Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to Protect Journalists, CPJ) növbəti hesabatını açıqlayıb. APA-nın məlumatına görə, hesabatda dünyanın müxtəlif ölkələrində ümumilikdə 136 jurnalistin həbsdə olduğu, bu rəqəmin ötən bir ildə 11 nəfər artdığı bildirilir. Komitə Çində 24, İranda 23, Kubada 22 jurnalistin həbsdə olduğunu açıqlayıb. Hesabatda Azərbaycanla bağlı məqamlar da öz əksini tapıb. Hesabat müəllifləri Azərbaycanda 6 müxbir və redaktorun həbsdə olduğunu qeyd ediblər. Bunlar Eynulla Fətullayev, Qənimət Zahid, Sərdar Əlibəyli, Fərəməz Novruzoğlu, bloqqerlər Emin Milli və Adnan Hacızadədir. Hesabatda bildirilir ki, 2009-ci ildə həbsxanalara salınan internet media təmsilçilərinin, bloqqerlərin, stringerlərin sayında artım müşahidə olunub.