JURNALİST OLMAQ İŞƏ YARAYIRMI? –VII YAZI

Nəzirməmməd Quliyev: “Jurnalist olduğumu biləndə qapı arxasında saxlamayıblar”

QayNar: Jurnalist adından istifadə edib, reketlik edənlərin, bu peşənin verdiyi imtiyazlardan geninə-boluna yararlanıb, istifadə edənlərin sayı yetərincədir. El dilində desək, hərə cibində bir vəsiqə gəzdirir ki, jurnalistəm…
Bəs görəsən jurnalist olmaq həqiqətən əlavə imtiyazlar verirmi? Hər hansı problemlərinin həllində jurnalist olmaları qələm əhlinın dadına çatıbmı?
Bütün bu suallara ölkənin aparıcı mətbu orqanlarının əməkdaşları Qaynar.info-da aydınlıq gətirəcəklər.

Qaynar.info-ya açıqlamasında müstəqil jurnalist Nəzirməmməd Quliyev bildirdi ki, jurnalist fəaliyyəti bəzi hallarda işinə yarayıb: İlk növbədə fürsətdən istifadə edib, jurnalistlərin qayğısına qalan rubrikanızı alqışlayıram. Daim cəmiyyəti düşünən jurnalistlərin özlərinin də problemlərini gündəmə gətirməyiniz çox təqdirəlayiq haldır.
Jurnalistikada bütün fəaliyyətimi maddiyyat üzərində qurmamışam. Hərçənd maddi vəziyyət barədə düşünmədən keçinmək mümkünsüzdür. Amma sizin sualın da təkcə maddi yox, daha çox mənəvi əsasları var. Düşünürəm ki, jurnalistika daha çox mənəvi baxımdan işimə yarayıb. Təkcə ona görə yox ki, ölkənin aparıcı, ziyalı potensialı arasında tanınmağımda böyük rol oynayıb. Həm də jurnalistika vasitəsilə milli-mənəvi dəyərlərimizin yaşaması və inkişafı yolunda az-çox xidmət göstərə bilmişəm və indi də bu istiqamətdə fəaliyyətim davam edir.
Maddi mənada da jurnalistika bəzən işimə yarayıb. Şəxsi problemlərimlə bağlı müraciət etdiyim zaman tanıyanda, biləndə qapı arxasında saxlamayıblar, problemlərimin həllinə çalışıblar. Ancaq bunu daha çox məmur kəsiminin başa düşməyi bacaran hissəsi eləyib. Bürokratlar isə əksinə, jurnalistdən rüşvət ala bilməyəcəklərini anlayıb, asan düzələn işi də çətinləşdirməyə çalışırlar.
Ancaq sonuncular da layiqli cavablarını alandan sonra haqqın yoluna qayıtmağa məcbur olduqlarından, ümumən deyə bilərəm ki, jurnalistika peşəsi işimə yarayıb”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO