Jurnalist-yol polisi: “Ötən ay 487 manat cərimə ödəmişəm, bu ay ondan çox olacaq” – Maraqlı ƏHVALATLAR

Bütün sürücülər kimi, avtomobili olan jurnalistlərlə də yol polisi arasında hər zaman müxtəlif hadisələr baş verir. Bu hadisələr sırasına onları əsəbləşdirən, xatırlamaq istəmədikləri, bəzən də gülməli, maraqlı əhvalatlar daxildir. 

Modern.az sürücü-jurnalistlərlə yol polisi arasında yaşanan olaylar haqda birinciləri danışdırıb. 

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli: “Yol polisləri ilə bağlı başıma o qədər əhvalat gəlib ki. Ən maraqlısı 4 il öncə olmuşdu. Sumqayıt yolunda yol polisləri maşınımı saxladılar. Sənədlərimi təqdim etmək istəyəndə polis əməkdaşı dedi ki, “müəllim, sənəd üçün saxlatmamışam, eynəkli olduğunuz üçün saxlatdım, ziyalıya oxşadınız, bəlkə maşınınızda qələm ola, protokol yazmağa maşın saxlatmışam, qələmim yazmır”. Mən də dedim ki, daha biz qələmlə yazmırıq, klaviatura ilə yazırıq”. Dedi “yaxşı yol”.

Bir dəfə də gecə yol gedəndə gördüm bir maşın arxadan mənə yaxınlaşır, yəni ötüb keçmək istəyir, mən də sürəti artırmağa, onunla ötüşməyə başladım. Sürəti 150-yə qaldıranda arxadan məni ötmək istəyən maşın sirena verməyə başladı. Baxdım ki, həmin maşının üstündə sarı işıqlar yanıb-sönür. Sən demə, ötüşməyə başladığım yol polisi imiş, saxladıb 40 manat cərimə etdilər, buraxdılar” .

“Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı: “Keçən ay 20 nömrəli məktəbin qarşısında maşını saxlayıb uşağı dərsdən götürməyə getdik. Heç iki dəqiqə çəkmədi, geri qayıdanda gördüm, maşını evakuator aparır. Taksiyə minib oğlumla birlikdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı cərimə meydançasına getdik. Maşını aparan polisdən soruşdum ki, “niyə aparırsan”, dedi, “orada maşın saxlamaq olmaz”. Soruşuram ki, axı orada dayanma-durmanı qadağan edən yol nişanı yoxdur. Dedi, “var, orada yazılıb ki, “Diqqət məktəb”. Bu adama başa salıram ki, “Diqqət məktəb” nişanına görə maşın aparmaq olmaz. Başladı söhbəti dəyişməyə ki, yolun kənarında sarı xətt var, ona görə də maşın saxlamaq olmaz. Mən də ona qanundan sitat gətirdim ki, o sarı xətt dayanma-durmanı qadağan nişanı ilə birlikdə tətbiq olunanda maşın saxlamaq olmaz. Amma elə-belə sarı xətt heç nəyi qadağan etmir. Bir az keçdi, polis qayıdıb mənə dedi ki, “bəs, asfaltın üstündə piyada keçidi var, maşını onun üstündə saxlamışdın, ona görə apardıq”. Mən də ona başa saldım ki, o ərazidəki artıq yeraltı piyada keçidi tikilib, ona görə də yerüstü zolaq əhəmiyyətini itirir. İkincisi də, o artıq silinib, qıraq-bucaqda bir-iki yerdə izi qalıb. 
Cərimə meydançasının rəisi də, maşını aparan polis də dirəndilər ki, orda maşın saxlamaq olmaz, vəssalam. Mən də eləmədim tənbəllik, ağzıma gələni deyib, 40 manat da atdım stolun üstünə, maşını götürüb getdim. Onlara yaxşı dərs verərdim, sadəcə uşaq ağladı, qorxdu. Dedi, “ata, maşını götür, gedək evə, qorxuram”. Axırda cərimə meydançasının işçiləri mənə nömrə verdilər ki, bundan sonra harada maşın saxlasan, bizə zəng elə, ora evakuator göndərməyək. Mən tərbiyəsizliyin və qanunlara məhəl qoymamağın ən yüksək formasını həmin cərimə meydançasında gördüm”.

