Jurnalistər 23 noyabrı “Cəzasızlığa qarşı gün” kimi qeyd edəcəklər

Noyabrın 23-ü dünyada “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kimi qeyd ediləcək. Bu təqvim qlobal miqyasda Jurnalistlərin cinayət motivli təqiblərə məruz qalması, peşə fəaliyyətlərinə görə həyatlarını itirməsi, həmçinin, jurnalistləri hədəf seçənlərin çox vaxt cəzasız qalması ilə əlaqədar olaraq qeyd ediləcək. 23 noyabrın “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kimi qeyd edilməsi təşəbbüsü Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) Asiya-Sakit Okeanı bölgəsi üzrə regional qrumunun təklifi əsasında İFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında qəbul edilib.

Bu tarix 2009-cu ilin noyabrında Filippində 32 jurnalistin və bir o qədər də mülki insanın həyatına son qoymuş Maqindanao qətliamının (Maguindano massacre) ikinci ildönümünü qeyd etmək üçün seçilib.

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, BJF bu ildönümü mərasiminin, bütün dünya ölkələrində öldürülmüş jurnalistləri yad etmək aksiyası qismində keçirilməsində maraqlıdır:
“Çünki, belə yanaşma imkan verir ki, dünyanın əksər ölkələrində jurnalistlərə qarşı istiqamətlənmiş cinayətlərin açılmaması, yaxud, cinayəti törədənlərin cəzasız qalması durumu aradan qaldırılsın, jurnalistlərə qarşı yönəlmiş cinayətlərin müəlliflərinin cəzalandırılması tələbi yüksəlsin”.

Ələsgərli onu da bildirib ki, bu təqvim BJF-nin dünyanın 100 ölkəsində mövcud olan yerli üzv təşkilatları tərəfindən, həmçinin Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX) tərəfindən qeyd ediləcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO