Ya zəlzələdən ya vəlvələdən “reket jurnalistikası” sözü leksionumuzdadır. Adı reketçilikdə hallanan o qədər əcaib qəzet adları eşidirik ki, bəzən fikirləşirsən, bütün bunların jurnalistikaya nə dəxli var? Əgər bu qəzet satılmırsa, ictimai rəyə təsir imkanları sıfıra bərabərdirsə, onun yazdıqlarından əndişələnməyə nə ehtiyac ehtiyac var? Digər tərəfdən öz işində, əməlində şəffaf olan şəxs nədən narahat olmalıdır.
Tanınmış telejurnalist Qulu Məhərrəmlinin “525-ci qəzet”ə müsahibəsi zamanı reket jurnalistikası və ümumilikdə medianın problemləri ilə bağlı fikirləri maraqlıdır. Onun fikrincə, “mətbuatda reket məsələsi jurnalistikanın deyil, cəmiyyətin və ictimai əxlaqın problemidir. Yəni bəzi insanlar mətbuatı bir dolanışıq vasitəsi kimi görürlər”. Gerçəkdən bu yalnız medianın problemi deyil, həmçinin cəmiyyəti düşündürməli olan məsələdir.
Reket jurnalistikasından təkcə imkanlı şəxslər, şantaja məruz qalan insanlar deyil, həmçinin azdan -çoxdan müstəqilliyini qoruyan, bütün təbəqələrlə normal münasibətdə olan, ən əsası obyektiv informasiya çatdıran mətbuat zərər çəkdi. Belə fəaliyyətlə məşğul olan şəxslərin mətbuata dəxli olmasa da, jurnalistikada mənfi imic formalaşdırdılar. Bəzən belə qənaətə gəlmək olar ki, “reket jurnalistikası” geniş şəbəkə formasındadır və bu sahə yüksək səviyyədə himayə olunur.
Zaman keçdikcə, bu problem çözüləcək ancaq əsas məsələ ondadır ki, jurnalistikaya dəyən zərbənin təsiri hələ uzun zaman hiss olunacaq. Təbii ki, belə xoşagəlməz qəzetçilik ənənələri ümumilikdə jurnalistikanın dəyərsizləşməsinə təsir göstərdi. Digər tərəfdən media ilə cəmiyyətin bir çox təbəqələri arasında psixoloji baryer yarandı. Bu xoşagəlməzliklər həmçinin müxtəlif mənbələrdən informasiya almaq istəyən jurnalistlərin işini çətinə saldı. İnformasiyanı verməyə borclu olan bəzi şəxslər düşünür ki, hər məlumat almaq istəyən media təmsilçisinin umacağı var. Bu mənfi tendensiya təəssüf ki, dərinləşib.
Vaxtında münbit şəraitdən, “KİV haqqında” qanunun liberallığından pis mənada faydalanan bəzi şəxslər qəzet qeydiyyatdan keçirib belə “ jurnalistikanı” çiçəkləndirməyə nail oldular. Hüquqda bir var xəta, bir də var cinayət. Qanuna görə, xətada müəyyən məbləğdə cərimələrin ödənilməsi nəzərdə tutulur. Cinayətdə isə hadisənin törədilməsindən, dəymiş zərərin dərəcəsindən asılı olaraq məsələ mürəkkəbləşir, məsuliyyət artır.
“Reket qəzetlər”in fəaliyyətinə, coğrafiyasına nəzər saldıqda aydın görünür ki, bütün bunlar cinayətə daha çox oxşayır. Əgər cinayət faktı mövcuddursa, onda qanun çərçivəsində cəza mütləq tətbiq olunmalıdır. Deməli, qanunsuz fəaliyyətlə məşğul olan belə şəxslərin məsələsi qanun çərçivəsində hüquq mühafizə orqanları tərəfindən həll olunmalıdır.
Əvvəl ki, illərdə Milli Məclisdə “KİV haqqında” qanuna bəzi dəyişikliyin edilməsindən narazı qalanlar oldu. Mətbuatın mövcud durumuna nəzər salsaq həmin dəyişiklik “reket qəzetlər”in ən azından qanunla məhdudlaşmasına təsir göstərə bilərdi.