“Azərfaks.az” saytının baş redaktoru Nicat Dağlar: “Bir neçə il bundan qabaq Gəncədən qayıdırdım, Ağsu aşırımı istiqaməti ilə Bakıya gəlirdim. Həmin aşırımı düşəndən sonra qarşıda əlində zolaqlı jezl və mobil telefon olan bir polis əməkdaşı gördüm. Telefonla danışa-danışa mənə əl etdi ki, saxla. Mən təəccübləndim. Hər halda telefonla danışır, eyni zamanda da maşın saxlatmaq istəyir. Nə isə, maşını saxladım və polis elə danışa-danışa da mənə yaxınlaşdı. Maşından düşməmişdim. O, telefonu qulağından götürüb mənə dedi ki, “xahiş edirəm, sizə bir sualım var, ona cavab verə bilərsiniz: Qızım bu dəqiqə imtahan verir, ona bir sual düşüb, zəng edib məndən soruşur. Bayaqdan nə qədər maşın saxlatmışam, heç kəs bilməyib. Xahiş edirəm, bəlkə siz biləsiniz, Səməd Vurğunun soyadı nədir? Dedim ki, Vəkilov. O da eyni cavabı telefonla qızına dedi, “Vəkilov, qızım, Vəkilov”. Mənə çox böyük bir minnətdarlıq bildirərək yola saldı”.

“Aznews.az”ın baş redaktoru Elçin Zahiroğlu: “Beş il sürücülük vəsiqəm olmadan avtomobil idarə etmişəm. Heç vaxt polislə problemim olmayıb, cərimə olunmamışam, rüşvət verməmişəm. Polislə rahat dil tapırdım. Yəqin, ona görə ki, hər ikimiz qanunu pozurduq: o, rüşvət umduğu, mənsə sənədsiz maşın sürdüyümçün qanunu pozurduq. Buna görə söhbətimiz alınırdı və məni saxlayan kimi düşüb xeyli söhbət edirdim, axırda xoşluqla ayrılırdıq. İndi isə fərqli mənzərə var. Polislə ümumiyyətlə danışmıram. Saxlayan kimi sənədlərimi təqdim edirəm, onlar da dərhal yazırlar. Əvvəlkindən fərqli olaraq bütün sənədlərim qaydasındadır. Polisinsə çörəyi yazdığı protokoldan çıxır. Biz yazıya həssas olduğumuzdan onun bu əməlinə heç cür etiraz edə bilmərik… Buna görə də mənə demək olar ki, hər gün protokol tərtib olunur. Polis sanki kabus kimi dalımca dolaşır. Mən hardayamsa polis də ordadır. Mənə protokolların əksəriyyəti ya təhlükəsizlik kəmərindən istifadə etməməyimə, ya da telefonla danışdığıma görə tərtib olunur. Hər ay xeyli cərimə ödəyirəm. Ötən ay 487 manat ödəmişəm. Bu ay da yəqin, bir o qədər olar. Cərimələri vaxtında ödəmirəm, ona görə, cərimələrin üstünə faiz gəlir… Qanun işləyirsə, o əleyhinə olsa belə, adamı çox incitmir…”.

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı: “Bir dəfə mənim avtomobilimi Kamran adlı dostum sürürdü, “Azadlıq prospekti” metrostansiyasının həndəvərində yaşıl işıqda keçməyə gecikdik, sarıda, bəlkə də qırmızıda keçdik. Bir DYP əməkdaşı bizi saxlatdı. Sənədimə baxdı. Birdən dönüb dedi, rayonun hansı kəndindənsən? Dedim. Anamın rəhmətə getmiş müəllim əmisioğlunun adını çəkdi, soruşdu onu tanıyırammı… Dedim, anamın əmisioğludur, rəhmətə gedib. Sifətinin ifadəsi dəyişdi, sənədləri özümə qaytardı, “gedə bilərsən” – dedi. Sonradan öyrəndim ki, o, vaxtilə həmin müəllimin şagirdi olub”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO