Jurnalistlər üçün yeni müsabiqə elan edilib

Dövlət Neft Fondu jurnalistlər üçün “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) və Azərbaycan” adlı ən yaxşı analitik məqalə müsabiqəsi élan edib.

Müsabiqənin mükafatları aşağıdakı yerlərə uyğun müəyyənləşdirilib:

1-ci yer – 1000 manat
2-ci yer – 700 manat
3-cü yer – 300 manat

Müsabiqənin şərtləri:

Analitik məqalənin mövzusu Azərbaycanda MHŞT-nin fəaliyyət istiqamətlərini əhatə etməlidir.

Müsabiqədə iştirak etmək istəyən şəxs jurnalistika sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmalı və yerli kütləvi informasiya vasitəsinin (KİV) əməkdaşı olmalıdır.

Müsabiqənin iştirakçıları aşağıdakı sənədləri 2012-ci il 15 fevral tarixinədək hər iş günü 10:00-dan 18:00-dək Neft Fonduna təqdim edə bilər:

1. www.oilfund.az internet səhifəsindəki “Mətbuat guşəsi” bölümündən əldə edilərək doldurulmuş ərizə forması;
2. KİV-in əməkdaşı olduğunu təsdiq edən sənəd;
3. Müəllifi olduğu materialın 2011-ci il 17 noyabr tarixindən 2012-ci il 10 fevral tarixinədək olan müddət ərzində dərc olunduğu yerli və ya xarici qəzet və ya jurnalın nüsxəsi.

Müsabiqəyə təqdim olunan məqalələrin dərc olunduğu sütunda “Bu məqalə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən elan edilən “MHŞT və Azərbaycan” adlı ən yaxşı analitik məqalə” jurnalist müsabiqəsinə təqdim olunur” cümləsi qeyd edilməlidir.

Müsabiqənin nəticələri 2011-ci il 15 fevral tarixindən sonra açıqlanacaqdır.

Münsiflər Heyətinə aşağıdakı şəxslər daxildir:

Feyzulla Muradov – Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdir müavini;

Mehriban Vəzir – yazıçı-publisist, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü;

Nizaməddin Quliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO