Müxtəlif təşkilatların jurnalistlər üçün müsabiqə elan etmələri artıq ənənə halını alıb. Belə müsabiqələrin keçirilməsində məqsəd aparılan araşdırmalar nəticəsində müxtəlif sahələrə dair məlumatları cəmiyyətə çatdırmaq və cəmiyyətin diqqətini aktual məsələlərə yönəltməkdir. Bütün bunların müqabilində müsabiqədə iştirak edən jurnalistlərə müxtəlif səviyyədə mükafatlar, hədiyyələr, diplomlar verirlər.
Lakin çox hallarda belə müsabiqələrin nəticələri jurnalistlər tərəfindən birmənalı qarşılanmır və narazılığa səbəb olur. Modern.az bununla bağlı jurnalistlər arasında sorğu keçirib. Beləliklə, sualımız belədir: “Siz müsabiqələrin nəticələrini obyektiv hesab edirsinizmi?”
“Mərkəz” qəzetinin redaktoru Nicat Sadıqlı: “Mən əvvəllər müsabiqələrdə daha çox iştirak etmişəm. Birmənalı şəkildə desəm ki, müsabiqələr obyektiv keçirilir, əlbəttə ki, bu düz çıxmaz. Necə deyərlər, göz gördüyündən qorxar. Mən müsabiqələrdə çox haqsızlıqlar görmüşəm. Ancaq bəzi müsabiqələrin ədalətli keçirildiyinin də şahidi olmuşam. Bu müsabiqələr ona görə obyektiv olub ki, oradakı münsiflər tanınmış yazıçılar, jurnalistlər olub. Yəni yazılara vicdanlı insanlar qiymət verib. Ümumiyyətlə, müsabiqələri bütövlükdə götürdükdə obyektivlik qorunmur”.
“Üç nöqtə” qəzetinin redaktoru Pünhan Əfəndiyev: “Sözün düzü, müsabiqələrə məndən çox yazı verən yoxdur. Ancaq obyektivlik görməmişəm. Müsabiqələr birinci dəfə keçiriləndə 100% obyektivlik olur. Amma 3-4-cü mərhələlərdə müsabiqə keçirən ya öz yaxın adamlarını, ya da tapşırıqla kimisə qalib seçir. Ona görə də mən tam razı deyiləm”.
“525-ci qəzet”in əməkdaşı Bəxtiyar Məmmədli: “Müsabiqələrin obyektivliyinə həm inanıram, həm də inanmıram. Bu bəlkə də söz oyununa bənzəyir, amma bir həqiqət var ki, yazıların qiymətləndirilməsində münsiflərin subyektiv yanaşmaları özünü az da olsa göstərir. Bötövlükdə jurnalist təşkilatlarının keçirdiyi müsabiqələrə münasibətim yaxşı deyil. Özü də bu müsabiqələrdə birbaşa pul təklif olunursa, bunu jurnalistlərin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə keçirildiyini söyləsələr belə, hər halda media əhlinə balıq tutmağı öyrətsələr, daha səmərəli olar. Özüm indiyədək bir neçə müsabiqədə iştirak etmişəm. Onların bir neçəsində obyektivlik qismən təmin olunub”.
“Şərq” qəzetinin əməkdaşı Vüsalə Rafiqqızı: “Mən müsabiqələrə qətiyyən inanmıram. 12 ildi mətbuatdayam, ancaq obyektiv keçirilən müsabiqənin şahidi olmamışam. Çünki media qurumlarının rəhbərləri münsiflər heyətində təmsil olunur. O zaman da həmin rəhbər çalışır ki, öz təmsil etdiyi qurumu qalib elan etsin. Mən əvvəllər müsabiqələrə yazı verməkdə maraqlı idim. Sonradan gördüm ki, hamı öz tanışını irəli çəkir. Hətta bir dəfə müsabiqəyə təqdim edəcəyim yazını mütəxəssislərə göstərmişdim. Onlar yaxşı yazı olduğunu desələr də, mən müsabiqədən kənarda qaldım. Bir də ki, bir çox hallarda münsiflər heyətinin tam tərkibi açıqlanmır. Bəlkə də həmin münsiflər heç jurnalistin yazısına qiymət verməkdə professional deyillər. Ona görə də düşünürəm ki, əvvəlcə münsiflər heyəti formalaşdırılmalı və onların adları jurnalistlərə açıqlandıqdan sonra müsabiqə elan edilməlidir”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Həbibə Abdulla: “Sıx-sıx olmasa da, hərdən müəyyən mövzularla bağlı keçirilən müsabiqələrdə iştirak etmişəm. Ancaq bütövlükdə müsabiqələrin obyektivliyinə inanmıram. Buna aid bir çox nümunələr var. Misalçün, keçən ilin noyabrında elan edilən müsabiqənin nəticəsini hələ də gözləyirəm. Bir də ki, müsabiqə yazılarını qiymətləndirəcək münsiflər heyəti bəri başdan açıqlansa daha yaxşı olar. Kimlərin obyektiv qərar verəcəyi aydınlaşar. Amma müsabiqə başa çatdıqdan sonra münsiflərin adları bilinir. Bu zaman da jurnalistlərin əksəriyyəti, elə mən özüm də həmin müsabiqəyə yazı verdiyimizə təəssüf edirik. Belə hallar çox olub”.
