Kəndə qəzet aparan poçtalyon var? – Baş redaktorlarla SORĞU

Elektron KİV-lərin sayının artması mətbu nəşrlərin bölgələrdə satışını da ölü duruma gətirib. Sürət əsrində becid informasiya tələbatı qəzetlərin kənd rayonlarında “bazar”dan sıxışdırıb. Modern.az-a açıqlama verən KİV rəhbərləri isə nikbin düşüncədədir.

“525-ci qəzet” in baş redaktoru Rəşad Məcid: “525-ci qəzet” in satışı ilə “Azərmətbuatyayım” şirkəti məşğuldur, o da təcrübəsi olan şirkətdir. Qəzet bölgələrə də “Azərmətbuatyayım” şirkəti vasitəsilə yayılır. Paytaxtla müqayisədə bölgələrdə satış zəifdir. Bunu bizdə qəzetin qiymətinin baha olmasıyla, qəzetlərin bölgərə gec gedib çıxmasıyla və əlbəttə, son vaxtlarda da internetin geniş yayılmasıyla əsaslandırıram”.

“Azadlıq” qəzetinin redaktoru Sucəddin Şərifov: “Qəzetimizin satışı ölkənin hər yerində təşkil olunur. Bölgələrə “Azərmətbuatyayım” şirkəti göndərir, çox az rayon var ki, orada “Qaya”nın köşkləri var. Ümumən, rayonlarda satışın vəziyyəti çox pisdir. Bu tələbatın aşağı olması problemi deyil, yerinə çatdırılması problemidir. Məsələn, Masallı rayonun 200 minə yaxın əhalisi var, amma Masallının rayon mərkəzində, bir qəsəbəsindən başqa, köşk yoxdur. Hansısa ucqar kənddəki sakin əgər qəzet almaq istəyirsə, gərək ən azı bir 50-60 km yol qət etsin. Bu baxımdan ciddi problemlər var. İnternetin mövcudluğu satışın zəif olmasına  müəyyən qədər təsir göstərə bilər, amma böyük təsirdən söhbət gedə bilməz.

Yaş təbəqəsinə görə bölgü var, məsələn, elə olub ki, həftələrlə əsas xəbərləri internetdə verməmişik, amma görürsən ki, onun satışa o qədər də təsiri olmur. Qəzet oxucusu stabildir, xüsusən yaşlı nəsil qəzetdən oxuyur”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Şərq” qəzetinin bölgələrə satışı ancaq dövlət yayım firmaları, əsasən “Azərmətbuatyayım”, “Qaya” şirkətləri və Kaspi Mətbuat Yayımının yerlərdəki şöbələri tərəfindən həyata keçirilir. Bildiyim qədər hər rayona 3-5 civarında qəzet gedir. Satış səviyyəsi paytaxtla müqayisədə əyalətlərdə zəifdir. Səbəbi də odur ki, rayonlarda qəzet köşkləri çox cüzidir. Düzdür, “Azərmətbuatyayım” təzə köşklər qoyur, son dönəmdə müəyyən canlanma var. Təbii ki, rayonlarda satışın zəif olmasına internetin də təsiri var. Artıq rayonlarda da internet əlçatan olub, hətta ucqar kəndlərdə də var”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu: “Yeni Azərbaycan” qəzeti bütün bölgələrə gedib çıxır. Ənənəvi olaraq, qəzetin rayonlara çatdırılması ilə “Azərmətbuatyayım” şirkəti məşğul olub, bu sahədə təcrübəsi var. Bu gün də bu işi davam etdirir. Bəzən “Yeni Azərbaycan” qəzetinə paytaxtdan kənar şəhərlərimizdə paytaxtla müqayisədə tələbat daha çox olur”.

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO