Türk Dünyası jurnalistləri Fəxri və Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər
“Qafqazinfo” xəbər verir ki, “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan 4 Türk dövlətdən və 8 türk muxtar respublikaları və toplumlarından gəlmiş18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçısı bu gün millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının müşayiəti ilə ilk öncə Fəxri Xiyabanda olmuş və ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarlarını ziyarət edib və ruhuna dualar oxuyublar. Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edib. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törətdiyi qətliamlar, soyqırımlar, vandalizm aktları barədə geniş məlumat vermişlər. Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət etmişlər. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva qonaqlara onlarla bağlı ətraflı məlumat verib.
Sonra türk jurnalistləri Bakı Türk Şəhidliyini ziyarət edib. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı qonaqlara 20-ci əsrin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu, 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımlar, qətliamlar, Qafqaz İslam Ordusunun Bakının erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumat verdilər və Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı olduğunu bildirib.
Qeyd edək ki, 4 Türk dövlətdən və 8 türk muxtar respublikaları və toplumlarından gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçısı Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın bölgələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) də səfər edəcək, yerli ictimaiyyət nüma-yəndələri ilə görüşlər keçirəcəklər.