Reketçiliyin qarşısının alınmasında ictimai qınaq yaxşı təcrübədir. Ancaq şaxələnmiş və dərinləşmiş hüquqpozmalarının aradan qaldırılmasında o qədər də effektli vasitə sayıla bilməz. Deməli, jurnalistikada “reketçiliyi” ictimai qınaqla və yaxud maarifləndirmə işi aparmaqla azaltmaq mümkün deyil. Bu məsələdə kompleks yanaşma tələb olunur. İctimai qınaqla, maarifləndirmə işi ilə bərabər cəmiyyətdə daxili saflaşma, iqtisadi şəffaflıq işi güclənməlidir. Çünki media cəmiyyətin tərkib hissəsidir .
Müşahidələr göstərir ki, mətbuata açıq olan səlahiyyətli şəxslərin fəaliyyətləri şəffafdır və daha yaxşı işləyirlər. Deməli, “reket jurnalistikası”ndan qurtulmağın mühüm variantlardan biri açıq cəmiyyətin mahiyyətinin genişlənməsindən ibarətdir Bu gün dünyada normal cəmiyyətlərin qazandığı ən böyük dəyərlərdən biridə ictimai nəzarət və şəffaf idarəetmə sistemləridir. Şəffaflıq yalnız hər hansı beynəlxalq təşkilata və yaxud dövlətin üzərinə götürdüyü öhdəliyə görə olmur. Burada əsas prinsip insana dəyər verilməsindən, onun sosial hüququnun ədalətli tanınmasından və cəmiyyətin diqtə etdiyi şəffaf idarəetmə sisteminin oturuşmasından başlayır.
Kimin necə istəməsindən, düşünməsindən asılı olmayaraq, media azad rəqabət prinsipi ilə bazara işləməlidir.
Bəzi insanlar medianı heç vəclə biznes sahəsi kimi qəbul etmək istəmirlər. Düşünürlər ki, jurnalistika gəlir yeri kimi baxmaq düzgün deyil. Onların əsas arqumenti odur ki, media biznesə çevrilsə mənəvi dəyərlər itəcək. Əslində müstəqil KİV-lər öz bazarını qurub oradan təmiz gəlir götürdükcə jurnalistikada dəyərlər daha yaxşı qorunar, reketçilik və digər problemlər tədricən aradan qalxar. Deməli, bir çox sahələrin o cümlədən medianın inkişafı şəffaf iqtisadiyyatdakı ədalətli rəqabətdən asılıdır.
Çox vacib bir məqamı da anlamaq lazımdır ki, jurnalistin maddi sıxıntı içərisində yaşaması təhlükəli tendensiyalara çevrilə bilər. Dünyanın nəhəng media maqnatlarının gəlirləri iqtisadiyyatın digər sahələrindən əldə olunan mənfəətdən az deyil. Bəs Azərbaycanda mediaya şəffaf şəkildə investisiya qoyan, onun probleminə yardımçı ola biləcək sahibkarlar niyə yoxdur? Problem oradan qaynaqlanır ki, Azərbaycanda KİV-ə kapital qoyuluşu şəffaf aparılmır. Bəzi iş adamları milli dəyərləri qoruyan mətbuata deyil, səhnəyə yarımçılpaq çıxan ifaçılara daha həvəslə pul ayırırlar.
Reketçiliyi medianın əsas problemi kimi təqdim etmək yanlış olardı. Bu gün KİV-in inkişafını ləngidən məqamlardan biri iqtisadi faktordur. Maliyyə sıxıntısı halal jurnalistika ilə məşğul olan yazar üçün ciddi məsələdir. Dəfələrlə bu fikir səslənib, jurnalist yalnız sosial varlıq deyil, həm də, bioloji varlıqdır. Ona görə də mediada şəffaflıq yaratmaq və peşəkarlığı artırmaq üçün jurnalistin sosial hüququ daha yaxşı təmin edilməlidir. Təəssüf ki, Azərbaycanın media sistemində həmkarlar institutunun fəaliyyəti hiss olunmur.