksini tapıb. Macar oxucu bu kitab vasitəsilə Azərbaycanın coğrafiyası, iqlimi, daxili və xarici siyasəti, flora və faunası, geoloji strukturu, təbii sərvətləri, xalqımızın milli mənşəyi və s. haqqında ensiklopedik bilgilər də almaq imkanındadır.
Modern.az