“Media forum” saytının redaktoru İsmayıl İsmayılov: “Mən kifayət qədər çox müsabiqələrdə iştirak etmişəm. Belə hesab edirəm ki, bir müsabiqə ilə digəri arasında fərq var. Bəzilərində müəyyən dərəcədə obyektivlik olur. Ancaq çox nadir hallarda müsabiqələr tam obyektiv ola bilər. Bakı dar məkandı. Jurnalistlərin də sayı çoxdur. Bu baxımdan keçirilən müsabiqələr barəsində söz-söhbətlər də kifayət qədərdi. Bəzən mənim də müsabiqələrdən razı və narazı qaldığım hallar olub. Ümumiyyətlə müsabiqələrlə bağlı pərdəarxası söhbətlər çox olur”.
“Lent.az” saytının əməkdaşı Elxan Salahov: “Yerli donorların keçirdiyi müsabiqələrə böyük şübhə ilə yanaşıram. Ona görə ki, burada subyektiv amillər var. Tutaq ki, mədəniyyət sahəsinə aid müsabiqə keçirilirsə, həmin müsabiqədəki münsiflər heyəti mədəniyyət sahəsində çalışanlar olmur. Mən KİV-ə Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrə ümumiyyətlə, inanmıram. Çünki qaydalar elədir ki, həmişə eyni jurnalistlər və eyni mətbu orqanları qalib gəlir. Bir də ki, müsabiqələrdə şəxsi münasibətlər, yəni üzdən tanıma jurnalistin peşəkarlığından üstün tutulur. Əgər münsiflər bir jurnalistin sadəcə imzasını tanıyırsa, digəri ilə şəxsi münasibəti varsa, əlbəttə qalib ikinci qalib olacaq. Hətta onun yazısı aşağı səviyyədə yazılsa belə. Mən indiyə kimi çox müsabiqələrdə iştirak etmişəm. Ancaq qalib gəldiyim müsabiqələrdə də tam mənada obyektivlik hiss olunmayıb”.
“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova : “Baxır müsabiqəni kim və hansı təşkilat keçirir. Bəzi müsabiqələr obyektiv olur. Mən çox müsabiqədə iştirak etmişəm. Qalib gəldiyim müsabiqələrin əksəriyyəti obyektiv keçirilib. Bilirsiz, heç bir uğur birmənalı qarşılanmır”.
“Olaylar” qəzetinin əməkdaşı Samir Güləliyev: “Qətiyyən inanmıram. Çünki bütün müsabiqələr tapşırıqla öz işini görür. Mən hardasa 5-6 müsabiqədə iştirak etmişəm. Heç vaxt vicdanlı qərar görməmişəm. Elə mənim özüm də tapşırıqla qalib elan edilmişəm”.
“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ülviyyə Şamilqızı: “Cəmi iki dəfə müsabiqəyə qatılmışam. Hər ikisində də qalib gəlmişəm. Məncə həmin müsabiqələr obyektiv keçirilib. Ancaq bu obyektivlik bütün müsabiqələrdə olmur. Nəyəsə görə baxırsan ki, birinci yerin qalibinin yazısı kənarda qalanınkından qat-qat aşağı yazılıb”.
Müstəqil jurnalist Aynur Elgünəş: “Bütün müsabiqələrdə subeyktivlk var. Hər kəs öz mövqeyini ortaya qoyur. Müsabiqələrdə daha çox şəxsi münasibətlərə yer verirlər. Açıq Cəmiyyət İnsitutu bu yaxınlarda araşdırma yazılarla bağlı müsabiqə keçirdi. Mən müsabiqəyə təqdim olunan bütün yazıları diqqətlə oxudum. Əslində müsabiqədə Aytən Fərhadova, Fərəh Sabirqızı, Saədət Akifqızının yazıları yer tutmalı idi. Amma onlardan yalnız Səadət Akifqızı 1-ci yeri tutdu. Çox təəssüf ki, digərləri seçilmədi. Bu baxımından hesab edirəm ki, bu müsabiqə tənqid olunmalıdır. Çünki, müsabiqədə qeyri-obyektivlik oldu və kiminsə şəxsi münasibəti üstün tutuldu. Fikirmcə əksər müsabiqələrdə tapşırıq əsas rol oynayır”.
Modern.az saytının əməkdaşı Fərəh Sabirqızı: “Bəzən hansısa müsabiqələrdə qeyri-obyektivliklə bağlı şübhələr yaranır. Məsələn, hansısa qurum yazı müsabiqəsi elan edir. Əvvəlcədən ehtimal edirsən ki, filan-filan jurnalistlər burda qalib çıxacaq. Çox vaxt da ehtimallar 70-80 faiz özünü doğruldur. Amma bunu ucdantutma müsabiqələrin hamısına aid etmək haqsızlıq olardı. Çox müşahidə etmişəm ki, hansısa qələm sahibi nəticələrdən narazı qalsa belə, münsiflərin kimliyini biləndən sonra heç bir irad səsləndirmir. Çünki bu şəxslərin obyektivliyinə, tərəfsizliyinə inanır. Kaş, məhz bu cür müsabiqələrin sayı daha çox olardı. Bəzən müsabiqə keçirənlər bir sıra şərtləri pozmaqla da KİV nümayəndələrinin qəzəbinə tuş gəlirlər. Məsələn, münsiflər elə təşkilatçıların özləri olur, yaxud münsiflər heyətinə daxil olanlar arasında jurnalist olmur, ora sırf müsabiqə elan edilən sahə üzrə mütəxəssislər daxil edilir və s”.